Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmişdir
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda daşınmaz dövlət əmlakı obyektləri (bundan sonra-obyekt) dedikdə dövlət müəssisə və təşkilatlarına, habelə səhmlərinin tamamilə və ya nəzarət zərfinin dövlət mülkiyyətində saxlanılması barədə qərar qəbul edilmiş səhmdar cəmiyyətlərinə məxsus olan və icarəyə verilməsi mövcud qanunvericiliklə qadağan edilməyən bina, tikililər və qeyri-yaşayış sahələri nəzərdə tutulur.
1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra-Komitə) açıq müsabiqə vasitəsilə icarəyə verilən obyektlər barədə elanı Komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət" qəzetində dərc etdirir.
1.4. Bu Qaydalara uyğun olaraq daşınmaz dövlət əmlakı aşağıdakı hallarda (dövlət ehtiyacları üçün, habelə dövlət və ictimai təşkilatların yerləşdirilməsi üçün nəzərdə tutulmuş obyektlər istisna olmaqla) Komitənin qərarı ilə açıq müsabiqə vasitəsilə icarəyə verilir:
Komitə tərəfindən açıq müsabiqə vasitəsilə icarəyə verilməsi barədə qərar qəbul edilmiş obyektlər haqqında elan dərc olunduqdan sonra 10 gün ərzində obyektin icarəyə verilməsi barədə ən azı 3 (üç) fiziki və (və ya) hüquqi şəxsin yazılı müraciəti daxil olduqda;
icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun (mədəniyyət, səhiyyə, bədən tərbiyəsi və idman, təhsil, rabitə və mərasim xidmətləri göstərən müəssisələr, xalq bədii sənət müəssisələri, təsərrüfat hesablı elmi-tədqiqat, layihə-axtarış müəssisələri, gənclərin təhsili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər, yerli əhəmiyyətli istirahət parkları) təyinatı üzrə istifadə zərurəti yarandıqda;
icarəyə verilən obyekt qanunvericiliklə icarəyə verilməsi mümkün olan tarix və mədəniyyət abidəsi sayılan bina və tikililərdə, habelə mədəniyyət və istirahət parklarında (xüsusi qorunan ərazilərdə) yerləşdikdə.
1.5. Obyektlərin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi icarə müqaviləsi bağlanılmaqla Komitə tərəfindən həyata keçirilir və icarəyəverən qismində Komitə çıxış edir.
1.6. Obyektlərin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi zamanı qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla, fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.
1.7. Obyektlər açıq müsabiqə vasitəsilə icarəyə verilən zaman onun aylıq start icarə haqqı məbləği "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən az olmamalıdır. Həmçinin müsabiqə iştirakçıları tərəfindən təklif olunan icarə haqqı məbləği obyektin aylıq start icarə haqqı məbləğindən az olmamalıdır.
1.8. Açıq müsabiqənin keçirilməsi zamanı müsabiqə iştirakçıları haqqında və onlar tərəfindən təklif olunan icarə haqqı barədə məlumatların müsabiqə komissiyasının iclasında müsabiqənin qalibi müəyyən edilənədək açıqlanmasına yol verilmir.
II. Müsabiqənin keçirilməsinə hazırlıq
2.1. Müsabiqənin keçirilməsinə hazırlıq mərhələsində Komitə tərəfindən müsabiqə Komissiyası yaradılır. Komissiyanın tərkibi 6 (altı) nəfərdən ibarət olur, bura Komitənin (3 nəfər), onun yerli (ərazi) şöbəsinin (1 nəfər), müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcının (1 nəfər) və icarəyə verilən əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının (1 nəfər) nümayəndələri daxil edilir. Komissiyanın sədri Komitənin nümayəndələrindən təyin olunur.
Müsabiqəyə çıxarılan obyektin texniki pasportu və ya eskizi, dövlət əmlakının registrindən çıxarış hazırlanır, obyektin aylıq start icarə haqqı məbləği müəyyənləşdirilir və Komitə tərəfindən komissiyaya təqdim edilir.
2.2. Komitə tərəfindən obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi şərtləri müəyyən edilir. Bu zaman aşağıdakı şərtlər müəyyən edilə bilər və müəyyən edilmiş şərtlərin sonradan dəyişdirilməsinə yol verilmir:
icarəyə verilən obyektdə onun məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinin saxlanılması;
icarəçi tərəfindən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması;
birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi;
icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması.
Qeyd olunanlarla yanaşı hər bir halda sifarişçilər tərəfindən bu Qaydaların 1.7-ci bəndində göstərilən məbləğdən az olmamaqla, təklif olunan icarə haqqı məbləğinin göstərilməsi barədə şərt daxil edilir.
2.3. Müsabiqə komissiyası tərəfindən müsabiqə haqqında aşağıdakılar göstərilməklə məlumat hazırlanır və müsabiqənin keçirilməsi gününə ən azı 30 gün qalmış Komitənin rəsmi mətbuat orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur və Komitənin internet saytında yerləşdirilir:
obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi müqaviləsinin ümumi şərtləri;
obyektin yerləşdiyi ünvan, balanssaxlayıcı müəssisə və təşkilatın adı, obyektin yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklülüyü (əgər mövcuddursa); müsabiqənin keçirilmə tarixi, vaxtı və yeri;
müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan beh kimi ödənilmiş icarə haqqı (bundan sonra-beh) məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, ödəniş forması;
müsabiqədə iştirak etmək üçün sifarişin qəbulunun başlanma və başaçatma tarixləri;
sifariş və sənəd qəbulu məntəqələrinin ünvanı (otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);
müsabiqəyə çıxarılan obyektlə tanış olmaq üçün təyin olunmuş tarix və vaxt;
müsabiqədə iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə təqdim edəcəkləri sənədlərin siyahısı, bu sənədlərin tərtib edilməsi üçün irəli sürülən tələblər və təqdimetmə müddəti;
müsabiqənin qalibi tərəfindən icarə müqaviləsinin bağlanılması müddəti;
müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası.
2.4. Obyektin müsabiqə vasitəsilə icarəyə verilməsi şərtlərinə obyektin təyinatı, bu təyinatın dəyişdirilməsinin mümkünlüyü barədə məlumatlar daxil edilməlidir.
2.5. Müsabiqəyə iştirak etmək üçün müraciət etmiş, sifariş və digər zəruri sənədləri müəyyənləşdirilmiş müddətdə və qaydada təqdim etmiş və müsabiqə başlanmasına ən geci 3 (üç) bank günü qalanadək müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində dövlət büdcəsinə beh köçürmüş hüquqi və fiziki şəxslər buraxılırlar.
2.6. Sifarişçi müsabiqə komissiyasına aşağıdakı sənədləri müsabiqə haqqında elanda göstərilən müddətdə təqdim etməlidir:
Komitə tərəfindən müəyyən edilmiş formada ərizə (sifariş);
obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində behin köçürülməsini təsdiq edən sənəd;
müsabiqə təklifi (bağlı zərfdə təqdim edilir, zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir);
hüquqi şəxslər üçün müəyyən olunmuş qaydada təsdiq edilmiş reyestrdən çıxarışın və nizamnamənin surəti;
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti.
2.7. Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir.
2.8. Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş qaydada həyata keçirilir.
Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.
2.9. Sifariş və ona əlavə olunmuş sənədlər Komitə tərəfindən qəbul edilərək qeydiyyata alınır və müsabiqədə iştirak etmək üçün buraxılmış şəxslərə onların müsabiqədə iştirak etmə nömrəsi, müsabiqəyə çıxarılan əmlakın adı əks olunan bilet verilir. Bilet verildiyi andan sifarişçi müsabiqə iştirakçısı statusunu alır.
2.10. Komitə sifarişçilərin təqdim etdiyi sənədlərin və onlar haqqında məlumatların qorunub saxlanılmasını təmin edir.
III. Müsabiqənin keçirilməsi qaydaları
3.1. Komissiya müsabiqənin keçirilməsini təmin edir, müsabiqə iştirakçılarının qeydiyyatını aparır və bu barədə məlumatı hazırlayıb Komitəyə təqdim edir, müsabiqənin qalibini müəyyən edir, müsabiqənin yekun və digər protokollarını rəsmiləşdirir və onları təsdiq etmək üçün Komitəyə təqdim edir.
3.2. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici olur. Komissiyanın qərarları protokollaşdırılır və iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır. Qəbul olunmuş qərarla razı olmayan komissiya üzvləri öz mövqelərini yazılı şəkildə əsaslandırır və o, imzalanmış protokola əlavə olunur.
Komissiya iclasları komissiya üzvlərinin üçdə ikisinin iştirakı təmin olduqda keçirilmiş və səlahiyyətli hesab edilir. Komissiya işində mütəmadi iştirak etməyən və ya onun reqlamentini pozan üzvün komissiya üzvlüyündən çıxarılmasına dair Komitə qarşısında məsələ qaldıra bilər.
3.3. Müsabiqə aşağıdakı qaydada keçirilir:
3.3.1. icarəyə verilən obyektin qısa xarakteristikası və ilkin təklif olunmuş icarə haqqının məbləği komissiya üzvləri tərəfindən elan edilir;
3.3.2. müsabiqə iştirakçılarının təqdim etdikləri zərflər daxil olduqları ardıcıllıqla açılır və təkliflərin qiymətləndirilməsi aparılır;
3.3.3. qalib gəlmiş təklif elan edilir;
3.3.4. müsabiqə başa çatdıqdan sonra komissiya müsabiqənin yekunlarını protokollaşdırır. Protokol iclasda iştirak edən komissiya üzvlərinin tərkibi, müsabiqənin şərtləri, iştirakçıların təklifləri və müsabiqənin qalibi haqqında məlumat göstərilməklə 2 (iki) nüsxədə tərtib edilir, komissiya üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır və təsdiq edilmək üçün Komitəyə təqdim olunur.
Protokol 3 (üç) təqvim günü müddətində Komitə tərəfindən təsdiq edilir. Onun bir nüsxəsi müsabiqənin qalibinə təqdim olunur və icarə müqaviləsinin bağlanılması hüququnu təsdiq edən sənəd kimi qəbul edilir.
3.4. Müsabiqənin yekunları haqqında məlumat müsabiqənin keçirildiyi gündən 15 (on beş) təqvim günü ərzində "Mülkiyyət" qəzetində dərc edilir və Komitənin rəsmi internet saytında yerləşdirilir. Məlumatda müsabiqəyə çıxarılmış obyektin ünvanı və müsabiqənin nəticələrinə əsasən dövlət büdcəsinə köçürülməli olan icarə haqqı məbləği göstərilməlidir.
IV. Müsabiqənin nəticələrinin rəsmiləşdirilməsi
4.1. Müsabiqənin yekunları haqqında protokol Komitə tərəfindən təsdiq edildikdən sonra iyirmi gündən gec olmayaraq icarə müqaviləsi bağlanılır.
İcarə müqaviləsinin nüsxələri icarəçiyə və balanssaxlayıcıya təqdim olunur.
4.2. Müsabiqənin şərtləri bağlanılan icarə müqaviləsində öz əksini tapmalıdır.
4.3. Müsabiqənin qalibi tərəfindən icarə haqqının ödənilməsi müqavilə ilə müəyyən olunmuş qaydada həyata keçirilir və qalib tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir.
4.4. Müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır.
4.5. Müsabiqənin qalibi müsabiqənin yekunları haqqında protokolu imzalamaqdan imtina etdikdə, müsabiqə baş tutmamış hesab olunur və qalib tərəfindən köçürülmüş beh geri qaytarılmır.
4.6. Müsabiqə baş tutmadıqda, onun təkrar keçirilməsi və keçirilmə müddətinin təyin edilməsi barədə qərar komissiya üzvlərinin iclasında qəbul edilir.
4.7. Müsabiqənin yekunları aşağıda göstərilən hallarda və yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər:
müsabiqənin şərtləri pozulduqda;
müsabiqənin qalibi icarə haqqının qalan hissəsinin (köçürdüyü behdən əlavə) köçürülməsindən imtina etdikdə və ya müsabiqənin şərtləri ilə tələb olunan müddətdə köçürülməsini təmin etmədikdə (bu halda beh qaytarılmır);
müsabiqənin hər hansı iştirakçısına qanunsuz güzəştlər edildikdə;
müsabiqənin keçirilməsi zamanı qanunvericiliyin və bu Qaydaların tələbləri pozulduqda.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.