Şriftin ölçüsü:
30.11.2012 00:16 | Oxunma sayı: 1228
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
1.2. həmin Qanunun 10.1-ci maddəsinin birinci cümləsində, 10.2-ci və 10.3-cü maddələrində, 11.3-cü maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini:
1.2.1. sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar istisna olmaqla); təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr); baxımsız, baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan uşaqlar; insan alverinin qurbanları; məişət zorakılığından zərər çəkmiş şəxslər; müəyyən yaşayış yeri olmayan şəxslər; sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər; valideynlərini itirdiyinə və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər barəsində - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.2.2. təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar barəsində - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.2.3. ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər barəsində - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.2.4. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar; hüquq pozuntusu törədən uşaqlar; müəyyən yaşayış yeri olmayan şəxslər barəsində - yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.3. həmin Qanunun 13.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;
1.4. həmin Qanunun 16-cı və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini:
1.4.1. sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar; təhsilə cəlb olunmayan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr); baxımsız, baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan uşaqlar; insan alverinin qurbanları; məişət zorakılığından zərər çəkmiş şəxslər; müəyyən yaşayış yeri olmayan şəxslər; sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər; valideynlərini itirdiyinə və ya valideyn himayəsindən məhrum olduğuna görə sosial xidmət müəssisələrində yaşamış və həmin müəssisələri tərk etdikdən sonra yaşayış yeri olmayan şəxslər barəsində - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.4.2. təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud 5 yaşından 18 yaşınadək uşaqlar; valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 6 yaşından 18 yaşınadək uşaqlar (ümumtəhsil internat məktəbləri üzrə); hüquq pozuntusu törədən uşaqlar barəsində - Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
1.4.3. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 4 yaşınadək uşaqlar, habelə sağlamlıq imkanları məhdud 5 yaşınadək uşaqlar; ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər barəsində - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
1.4.4. valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlar (uşaq evləri üzrə); müəyyən yaşayış yeri olmayan şəxslər barəsində - yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.