Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün “elektron kənd təsərrüfatı” informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görsün;
2.6. heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.7. qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.8. Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.9. aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.10. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görsün;
2.11. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etsin.
5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində:
5.1. kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin;
6.1.3. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.4. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.5. kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.6. kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.7. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. bu fərmanın 2.2-ci bəndində nəzərdə tutulan “elektron kənd təsərrüfatı” informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını təmin etmək məqsədi ilə “elektron kənd təsərrüfatı” informasiya sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən etsin;
6.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2014-cü il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.