Şriftin ölçüsü:
30.12.2011 11:52 | Oxunma sayı: 1060
2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri
1.0. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Neft Fondu) vəsaitinin xərc istiqamətləri aşağıdakılardır:
1.0.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.0.2. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə transfert ;
1.0.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.0.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.0.5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi.
2. Neft Fondunun investisiya siyasəti
2.1. Neft Fondunun investisiya siyasətinin məqsədi
Neft Fondu 2012-ci ildə əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir.
2.2. Neft Fondunun investisiya portfeli
2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2012-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 23 milyard manata bərabər götürülür. İnvestisiya portfelinin məcmu dəyəri Neft Fondunun büdcəsində təsdiq edilmiş xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait çıxıldıqdan sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.
2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi
1. Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında, 40 faizi AVRO-da və 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
2. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin qalan 5 faizi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.2.3. İnvestisiya portfelinin alt portfelləri
2.2.3.0. Neft Fondunun investisiya portfeli aşağıdakı alt portfellərdən (bundan sonra "portfel") ibarətdir:
1. borc öhdəlikləri və pul bazarları alətləri portfeli - investisiya portfelinin məcmu dəyərinin minimum 85 faizi;
2. səhm portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;
3. daşınmaz əmlak portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;
4. qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi.
2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi
1. Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (AVRO istisna olmaqla) üzrə dərc edilmiş 3 (üç) aylıq LİBOR faiz dərəcəsi götürülür.
2. Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin AVRO-da ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 3 (üç) aylıq EURİBOR faiz dərəcəsi götürülür.
3. LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilir.
4. Səhm portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI World İndex-i götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Neft Fondunun borc öhdəlikləri portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir.
2.3.2. Kredit riski
Neft Fondunun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a uyğun olmalıdır. Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimum xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
2.3.3. Likvidlik üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısa müddətli pul bazarları alətlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
1. Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır. Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən vəsaitinin həcmi 500 milyon ABŞ dollarından artıq olmamalıdır.
2. Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Neft Fondu ilə bu menecerlər arasında bağlanan sazişdə əks etdirilməlidir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.