Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan  Respublikası Prezidentinin  2014-cü il 2 aprel  tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 10.2.4-cü yarımbəndinə uyğun olaraq dövlət orqanlarında elektron sənəd dövriyyəsinin və vətəndaşların müraciətləri üzrə kargüzarlığın elektron formada aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi (bundan sonra - informasiya sistemi) yaradılsın. 

2. “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən  istifadə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

3.1.Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin  yaradılmasını  və  2015-ci il iyulun 1-dək tətbiq olunmasını təmin etsin;

3.2.informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə  yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən  istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etsin;

3.3.informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etsin.

4. Yerli icra hakimiyyəti orqanları:

4.1.informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin,  tamlığının  və etibarlılığının  təmin edilməsi üçün tədbirlər görsünlər;

4.2.informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin etsinlər;

4.3. informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi:

5.1.informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin etsin;

5.2.Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və  proqram təminatına dəstəyi təmin etsin.

6. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:

6.1. yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

6.2. informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görsün.

7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanın icrasına nəzarəti həyata keçirsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında