Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə qərara alıram:
1. Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;
2.2. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
3.1. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkilini, ərazilərdə mövcud olan köhnə qurğuların sökülməsini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;
3.2. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, güzəştli kreditlərin verilməsi, habelə məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili, parkda yerləşəcək istehsal sahələrinin qurulması üçün icazə sənədlərinin alınması, layihələrin hazırlanması, razılaşdırılması, infrastruktur təminatı və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyində "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
5. "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra - Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
5.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə:
5.1.1. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
5.1.2. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
5.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;
5.1.5. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
5.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.
5.2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
5.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona edilən dəyişikliklərin təsdiq edilməsi;
5.2.2. nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
5.2.3. bu fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
6. Cəmiyyətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
7.1. üç ay müddətində:
7.1.1. Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.1.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.1.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə sənaye parkında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;
7.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kimya sənayesi potensialının artırılması, bu sahədə özəl müəssisələrin təşkili və yerli xammaldan rəqabət qabiliyyətli məhsullar alınması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Sumqayıt Kimya Sənaye Parkında kimya sənayesinə aid istehsal və emal sahələrinin yaradılmasını və inkişaf etdirilməsini dəstəkləyən tədbirlər həyata keçirsin.
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görsün.
10. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versinlər.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2011-ci il
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.