Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının  təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində iş aparılır.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində bir istiqamət də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir;

1.2. sənaye məhəllələrinin yaradılması haqqında qərarı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir;

1.3. sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;

1.4. sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan  Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

4.1. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər;

4.2. bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2014-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında