Şriftin ölçüsü:
25.06.2010 04:09 | Oxunma sayı: 937
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmişdir
{nl}
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na (bundan sonra - II Dövlət Proqramı) müvafiq olaraq hazırlanmış və özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra, özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərracları vasitəsilə satışının keçirilməsinin ümumi qaydalarını, alıcıların hərraclarda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi və özəlləşdirilən əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı özəlləşdirmə prosesində yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin sifarişlər əsasında pul müqabilində özgəninkiləşdirilməsidir.
1.3. Özəlləşdirmə prosesində, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındıqdan və səhmləri buraxıldıqdan sonra 30 (otuz) gün müddətində II Dövlət Proqramı ilə nəzərdə tutulmuş qaydada səhmdar cəmiyyətinin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satılması barəsində satıcı tərəfindən qərar qəbul edilir.
1.4. Özəlləşdirilən dövlət əmlakının satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.
2. İxtisaslaşdırılmış pul hərraclarının keçirilməsinə hazırlıq
2.1. Əmlak Məsələləri Dövlət Komitəsi:
hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təşkil edir;
hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir;
hərracın iştirakçıları ilə hesablaşmalar aparır;
hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri qəbul edir, onların qeydiyyatını aparır.
2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir:
səhmləri hərraca çıxarılan səhmdar cəmiyyətinin tam adı, hüquqi ünvanı;
səhmdar cəmiyyətinin nizamnamə kapitalının məbləği;
buraxılan səhmlərin və hərracda satılan səhmlərin ümumi miqdarı;
bir səhmin nominal dəyəri;
sifarişlərin qəbulunun başlanma və başa çatma tarixləri;
sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə);
hərraclarda iştirak etmək üçün sifarişçilərin sifarişlə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsinə dair tələblər;
qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar.
2.3. Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
3. İxtisaslaşdırılmış pul hərraclarında iştirak etmə şərtləri
3.1. Hərraclarda iştirak etmək üçün qanunvericiliyə müvafiq olaraq dövlət əmlakının alıcısı kimi tanınan, hərraclarda iştirak etmək üçün bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində sifariş vermiş, hərracların keçirilməsinə dair dərc olunan məlumatdakı sənədləri lazımi qaydada tərtib və təqdim etmiş fiziki və hüquqi şəxslər (bundan sonra - sifarişçi) buraxılır.
3.2. Hərraclarda iştirak etmək üçün sifarişçi satıcının müəyyən etdiyi formada sifarişi tərtib edir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən tarixdən həyata keçirilir.
3.3. Hərracda iştirak etmək istəyən şəxslər sifarişə aşağıdakı sənədləri əlavə etməlidirlər:
hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərraclarda iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən etibarnamə təqdim etməlidir.
Sifariş və ona əlavə edilmiş sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində qəbz verilir.
3.4. Hərracların keçirilməsi haqqında məlumatda sifarişlərin qəbulu üçün göstərilən müddət başa çatdıqdan sonra hərraclarda iştirak etmək üçün daxil olan sifarişlər və onlara əlavə edilmiş sənədlər satıcı tərəfindən qəbul olunmur.
3.5. Sifarişlər 5 (beş) gün müddətində qəbul edilir.
3.6. Sifarişçi aşağıdakı hallarda hərraclarda iştirak etməyə buraxılmır:
sifariş vermiş şəxs qanunvericiliyə müvafiq olaraq alıcı kimi tanınmadıqda;
sifarişçinin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;
hərracın keçirilməsi haqqında məlumatda göstərilən siyahı üzrə sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud onlar düzgün tərtib edilmədikdə.
3.7. İxtisaslaşdırılmış pul hərracının iştirakçısı tərəfindən təqdim edilən sifarişdə səhmlərin dəyərini ödəmək üçün təklif edilən pul vəsaitinin məbləği bir səhmin nominal dəyəri həcmində və ya onun 2 və daha çox tam mislinə bərabər olmalıdır.
Sifarişçi tərəfindən ixtisaslaşdırılmış pul hərracında 1 səhmin alış qiymətinə maksimum hədd qoyulmadıqda sifariş 1-ci növ, belə hədd qoyulduqda isə 2-ci növ sifariş adlanır.
3.8. Əmlak Məsələləri Dövlət Komitəsi hərraclarda iştirak etmək üçün sifarişçilərin verdikləri sifariş və əlavə sənədlərin qorunub saxlanılmasını, həmçinin sifariş vermiş şəxslərin sənədlərinin vəziyyəti, eləcə də onların ödənişləri haqqında məlumatın gizli saxlanılmasını təmin edən tədbirlər həyata keçirir.
4. Hərrac komissiyasının işinin təşkili
4.1. Hərracların keçirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur.
4.2. Komissiya:
hərracın keçirilməsini təmin edir;
hərracın gedişində mübahisəli vəziyyət yarandıqda hərracı dayandırır və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məlumat verir;
hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir;
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
4.3. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiyanın üzvlərinin azı üçdə ikisi iclasda iştirak edərsə, komissiya öz səlahiyyətinə aid olan məsələləri həll etmək hüququna malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledicidir. Komissiyanın hərraclar haqqında qərarları protokollaşdırılır və iclasda iştirak etmiş bütün komissiya üzvləri tərəfindən imzalanır.
5. İxtisaslaşdırılmış pul hərraclarının keçirilməsi qaydası
5.1. Sifarişçilər hərracda iştirak etmək üçün təklif etdikləri pul vəsaitlərini Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (onun zona bölmələrinə) satıcı tərəfindən müəyyən edilmiş qaydada nağd şəkildə ödəyirlər;
5.2. Sifarişlərdə göstərilən pul vəsaitinin ümumi məbləğini satışa çıxarılan səhmlərin ümumi sayına bölməklə hərrac məzənnəsi (1 səhmin satış qiyməti) müəyyən edilir. Hesablama zamanı yuvarlaqlaşdırma 0,0001-ə qədər dəqiqliklə, ümumi əsaslarla aparılır.
5.3. Müəyyən olunmuş məzənnə ilə 1-ci növ bütün sifarişlər, habelə hərrac məzənnəsinə bərabər və ya ondan yuxarı alış qiyməti göstərilmiş 2-ci növ sifarişlər ödənilir.
Hər bir sifariş üzrə satılan səhmlərin sayı sifarişçinin ödədiyi pulun məbləğini hərrac məzənnəsinə bölməklə müəyyən edilir. Bu zaman hesablamanın nəticəsində alınan ədədin tam hissəsi götürülür.
5.4. Aşağıdakı hallarda ixtisaslaşdırılmış pul hərraclarında satışa çıxarılmış səhmlərin bölünməsi, yəni satışa çıxarılmış səhmlərin ümumi nominal dəyərini dəyişdirmədən, bir səhmin daha kiçik eyni nominallı səhmlərə bölünməsi əməliyyatı həyata keçirilə bilər:
- satışa çıxarılmış səhmlərin 95 faizindən az olmayan hissəsinin satılmasını təmin etmək məqsədilə;
- bir səhmin satış qiyməti səhmin nominal dəyərindən böyük olduqda;
- hər hansı bir sifarişçi üzrə sifarişdə göstərilən pul vəsaitinin səhmlə ödənilməmiş hissəsi 50 qəpikdən az olmadıqda;
5.5. Hərrac məzənnəsi üzrə hesablaşmalar nəticəsində ödənişə qəbul edilən məbləğin səhmlə ödənilməyən hissəsi geri qaytarılmır və bu Qaydaların 6.3-cü bəndinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.
5.6. Sifarişləri ödənilmiş bütün iştirakçılar hərracın qalibi sayılırlar.
5.7. Hərrac məzənnəsindən aşağı alış qiyməti göstərilmiş 2-ci növ sifarişlər ödənilmir və hərracdan çıxarılır.
6. Hərracların nəticələrinin rəsmiləşdirilməsi
6.1. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərracın nəticələrinə yekun vurulan gün hərrac komissiyasının iclasında iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 10 (on) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilir. Hərracın yekunları haqqında protokolda aşağıdakılar göstərilir:
satıcının adı;
protokolun tarixi və nömrəsi;
hərracın yekunları üzrə iclasda iştirak edən komissiya üzvlərinin siyahısı;
səhmləri hərraca çıxarılan səhmdar cəmiyyətinin tam adı, hüquqi ünvanı;
hərracın yekun nəticələri;
Protokola hərracda qalib gəlmiş şəxslərin adı, ünvanı, ödədiyi pul vəsaitinin məbləği, aldığı səhmlərin sayı və nominal dəyəri göstərilməklə siyahı əlavə edilir.
6.2. Hərracın nəticələri hərrac başa çatdığı gündən 15 (on beş) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunur. Hərracın nəticələri haqqında məlumatda aşağıdakılar göstərilməlidir:
səhmləri satışa çıxarılan səhmdar cəmiyyətinin tam rəsmi adı, hüquqi ünvanı;
buraxılmış səhmlərin ümumi sayı;
satışa çıxarılan səhmlərin sayı;
satışa çıxarılmış bir səhmin nominal dəyəri;
sifarişçilərdən daxil olmuş sifarişlərin sayı;
sifarişçilər tərəfindən ödənilmiş pul vəsaitinin məbləği;
1 səhmin satış qiyməti (hərrac məzənnəsi)
satılmış səhmlərin ümumi sayı və nominal dəyəri.
6.3. Bu Qaydaların 5.1-ci bəndində müəyyən edilmiş qaydada Hərracların Təşkili üzrə Auksion Mərkəzinə nağd şəkildə ödənilmiş vəsaitlər hərraclar başa çatdıqdan sonra növbəti bank günü ərzində xüsusi açılmış depozit hesabına köçürülür. Hərracların yekun nəticəsi təsdiq edildikdən sonra hərraclarda təmin edilmiş sifarişlər üzrə ödənilmiş vəsaitlər dövlət büdcəsinə ödənilir. Təmin edilməmiş sifarişlər üzrə ödənişlər geri götürülür və 10 gün müddətində sifarişçilərə geri qaytarılır.
7. Hərracın nəticələri üzrə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi
7.1. Alıcı hərraclarda aldığı səhmlərə mülkiyyət hüququnu hərracın nəticələri haqqında protokolun təsdiq edildiyi gündən əldə edir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi ona müvafiq sənəd verir.
7.2. Səhmdar cəmiyyətinin səhmlərinin satışına dair yekun məlumatlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilərək Milli Depozit Mərkəzinə təqdim edilir.
8. Özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi
8.1. Hərrac vasitəsilə özəlləşdirmənin nəticələri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada etibarsız hesab edilə bilər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.