Bələdiyyələrin Nümunəvi Reqlamenti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

Bələdiyyələrin Nümunəvi Reqlamenti

1. Ümumi müddəalar

1.1. Nümunəvi Reqlament (bundan sonra - Reqlament) “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bələdiyyələrə tövsiyə olunur.

1.2. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.

2. Bələdiyyə iclasının çağırılması qaydası

2.1. Bələdiyyə iclası, ayda bir dəfədən az olmayaraq, bələdiyyənin sədri tərəfindən və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

2.2. Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Bələdiyyənin icra aparatı (bələdiyyənin icra aparatı olmadıqda isə - bələdiyyənin sədri) iclas gününə azı 5 (beş) gün qalmış iclasın keçiriləcəyi tarix, yer və vaxt barədə bələdiyyə üzvlərini və iclasa dəvət olunan şəxsləri  xəbərdar edir, iclasın gündəliyinin layihəsini bələdiyyə üzvlərinə təqdim edir.

2.3. Bələdiyyə iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə bələdiyyə sədrinə əvvəlcədən məlumat verməlidir.

2.4. Bələdiyyə ərazisində yaşayan, səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir və bu barədə iclas gününə azı 10 (on) gün qalmış bələdiyyənin sədrinə və ya icra aparatına məlumat verilir. Bu halda iclas istirahət günlərində də keçirilə bilər. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi təsdiq edilmək üçün iclasın çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən bələdiyyə iclasının müzakirəsinə çıxarılır.

2.5. Bələdiyyə iclasını bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini aparır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda, iclasda iştirak edən bələdiyyə üzvləri iclasın sədrini bələdiyyə üzvləri sırasından seçirlər.

2.6. Bələdiyyə iclasında daha uzun müddət müəyyən edilməyibsə, məruzələr, çıxışlar və arayışlar üçün iclasda iştirak edən hər bir şəxsə 10 (on) dəqiqəyədək vaxt verilir. Bələdiyyə iclasında başqa qayda müəyyən edilməyibsə, məruzələr və çıxışlar müzakirə edilən məsələnin mahiyyəti üzrə olmalıdır. Bələdiyyə iclasında məruzəçilərə məsələlərin gündəlikdəki ardıcıllığı, çıxış edənlərə isə onların müraciətlərinin ardıcıllığı ilə söz verilir.

2.7. Bələdiyyə iclasına sədrlik edənin aşağıdakı səlahiyyətləri vardır:

2.7.1. bu Reqlamentin 2.1-ci bəndinə uyğun olaraq iclasın səlahiyyətli olub-olmadığını müəyyənləşdirmək;

2.7.2. iclasda iştirak edən bələdiyyə üzvləri və digər şəxslər, həmçinin iclasda iştirak etməyən bələdiyyə üzvləri və bunun səbəbləri barədə məlumat vermək;

2.7.3. iclası bu Reqlamentlə müəyyən edilmiş qaydada aparmaq;

2.7.4. iclası açmaq, iclasda fasilə elan etmək və iclası bağlamaq;

2.7.5. iclasın gündəliyinin layihəsini təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarmaq;

2.7.6. gündəlikdəki məsələlərin müzakirəsini təşkil etmək, məruzələr və çıxışlar üçün söz vermək;

2.7.7. bələdiyyəyə daxil olan sorğuları, sualları, arayışları və təklifləri elan etmək;

2.7.8. bələdiyyə üzvlərinin bu Reqlamentə əməl etmələrini təmin etmək;

2.7.9. bələdiyyənin qərarlarının  və  başqa   aktlarının   layihələrini,  iclasda   baxılan məsələlərlə əlaqədar bələdiyyə üzvlərinin təkliflərini səsə qoymaq və səsvermənin nəticələrini elan etmək;

2.7.10. bələdiyyənin Nizamnaməsinə və bu Reqlamentə uyğun olaraq digər səlahiyyətləri həyata keçirmək.

2.8. Bələdiyyə iclasında bələdiyyə üzvlərinin hüquqları və vəzifələri aşağıdakılardır:

2.8.1. iclasda iştirak etmək;

2.8.2. iclasda müzakirə olunacaq məsələlərə dair məlumatlarla tanış olmaq;

2.8.3. bu Reqlamentə uyğun məruzələr və çıxışlar etmək, məruzəçilərə və çıxış edənlərə suallar vermək, təkliflər irəli sürmək;

2.8.4. məruzəçi təyin olunduqda, müfəssəl və dolğun məruzələr hazırlamaq;

2.8.5. məruzə etdiyi məsələlərlə bağlı iclasın sədrinin, bələdiyyə üzvlərinin suallarına cavab vermək;

2.8.6. bu Reqlamentə əməl etmək;

2.8.7. bələdiyyənin Nizamnaməsinə və bu Reqlamentə uyğun olaraq digər səlahiyyətləri həyata keçirmək.

2.9. Bələdiyyə üzvü bələdiyyənin iclasının aparılmasına mane olduqda, bələdiyyənin iclasında insanın şərəf və ləyaqətinə toxunan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda, bələdiyyənin Nizamnaməsində göstərilən müddətlərdə bələdiyyənin iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, bələdiyyə iclasına sədrlik edən ona xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvü səlahiyyətlərinə xitam vermə kimi intizam tədbirlərinin tətbiq edilməsi barədə məsələ qaldırır.

2.10. Bələdiyyə iclasında aşağıdakı məsələlərə baxılır:

2.10.1. bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunvericiliklə müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2.10.2. bələdiyyənin reqlamentinin təsdiqi;

2.10.3. bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və digər komissiyaların üzvlərinin seçilməsi;

2.10.4. yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

2.10.5. yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiqi;

2.10.6. hesabat dövründən sonrakı ayın 15-dək təqdim edilmiş yarımillik maliyyə hesabatlarının və növbəti il yanvarın 30-dək təqdim edilmiş illik maliyyə hesabatlarının təsdiqi;

2.10.7. bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi;

2.10.8. yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

2.10.9. yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

2.10.10. yerli ekoloji proqramların qəbul və icra edilməsi;

2.10.11. qanunvericiliyin və icra hakimiyyətlərinin bələdiyyələrə verdikləri əlavə səlahiyyətlərin icra edilməsi;

2.10.12. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyə iclasında müzakirəsi barədə qərarların qəbul edilməsi;

2.10.13. bələdiyyə sədrinin, sədrin müavininin (müavinlərinin) və üzvlərinin ezamiyyətlə bağlı məlumatlarının dinlənilməsi;

2.10.14. bələdiyyənin digər bələdiyyə ilə birləşməsi;

2.10.15. Azərbaycan bələdiyyələrinin müvafiq milli assosiasiyasına bələdiyyənin üzv olması və həmin assosiasiyanın ümumi yığıncağına nümayəndənin seçilməsi;

2.10.16. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələrin bağlanması və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına bələdiyyənin üzv olması.

2.11. Bələdiyyə iclasında müzakirəyə çıxarılan məsələlər bələdiyyənin müvafiq daimi komissiyalarında qabaqcadan müzakirə edilir.

2.12. Bələdiyyə iclasında baxılan məsələlərə dair qərarlar bələdiyyə üzvlərinin  sadə  səs  çoxluğu  ilə,  yerli  vergilər və ödənişlər ilə bağlı qərarlar isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə iclasında qəbul edilmiş qərarlar əhaliyə elan edilir və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilir.

2.13. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. İclasın katibi iclasdan sonrakı 3 (üç) iş günü müddətində protokolu hazırlayır və imzalanması üçün  iclasın sədrinə təqdim edir. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin və çıxışların qısa məzmunu, müzakirə olunan məsələlərə dair qəbul edilmiş qərarlar, habelə bununla bağlı keçirilmiş səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiq edilənədək, bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyə iclasının protokolu müvafiq kitabda qeydiyyata alınır və həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab edilir.

 3. Bələdiyyələrin əhali ilə görüşünün təşkili qaydaları

3.1. Bələdiyyə üzvü seçiciləri ilə əlaqə saxlayır, onlar qarşısında məsuliyyət daşıyır və 6 (altı) ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verir.

3.2. Bələdiyyə üzvünün hesabat verməsi və seçiciləri ilə görüş keçirməsi üçün bələdiyyənin sədri və ya icra aparatı müvafiq şəraiti təmin edir. Əhali ilə görüşlər bələdiyyənin müəyyən etdiyi yerdə və ya onun binasında keçirilir.

3.3. Bələdiyyənin sədri və ya icra aparatı hesabatların verilməsi və görüşlərin keçirilməsi üçün görüşün keçirildiyi yer, tarix və iştirak edən bələdiyyə üzvləri barədə əhalini görüşün keçirilməsinə azı 10 (on) gün qalmış məlumatlandırmalıdır.

3.4. Bələdiyyə üzvləri görüş zamanı bələdiyyənin fəaliyyəti, qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı görülmüş işlər və digər məsələlər barədə əhaliyə hesabat verirlər.

3.5. Bələdiyyə üzvləri onlara verilmiş təklif, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxır, qaldırılmış məsələlərin düzgün və vaxtında həlli üçün tədbirlər görür, vətəndaşları qəbul edir, ictimai rəyi öyrənir və məsələlərin həlli üçün bələdiyyənin sədrinə və ya icra aparatına müvafiq təkliflər verirlər.

3.6. Bələdiyyədə bələdiyyənin sədri, onun müavini (müavinləri) və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunur. Hər ilin əvvəlində vətəndaşların qəbulu cədvəli bələdiyyənin iclasında təsdiq edilir və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilir.

4. Digər müddəalar

4.1. Bələdiyyənin sədri və sədrin müavini (müavinləri) yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilirlər. Bələdiyyənin sədri və sədrin müavini (müavinləri) bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunurlar.

4.2. Bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və qərar layihələrinin hazırlanması, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyindəki müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yaradır.

4.3. Bələdiyyə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və bələdiyyənin Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada yaratdığı struktur bölmələrindən və digər icra strukturlarından ibarət icra aparatını formalaşdırır. İcra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati,  informasiya,  kargüzarlıq,  maddi-texniki  təminat  məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. İcra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.

4.4. Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə sədri bələdiyyənin qərarına əsasən, digər işçiləri isə birbaşa təyin edir.

4.5. Bələdiyyələrin daimi saxlanılma müddəti müəyyən edilmiş sənədləri 5 (beş) il, digər sənədləri isə 3 (üç) ildən 10 (on) ilədək bələdiyyə orqanında saxlanıldıqdan sonra Dövlət Arxivinin Ekspert-Yoxlama Komissiyasının təsdiq etdiyi siyahılar əsasında dövlət arxivinə təhvil verilməlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında