Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Ə S A S N A M Ə S İ

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu (bundan sonra - Fond) gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edən qurumdur.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnaməni və bu Əsasnaməni rəhbər tutur.
1.3. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əlaqəli şəkildə həyata keçirir.
1.4. Fondun müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Fondun saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr və digər qanuni vəsaitlər hesabına maliyyələşdirilir.
1.6. Fond Bakı şəhərində yerləşir.
2. Fondun məqsədi və vəzifələri
2.1. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədidir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyir, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artırır, ideyaların yaradılması və idarəedilməsində bacarığını stimullaşdırır.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
2.2.1. məqsədlərinə uyğun olaraq, gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların (bundan sonra - layihə) həyata keçirilməsini təşkil etmək;
2.2.2. Fondun vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə olunmasını təmin etmək;
2.2.3. Fondun vəsaitləri hesabına maliyyələşdirmək məqsədi ilə proqram və layihələrin ekspertizasının keçirilməsini təşkil etmək;
2.2.4. gənclər siyasəti sahəsində dövlət proqramlarından irəli gələn layihələrin maliyyələşdirilməsinə üstünlük vermək;
2.2.5. gənclərin inkişafını təmin edən regional və beynəlxalq proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.2.6. istedadlı və fəal gənclərin mükafatlandırılmasını təmin etmək;
2.2.7. yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələrini dəstəkləmək;
2.2.8. kadr hazırlığını stimullaşdırmaq, istedadlı gənclərin və gənc alimlərin məlumat bankını yaratmaq;
2.2.9. gənclər təşkilatlarının maddi-texniki inkişafı yolu ilə vətəndaş cəmiyyətini və ictimai təşəbbüskarlığı dəstəkləmək;
2.2.10. gənclərin internet media sahəsində inkişafını dəstəkləmək;
2.2.11. animasiya və bədii filmlər vasitəsilə gənc nəslin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək;
2.2.12. gənclərin ekoloji maarifləndirilməsi məqsədi ilə onlar arasında müxtəlif tədbirlər, o cümlədən təlim və tətbiqi layihələr həyata keçirmək;
2.2.13. beynəlxalq əməkdaşlığın genişləndirilməsi vasitəsi ilə ölkənin beynəlxalq səviyyədə mövqeyinin möhkəmləndirilməsində iştirak etmək;
2.2.14. gənc xarici vətəndaşların Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərini dəstəkləmək;
2.2.15. Azərbaycanın təqdimatına və təbliğinə yönəldilmiş layihələri dəstəkləmək;
2.2.16. gənclərin vəziyyətinin öyrənilməsi, müvafiq statistik məlumatların toplanması istiqamətində iş aparmaq;
2.2.17. gənclərin təhsili, sağlamlığı, peşəyönümü, məşğulluğu, inkişafı, asudə vaxtının səmərəli təşkili üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanması və yayılması üzrə proqramların və layihələrin həyata keçirilməsinə kömək etmək;
2.2.18. gənclər siyasətini həyata keçirən infrastrukturun maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərmək;
2.2.19. layihələrin həyata keçirilməsi üçün Fondun vəsaitinin xərclənməsi istiqamətlərini müəyyən etmək;
2.2.20. layihələrin maliyyələşdirilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi qaydalarını müəyyən etmək;
2.2.21. layihələrin həyata keçirilməsi məqsədi ilə müsabiqələr təşkil etmək və bununla bağlı:
2.2.21.1. elanlar vermək;
2.2.21.2. layihələr üzrə vəsaitin miqdarını müəyyənləşdirmək;
2.2.21.3. layihələrin təqdimolunma formalarını, müddətlərini və zəruri sənədlərin siyahısını müəyyən etmək;
2.2.21.4. təqdim olunmuş layihələri qiymətləndirmək;
2.2.21.5. layihələri məqbul hesab edilən şəxslərlə şifahi müsahibələr keçirmək;
2.2.21.6. müsabiqədə qalib gəlmiş layihələri müəyyənləşdirmək və müvafiq qərar qəbul etmək;
2.2.21.7. müsabiqənin qalibi ilə vəsaitdən istifadə şərtləri haqqında müqavilə bağlamaq;
2.2.21.8. müsabiqəni baş tutmamış elan etmək;
2.2.21.9. müsabiqənin nəticələri barədə məlumatları açıqlamaq;
2.2.22. qanuna və bu Əsasnaməyə uyğun olaraq layihələri maliyyələşdirmək;
2.2.23. Fond tərəfindən ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirmənin dayandırılması və verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək;
2.2.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yeniləşdirilməsini təmin etmək;
2.2.25. qanuna uyğun olaraq digər vəzifələri həyata keçirmək.
3. Fondun hüquqları
3.0. Fond öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. qanuna uyğun olaraq xarici ölkələrdə müvafiq funksiyaları yerinə yetirən dövlət qurumları, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurmaq, informasiya mübadiləsi aparmaq;
3.0.2. məqsədlərinə və qanuna uyğun olaraq, Azərbaycan Respublikasında və xarici ölkələrdə hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər qurmaq;
3.0.3. məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;
3.0.4. vəzifələrini yerinə yetirmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.0.5. qanuna uyğun olaraq regional və beynəlxalq təşkilatlara üzv olmaq;
3.0.6. Fondun fəaliyyətini və qrant layihələrinin mühüm nəticələrini ölkə daxilində və xaricdə təbliğ etmək;
3.0.7. Fondun vəsaitləri hesabına maliyyələşdirmək məqsədi ilə proqram və layihələrin ekspertizadan keçirilməsi üçün kənar mütəxəssisləri (ekspertləri) cəlb etmək;
3.0.8. Fondun vəsaiti hesabına verilən qrantların (vəsaitlərin) layihədə nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədi ilə monitorinqlər aparmaq, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, verilən vəsaitin qaytarılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək;
3.0.9. qanunla müəyyən olunmuş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.0.10. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək;
3.0.11. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
4. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə
4.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:
4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;
4.1.2. qanuna uyğun olaraq, yerli və xarici hüquqi və fiziki şəxslərin könüllü ianələri;
4.1.3. qanuna uyğun olaraq, xarici dövlətlərin və beynəlxalq təşkilatların qrantları və digər ayırmaları;
4.1.4. qanunla qadağan olunmayan digər mənbələr.
4.2. Fond sərəncamındakı vəsaitdən bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun istifadə edir.
4.3. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
4.4. Fondun vəsaitindən istifadə haqqında məlumat hər maliyyə ilinin sonunda kütləvi informasiya vasitələrində dərc edilməlidir.
5. Fondun idarə edilməsi
5.1. Fondun strukturunu, ştat cədvəlini, xərclər smetasını və fəaliyyətinə dair hesabatları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsdiq edir.
5.2. Fondun icraçı direktorunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəyə təyin və vəzifədən azad edir.
5.3. Fondun fəaliyyətinə ümumi nəzarəti Fondun Müşahidə Şurası (bundan sonra - Şura) həyata keçirir.
5.4. Şura, beş üzvü müvafiq dövlət orqanlarını, iki üzvü beynəlxalq təşkilatları, dörd üzvü qeyri-hökumət təşkilatlarını təmsil edən on bir üzvdən ibarət tərkibdə formalaşdırılır.
5.5. Şuranın beş üzvünü aşağıdakı mərkəzi icra hakimiyyəti orqanları (hər mərkəzi icra hakimiyyəti orqanından bir nəfər olmaqla) təyin edirlər:
5.5.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi;
5.5.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
5.5.3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
5.5.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi;
5.5.5. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
5.6. Şuranın beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını təmsil edən üzvləri həmin təşkilatların təqdimatı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təyin edilir.
5.7. Şuranın ümumi tərkibi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilir.
5.8. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
5.9. Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.
5.10. Şuranın üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
5.11. Şuranın sədri, sədr müavini və katibi Şuranın ilk iclasında Şuranın üzvləri tərəfindən Şuranın üzvləri sırasından seçilirlər.
5.12. Şura:
5.12.1. Fondun fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;
5.12.2. Fonda əlavə vəsait cəlb edilməsinin strategiyasını hazırlayır və həyata keçirilməsinə nəzarət edir;
5.12.3. layihələrin həyata keçirilməsi məqsədi ilə gənclər siyasətində dövlət dəstəyinin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə təkliflərini Fondun icraçı direktoruna təqdim edir;
5.12.4. Fondun icraçı direktorunun təqdimatına əsasən, Fondun vəsaitindən istifadənin əsas istiqamətlərini, Fondun xərclər smetasının layihəsini və balansını müzakirə edir və tövsiyələr verir;
5.12.5. müsabiqəyə təqdim edilən layihələrə baxılması qaydasını və həmin layihələrin qiymətləndirilməsi meyarlarını təsdiq edir;
5.12.6. müsabiqənin nəticələri barədə qərarlar qəbul edir;
5.12.7. Fond ilə layihələrin icraçı təşkilatları arasında Fondun vəsaitlərindən istifadənin şərtləri haqqında bağlanılan müqavilələrin nümunəvi layihələrini təsdiq edir;
5.12.8. layihələrin tərtib olunmasına dair tələbləri müəyyən edir;
5.12.9. layihələrin həyata keçirilməsinə Fond tərəfindən ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət məqsədi ilə monitorinqlərin aparılması qaydasını təsdiq edir;
5.12.10. Fondun fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edir;
5.12.11. Fondun fəaliyyətinin auditor yoxlamalarını təşkil edir və nəticələri barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə məlumat verir;
5.12.12. Fondun fəaliyyəti ilə bağlı Fondun icraçı direktorunun illik hesabatlarına baxır və rəy verir;
5.12.13. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təkliflər verir;
5.12.14. Fondun cari fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.
5.13. Şura öz iclaslarını rübdə bir dəfədən az olmayaraq keçirir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər.
5.14. Şuranın iclasları üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə yolu ilə və iclasda iştirak edən Şura üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Şura sədrinin səsi həlledici hesab edilir;
5.15. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır, protokolu və protokola əlavələri sədr və katib imzalayırlar;
5.16. Şuranın iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.
5.17. Şura üzvlərinin aşağıdakı hüquqları vardır:
5.17.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
5.17.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
5.17.3. Şurada baxılan məsələlərə dair fikir söyləmək;
5.17.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;
5.17.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.
5.18. Şura üzvləri:
5.18.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;
5.18.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;
5.18.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
5.18.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.
5.19. Şuranın sədri:
5.19.1. Şuranın işini təşkil edir;
5.19.2. Şura iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslarda sədrlik edir;
5.19.3. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.
5.20. Şura sədrinin müavini Şura sədrinin ona həvalə etdiyi vəzifələri yerinə yetirir, Şuranın sədri vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərini həyata keçirir.
5.21. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən digər hallar olduqda, Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir. Belə əsaslar olduqda, Şuranın üzvünə yazılı və ya şifahi formada əsaslandırılmış etiraz edilə bilər.
5.22. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin qərarı ilə vaxtından əvvəl xitam verilə bilər:
5.22.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
5.22.2. bu Əsasnamədə Şura üzvü üçün nəzərdə tutulmuş tələblərə uyğun gəlmədikdə;
5.22.3. səhhətinə görə vəzifələrini altı aydan artıq yerinə yetirə bilmədikdə;
5.22.4. ardıcıl olaraq 4 dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
5.22.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
5.22.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
5.22.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.
5.23. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalan hissəsi üçün bu Əsasnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.
6. Fondun fəaliyyətinin təşkili
6.1. Fondun fəaliyyətinə Fondun icraçı direktoru rəhbərlik edir.
6.2. Fondun icraçı direktoru:
6.2.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;
6.2.2. Fondun illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla təsdiq edir;
6.2.3. Fondun maliyyə vəsaiti də daxil olmaqla əmlakını idarə edir;
6.2.4. Fond adından, qanunun tələbləri gözlənilməklə, müqavilələr bağlayır, səlahiyyətləri daxilində əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarət edir;
6.2.5. öz səlahiyyətləri daxilində işçiləri işə qəbul edir, işdən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;
6.2.6. Fondun daxili intizam qaydalarını təsdiq edir;
6.2.7. Fondun xərclər smetasının layihəsini, vəsaitindən istifadənin əsas istiqamətlərinə dair təklifləri hazırlayır və baxılmaq üçün Şuraya təqdim edir;
6.2.8. Fondun maliyyələşdirdiyi layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəzarət edir;
6.2.9. Fondun fəaliyyəti və vəsaitindən istifadənin vəziyyəti barədə illik hesabat hazırlayır, Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə təqdim edir;
6.2.10. auditin keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin edir;
6.2.11. zəruri hallarda aidiyyəti dövlət orqanlarının, beynəlxalq və ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrini Şuranın iclaslarına dəvət edir;
6.2.12. Fondun kargüzarlıq işlərini təşkil edir;
6.2.13. öz səlahiyyətləri daxilində Fondun fəaliyyətinə dair qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
6.2.14. Fondun illik fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırır;
6.2.15. Fondun vəzifələrinə uyğun olaraq, Şuranın səlahiyyətlərinə aid olmayan digər vəzifələri yerinə yetirir;
6.2.16. qanuna və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
7. Mühasibat uçotu və hesabat
Fond qanuna uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə və statistik hesabatları aidiyyəti üzrə təqdim edir.
8. Fondun yenidən təşkili və ləğv edilməsi
8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
8.2. Fond ləğv edildikdə, əmlakının bölgüsü ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada həll edilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında