Şriftin ölçüsü:
17.07.2010 08:08 | Oxunma sayı: 989
{nl}
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Məhkəmə qərarlarının vaxtında və tam icra olunmasının ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, son illərdə bu sahədə qanunvericilik bazası möhkəmləndirilmiş, bir sıra təşkilati və praktiki tədbirlər həyata keçirilmişdir.
Məhkəmə və digər orqanların qərarlarının icrası işini daha da təkmilləşdirmək və "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsi İcra baş idarəsi adlandırılsın.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:
2.1. qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra və məsuliyyət tədbirlərinin səmərəli tətbiqini təmin etsin, məhkəmə və digər orqanların qərarlarının icrasından yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətini gücləndirsin;
2.2. dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. icra işinin keyfiyyətcə yeni səviyyədə qurulması, bu sahədə kadr potensialının gücləndirilməsi, icra xidmətinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görsün;
2.4. icra məmurları tərəfindən icra intizamına ciddi əməl olunmasını təmin etsin, onların fəaliyyətində sui-istifadə, süründürməçilik və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan araşdırılması üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
3.1. icra işini həyata keçirən ədliyyə orqanlarının zəruri təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün və bunun üçün tələb olunan vəsaitin 2011-ci il dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;
3.2. bir ay müddətində:
3.2.1. qüvvədə olan qanunvericilik aktlarının "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2.3. öz səlahiyyətləri daxilində "Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki:
4.1. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin ikinci cümləsində, 84-1.2-ci maddəsinin ikinci cümləsində və 86.1-ci maddəsində nəzərdə tutulmuş lmüvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
4.2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
5. "Ədliyyə orqanlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 671; 2007-ci il, № 12, maddə 1223; 2009-cu il, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 80) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibində "Məhkəmə icraçıları" sözləri "İcra" sözü ilə əvəz edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul 2010-cu il
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.