Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli fərmanı ilə təsdiq edilmişdir

{nl}

I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
1.2. Daşınmaz əmlakın vahid dövlət kadastrı kadastr uçotuna alınmış daşınmaz əmlaka dair məlumatların, sənədlərin, xəritə materiallarının sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemidir.
1.3. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qanunvericiliklə müəyyən edilmiş daşınmaz əmlak obyektlərinin daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilmiş göstəricilərlə mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir.
1.4. Daşınmaz əmlakın vahid dövlət kadastrının obyekti Azərbaycan Respublikasının ərazisində yerləşən bütün daşınmaz əmlakdır.
1.5. Daşınmaz əmlakın vahid dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir.
1.6. Daşınmaz əmlakın vahid dövlət kadastrı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən tərtib edilir və aparılır.
1.7. Daşınmaz əmlak obyektlərinə dair kadastr işləri daşınmaz əmlak obyektlərinin mülkiyyət mənsubiyyətindən, kadastrın aparılmasını zəruri edən digər hallardan asılı olaraq dövlət büdcəsi, fiziki və hüquqi şəxslərin ianələri, habelə digər qanuni mənbələr hesabına həyata keçirilə bilər.
1.8. Daşınmaz əmlak obyektlərinə dair kadastr işlərinin aparılmasına Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən olunmuş qaydalarla özəl qurumlar cəlb edilə bilər.
1.9. Daşınmaz əmlakın kadastr uçotuna alınması hüquqların qeydiyyatı üçün əsas hesab edilmir.
1.10. Daşınmaz əmlakın texniki inventarlaşdırılması işləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilən qaydalarla həyata keçirilir.
II. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri
2.1. daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır:
2.1.1. daşınmaz əmlakın vahid dövlət kadastrının Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməsi;
2.1.2. daşınmaz əmlakın vahid dövlət kadastrının vahid sistem üzrə aparılması;
2.1.3. daşınmaz əmlakın vahid dövlət kadastrının məlumatlarının tam və obyektiv olması;
2.1.4. qanunla əldə edilməsi məhdudlaşdırılan məlumatlar istisna olmaqla kadastr məlumatlarının açıq olması;
2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması.
III. Daşınmaz əmlakın vahid dövlət kadastrının strukturu
3.1. Daşınmaz əmlakın vahid dövlət kadastrının strukturu kadastr planından, kadastr qovluğundan və məlumatların uçotu sistemindən ibarətdir.
3.2. Kadastr planında qrafik və yazılı formada daşınmaz əmlak obyektlərinin sərhədləri, əsas uçot göstəriciləri və ərazinin infrastrukturu əks etdirilir.
3.3. Kadastr qovluğu hər bir daşınmaz əmlak obyekti üçün açılır, qovluğun nömrəsi həmin obyektə verilmiş kadastr nömrəsi ilə eyniləşdirilir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə kadastr qovluğunda saxlanılan məlumatlar çap olunmuş şəkildə saxlanılır.
3.4. Daşınmaz əmlakın vahid dövlət kadastr uçotunun həyata keçirilməsi və daşınmaz əmlak obyektinə kadastr nömrəsi verilməsi məqsədi ilə dövlət torpaq kadastrının məlumatları nəzərə alınmaqla Azərbaycan Respublikası ərazisinin kadastr bölgüsü aparılır.
3.5. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi olan ünvan reyestrinin aparılması qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.
IV. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması mərhələləri
4.1. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
4.1.1. daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdırma işlərinin aparılması;
4.1.2. vahid dövlət kadastr uçotu işlərinin həyata keçirilməsi;
4.1.3. daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması.
V. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizənin verilməsi və ilkin araşdırma işlərinin aparılması
5.1. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması barədə ərizə hüquq sahibi və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş etibarnamə əsasında onu təmsil edən şəxs tərəfindən verilir.
5.1.1. ərizədə ərizəçinin adı, soyadı, atasının adı və ünvanı, hüquqi şəxsin isə tam adı və ünvanı göstərilir;
5.1.2. ərizəyə hüquq sahibinin şəxsiyyətini (hüquqi şəxs olduqda dövlət qeydiyyatını) təsdiq edən sənədin surəti və daşınmaz əmlak obyekti üzərində hüququn əldə edilməsini (mövcudluğunu) təsdiq edən sənədin əsli əlavə olunur;
5.1.3. ərizə iki nüsxədə verilir. Ərizənin bir nüsxəsi onun qəbul edilməsi qeydi ilə ona müvafiq hüququ verən sənədlərin əsli ilə birlikdə ərizəçiyə qaytarılır;
5.1.4. ərizə qəbul edildikdən sonra 5 gün müddətində daxil olmuş sənədlərdə göstərilən məlumatın daşınmaz əmlakın vahid dövlət kadastrında saxlanılan məlumata uyğunluğunu müəyyən etmək məqsədi ilə ilkin araşdırma aparılır. Uyğunluğu müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir;
5.1.5. ilkin araşdırmanın nəticələrindən asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət kadastr uçotuna alınması ilə bağlı müvafiq işlər həyata keçirilir;
5.1.6. daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınması və bununla bağlı müvafiq kadastr işləri müqavilə əsasında aparılır;
5.1.7. kadastr işlərinə görə xidmət haqlarının tarifləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
VI. Vahid dövlət kadastr uçotu işlərinin həyata keçirilməsi
6.1. Vahid dövlət kadastr uçotu işləri aşağıdakı məqsədlər üçün həyata keçirilir:
6.1.1. daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotunun təmin edilməsi;
6.1.2. daşınmaz əmlak obyektinin hüquq obyekti kimi müəyyən edilməsi və ya obyektin sərhədlərinin və tərkibinin dəqiqləşdirilməsi.
6.2. Vahid dövlət kadastr uçotu işləri aşağıdakıları əhatə edir:
6.2.1. torpaq sahələrinin və onların üzərindəki daşınmaz əmlak obyektlərinin sərhədlərinin müəyyənləşdirilməsi;
6.2.2. daşınmaz əmlak obyektlərinin eyniləşdirilməsi (fərdiləşdirilməsi);
6.2.3. daşınmaz əmlak obyektinə dair inventarlaşdırma və texniki sənədlərin tərtibi.
6.3. Vahid dövlət kadastr uçotu işləri yerlərdə baxış və ölçmələr aparmaqla çöl işlərindən, habelə yerlərə getmədən əldə olunan texniki sənədlər və ya məlumatlar əsasında kameral araşdırmalardan ibarətdir.
6.4. Daşınmaz əmlakın inventarlaşdırılması dövlət sifarişi əsasında aparıldıqda kadastr işləri dövlət büdcəsi, hüquq sahibinin ərizəsi əsasında aparıldıqda isə ərizəçinin hesabına həyata keçirilir.
VII. Daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması
7.1. Daşınmaz əmlakın vahid dövlət kadastrında daşınmaz əmlak obyektlərinin aşağıdakı fərdi göstəriciləri (xüsusiyyətləri) əks etdirilir:
7.1.1. daşınmaz əmlakın növü (adı);
7.1.2. daşınmaz əmlakın yerləşdiyi yer və ünvanı (qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ünvan verildikdə);
7.1.3. binanın, ayrıca tərkib hissəsi olan yaşayış və qeyri-yaşayış sahələri istisna olmaqla, sərhədinin döngə nöqtələrinin koordinatları.
7.2. Daşınmaz əmlakın vahid dövlət kadastrında daşınmaz əmlak obyektlərinin aşağıdakı kəmiyyət və keyfiyyət göstəriciləri uçota alınır:
7.2.1. torpaq sahələrinə münasibətdə - dövlət torpaq kadastrında qeydiyyata alınmış torpağın kateqoriyası, sahəsi, təyinatı (istifadə növü), həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak obyektləri haqqında məlumat;
7.2.2. binaya münasibətdə - binanın təyinatı (qeyri-yaşayış binası, çoxmənzilli yaşayış binası, fərdi yaşayış və ya bağ evi, qarışıq təyinatlı), mərtəbələrinin sayı və binanın ümumi sahəsi, tikildiyi il, binada sahələrin, otaqların yerləşməsi (mərtəbə planı), çöl divarlarının və mərtəbələrarası örtüklərin materialı;
7.2.3. qurğuya münasibətdə - qurğunun növü və təyinatı, tikildiyi il;
7.2.4. binanın tərkib hissəsi olan ayrıca yaşayış və ya qeyri-yaşayış sahəsinə münasibətdə - binadakı yeri və sahəsi, otaqların sayı və otaqlar arasında arakəsmələrin (divarların) materialı;
7.2.5. tikintisi başa çatmamış obyektlərə münasibətdə - obyektin növü və təyinatı, tikintisinə və ya quraşdırılmasına icazə verildiyi tarix;
7.2.6. əmlak kompleksinə və müəssisələrə münasibətdə - əmlakın növü və təyinatı, fəaliyyət istiqamətləri.
7.3. Əlavə olaraq daşınmaz əmlakın vahid dövlət kadastrına daşınmaz əmlak obyektləri barədə aşağıdakı məlumatlar (mövcud olduqda) daxil edilə bilər:
7.3.1. əvvəl verilmiş dövlət uçotu nömrəsi, o cümlədən kadastr, inventar nömrəsi, həmin nömrəni verən orqanın adı və onun verilmə tarixi;
7.3.2. daşınmaz əmlak obyekti digər daşınmaz əmlak obyektinin bölünməsi, payın naturada ayrılması və ya barəsində qanunvericiliyə uyğun olaraq digər əməliyyatlar (hərəkətlər) nəticəsində yarandıqda digər (əvvəlki) daşınmaz əmlak obyektinin kadastr nömrəsi;
7.3.3. torpaq sahəsinin hüdudlarında yerləşən binalar, qurğular, əmlak kompleksləri, fərdi yaşayış və bağ evləri, tikintisi başa çatmamış obyektlərin kadastr nömrəsi (kadastr uçotu obyekti torpaq sahəsi olduqda);
7.3.4. hüdudlarında yaşayış otağı yerləşən mənzilin kadastr nömrəsi (kadastr uçotu obyekti yaşayış otağı olduqda);
7.3.5. daşınmaz əmlak obyekti üzərində əşya hüquqları və bu hüquqların sahibləri barədə daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat;
7.3.6. daşınmaz əmlak obyekti üzərində əşya hüquqlarının məhdudlaşdırılması (yüklülüyü) və xeyrinə belə məhdudlaşdırma (yüklülük) müəyyən edilən şəxslər barədə daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş həcmdə məlumat;
7.3.7. daşınmaz əmlak obyektinin əşya hüquqlarının məhdudlaşdırılması (yüklülüyü) şamil edilən hissəsi barədə məlumat (belə məhdudlaşdırma (yüklülük) daşınmaz əmlak obyektinə bütövlükdə şamil edilmədikdə);
7.3.8. torpaq sahəsinin hüdudlarında yerləşən su obyektləri (sututarlar), meşələr və daşınmaz əmlak hesab olunan çoxillik əkmələr haqqında məlumat (kadastr uçotu obyekti torpaq sahəsi olduqda);
7.3.9. daşınmaz əmlak obyektinə münasibətdə kadastr işlərini yerinə yetirən icraçı haqqında məlumatlar;
7.3.10. daşınmaz əmlak obyektinin istismara verildiyi və (və ya) onun tikintisinin başa çatdığı il (bina və ya qurğu);
7.3.11. daşınmaz əmlak obyektinin məhv olması haqqında məlumat (obyekt məhv olduqda).
7.4. Aşağıdakı hallarda vahid dövlət kadastr uçotunun aparılması məcburidir:
7.4.1. vahid dövlət kadastr uçotu dövlət orqanının qərarı əsasında aparıldıqda;
7.4.2. vahid dövlət kadastr uçotuna alınmış daşınmaz əmlakın göstəriciləri (xüsusiyyətləri) dəyişdikdə;
7.4.3. Daşınmaz əmlak obyektlərinin formalaşdırılması prosesində hüquq sahibləri tərəfindən müvafiq sifariş verildikdə.
VIII. Daşınmaz əmlak obyektlərinin formalaşdırılması
8.1. Bu Qaydaların məqsədləri üçün daşınmaz əmlak obyektlərinin formalaşdırılması dedikdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış obyektin bir hissəsinin ayrılması, bölünməsi, birləşdirilməsi ilə bağlı aparılan kompleks kadastr işlərinin məcmusu nəzərdə tutulur.
8.2. Daşınmaz əmlak obyektlərinin formalaşdırılması aşağıdakı ardıcıllıqla aparılır:
8.2.1. daşınmaz əmlak obyektinin formalaşdırılmasına dair ərizənin (sifarişin) verilməsi;
8.2.2. daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair kameral və çöl tədqiqat işlərinin aparılması;
8.2.3. daşınmaz əmlak obyektinin formalaşdırılması layihəsinin hazırlanması;
8.2.4. formalaşdırılan obyekt üçün kadastr planının tərtibi;
8.2.5. kadastr planından çıxarışın hazırlanması;
8.2.6. daşınmaz əmlakın dövlət reyestrində yeni formalaşdırılan obyektin qeydiyyatı.
IX. Daşınmaz əmlak obyektinin formalaşdırılmasına dair ərizənin (sifarişin) verilməsi
9.1. Daşınmaz əmlak obyektinin formalaşdırılmasına dair ərizə (sifariş) iki nüsxədə təqdim olunur. Ərizədə (sifarişdə) ilkin daşınmaz əmlak obyektinin kadastr nömrəsi və hüquq sahibi haqqında məlumatlar göstərilir.
9.2. Ərizəyə aşağıdakılar əlavə edilir:
9.2.1. daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
9.2.2. daşınmaz əmlak obyektinə (obyektlərinə) dair daşınmaz əmlakın vahid dövlət kadastrından çıxarış (çıxarışın olmadığı hallarda bu sənəd daşınmaz əmlakın vahid dövlət kadastrını aparan orqan tərəfindən tərtib edilir).
9.3. Kadastr işlərinin həcmi və müddətləri ərizəçi (sifarişçi) ilə bağlanılan müqavilə ilə müəyyən edilir.
X. Daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair kameral və çöl tədqiqat işlərinin aparılması
10.1. Ərizənin qəbulundan sonra daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsi məqsədi ilə tədqiqat aparılır. Tədqiqatın nəticəsinə əsasən obyektin formalaşdırılması ilə bağlı ərizə icraya qəbul edilir.
10.2. Tədqiqatın nəticəsi olaraq kadastr aparan orqan daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyü barədə yekun qərar qəbul edir və qərar ərizəçiyə (sifarişçiyə) təqdim olunur.
10.3. Müsbət qərar qəbul edildiyi halda daşınmaz əmlak kadastrını tərtib edən orqan kadastr işlərinin tərkibini müəyyənləşdirir, işlərin yerinə yetirilməsi üçün zəruri olan sənədlərin siyahısını tərtib edir.
XI. Daşınmaz əmlak obyektinin formalaşdırılması ilə bağlı kadastr işlərinin aparılması
11.1. Daşınmaz əmlak obyektinin formalaşdırılması ilə bağlı işlər qüvvədə olan normalara və qaydalara uyğun aparılır. Layihələndirmə prosesində formalaşan obyektin xüsusiyyətləri nəzərə alınır.
11.2. Daşınmaz əmlak obyektinin formalaşdırılmasına dair layihələrin işlənməsi üçün kadastr işlərinin icraçısı yerdə müayinə aktı tərtib etməklə obyektin eyniləşdirilməsinə dair işləri yerinə yetirir. Əgər daşınmaz əmlakın kadastr məlumatları ilə yerdə müəyyənləşən məlumatlar üst-üstə düşməzsə formalaşdırma fəaliyyəti dayandırılır və müvafiq uyğunlaşdırma işləri həyata keçirilir.
11.3. Formalaşdırılmış daşınmaz əmlak obyektinin kadastr planının işlənməsi və daşınmaz əmlak obyektinin formalaşdırılması aşağıdakı ardıcıllıqla həyata keçirilir:
11.3.1. torpaq sahəsinin formalaşdırılmasına dair layihə yerdə sərhədlərin müəyyən edilməsi yolu ilə naturaya köçürülür;
11.3.2. sərhədlərin müəyyənləşdirilməsindən sonra formalaşdırılmış daşınmaz əmlak obyektinin kadastr planı hazırlanır.
11.4. Tikililərin, mənzillərin, qapalı yerlərin formalaşdırılması zamanı daşınmaz əmlak obyektinin kadastr planı şəhərsalma və arxitektura normaları nəzərə alınmaqla tərtib edilir.
11.5. Daşınmaz əmlak obyektinin formalaşması barədə qərar daşınmaz əmlak obyektinin kadastr planının tərtibindən sonra verilir. Torpaq sahələrinin sərhədlərinin və digər kadastr məlumatlarının dəqiqliyi ilə bağlı mübahisələr zamanı daşınmaz əmlak obyektinin formalaşmasına dair kadastr işlərinin yerinə yetirilməsi zamanı müəyyənləşdirilmiş sərhədlər və digər kadastr məlumatları üstün qüvvəyə malikdir.
11.6. Daşınmaz əmlak obyektinin formalaşmasına dair işlər yekunlaşdıqdan sonra kadastr işlərinin texniki qovluğu açılır və bu qovluqda aşağıdakı sənədlər cəmləşir:
11.6.1. daşınmaz əmlak obyektinin formalaşdırılmasının mümkünlüyünün müəyyənləşdirilməsinə dair tədqiqat materialları;
11.6.2. daşınmaz əmlak obyektlərinin yerdə eyniləşdirilməsinə dair tədqiqat aktı;
11.6.3. daşınmaz əmlak obyektlərinin formalaşdırılması zamanı zərurət yarandıqda maraqlı şəxslərin obyektlərin formalaşdırılmasına dair yazılı razılıqları;
11.6.4. daşınmaz əmlakın obyektlərinin kadastr planı.
XII. Formalaşdırılan obyekt üçün kadastr planının tərtibi
12.1. Kadastr planının tərtibinə dair hazırlıq işləri mərhələsində kadastr işlərinin aparılması planlaşdırılan ərazilərdəki daşınmaz əmlak obyektləri barədə məlumatlar toplanır, bu obyektlərin hüquqi statusunu təsbit edən sənədlər araşdırılır, topoqrafik plan üzərində mövcud materiallar əsasında inzibati-ərazi vahidlərinin və yaşayış məntəqələrinin, tikililərin sərhədləri müəyyənləşdirilir.
12.2. Daşınmaz əmlak obyektinin eyniləşdirilməsi daşınmaz əmlak üzərində hüquqa dair sənədlərdəki məlumatların naturadakı (yerdəki) və topoqrafik plandakı məlumatlarla müqayisəsi əsasında aparılır.
12.3. Daşınmaz əmlakın eyniləşdirilməsinə dair işlər zamanı hər bir obyekt üzərində hüquq sahibi haqqında məlumatlar dəqiqləşdirilir, torpaq sahələrinin sərhədləri yoxlanılır, yerdə əldə edilmiş məlumatlar daşınmaz əmlaka hüququ təsbit edən sənədlərin məlumatları ilə müqayisə edilir.
12.4. Daşınmaz əmlak obyektinin eyniləşdirilməsinə dair işlər başa çatdıqdan sonra kadastr planı tərtib edilir.
12.5. Kadastr planında aşağıdakı məlumatlar məcmusu əks olunur:
12.5.1. inzibati-ərazi vahidlərinin sərhədləri;
12.5.2. yaşayış məntəqələrinin cizgilərinin sərhədləri;
12.5.3. kadastr bölgülərinin sərhədləri;
12.5.4. torpaq sahələrinin sərhədləri;
12.5.5. mövcud tikililərin qrafik təsviri;
12.5.6. əlaqə yolları və digər xətti obyektlər;
12.5.7. hidroqrafik elementlər;
12.5.8. binaların poçt nömrələri, toponimikası;
12.5.9. torpaq sahələrinin kadastr nömrələri.
12.6. Özündə mətn və qrafiki informasiyanı əks etdirən kadastr planı elektron daşıyıcısına köçürülür.
XIII. Daşınmaz əmlakın vahid dövlət kadastrına daxil olan məlumatların maraqlı şəxslərə təqdim edilməsi
13.1. Daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir.
13.2. Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər.
13.3. Kadastr planlarından çıxarışlar bu Qaydalara uyğun olaraq ərizə ilə müraciət etmək hüququna malik olan şəxslərin ərizəsi, habelə dövlət orqanları və ya bələdiyyələrin sorğusu əsasında verilə bilər.
13.4. Daşınmaz əmlakın dövlət kadastrında saxlanılan məlumatların təqdim edilməsi ödənişli xidmət kimi həyata keçirilir. Müvafiq xidmət haqqının tarifləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
XIV. Digər dövlət kadastrlarında (reyestrlərində) saxlanılan məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsi
14.1. Daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlar daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilir.
14.2. Digər dövlət kadastrlarında saxlanılan məlumatlar daşınmaz əmlakın vahid dövlət kadastrında daşınmaz əmlakın dövlət kadastrının aparılması üçün lazım olan həcmdə uçota alınır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında