Şriftin ölçüsü:
23.07.2012 10:49 | Oxunma sayı: 1262
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. pasportun etibarlılıq müddəti nəzərə alınmaqla, 1 yaşınadək, 1 yaşından 3 yaşınadək və 3 yaşından 18 yaşınadək uşaqlar üçün ümumvətəndaş pasportunun verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun fərqli məbləğləri barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumvətəndaş pasportunun verilməsinin və dəyişdirilməsinin daha qısa müddətləri barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Bir pasport - bir şəxs" konsepsiyası və bu sahədə xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində və 6-cı maddəsinin birinci hissəsində göstərilən şəxslərin uşaqlarının müvafiq olaraq xidməti və ya diplomatik pasport almaq hüququnun yarandığı hallar barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin ləğv edilməsi barədə təkliflərini və yeni Əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. 2013-cü il iyunun 1-dən Azərbaycan Respublikası vətəndaşlarına elektron daşıyıcısı olan ümumvətəndaş, xidməti və diplomatik pasportların verilməsini təmin etsin;
1.9. bu fərmanın 1.8-ci bəndinin icrasının gedişi haqqında altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.10. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsində və 7-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin qanunun 9-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini ümumvətəndaş pasportlarına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, diplomatik və xidməti pasportlara münasibətdə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyul 2012-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.