Şriftin ölçüsü:
14.09.2010 07:59 | Oxunma sayı: 894
Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosedurunun nizama salınması məqsədi ilə qərara alıram:
1. "Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 805 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №8, maddə 713; 2009-cu il, №7, maddə 532) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1.1. 4.4-cü bənd çıxarılsın;
1.2. 5.1.1-ci və 5.1.2-ci bəndlər müvafiq olaraq 5.1.2-ci və 5.1.3-cü bəndlər hesab edilsin, aşağıdakı məzmunda 5.1.1-ci bənd əlavə edilsin:
"5.1.1. 14-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;";
1.3. 5.1.3-cü bənddən "və 14-cü maddəsinin birinci hissəsində" sözləri çıxarılsın.
2. Müəyyən edilsin ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər:
2.1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda;
2.2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə;
2.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə;
2.4. xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə;
2.5. fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə;
2.6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
3. "Viza alınması üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etdiyi halların müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli 40 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki:
5.1. vizaların rəsmiləşdirilməsi prosedurunda edilmiş dəyişikliklər barədə xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;
5.2. bu fərmanın 2-ci bəndində nəzərdə tutulmuş rəsmi dəvətlərin qeydiyyatının aparılmasını təmin etsin.
6. Bu fərman 2010-cu il oktyabrın 15-dən qüvvəyə minir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2010-cu il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.