Şriftin ölçüsü:
20.09.2011 10:34 | Oxunma sayı: 1041
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1.1. Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta etdirilməli olan dövlət əmlakının siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun 40.3-cü maddəsində nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi normativ xarakterli aktların "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
3.1. iki ay müddətində:
3.1.1. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 4.5-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələbləri müəyyən etsin;
3.1.2. həmin Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş icbari sığorta şəhadətnamələrinin forması, onların çap olunma və doldurulma qaydalarını həmin Qanunla tənzimlənən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda müəyyən etsin;
3.1.3. həmin Qanunun 28.4-cü maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan iştirak haqqının məbləğini müəyyən etsin;
3.1.4. həmin Qanunun 30.1.2-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan təminat depozitinin məbləğini müəyyən etsin;
3.1.5. həmin Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun iştirakçısı olan sığortaçıların şərti öhdəliklər ehtiyatının formalaşdırılması qaydasını və həmin ehtiyatın məbləğini müəyyən etsin;
3.1.6. həmin Qanunun 40.2-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydasını müəyyən etsin;
3.1.7. həmin Qanunun 48-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləğini müəyyən etsin;
3.1.8. həmin Qanunun 57.1-ci maddəsində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasını müəyyən etsin;
3.1.9. həmin Qanunun 58.2-ci və 58.5-ci maddələrində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdikləri protokolun formasını və tərtib edilmə qaydasını müəyyən etsin;
3.1.10. həmin Qanunun 58.4-cü maddəsində nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın formasını müəyyən etsin;
3.1.11. həmin Qanunun 69-cu maddəsində nəzərdə tutulmuş sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta haqlarının məbləğinin hesablanması qaydasını müəyyən etsin;
3.1.12. həmin Qanunun 73.1-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun təsis iclasının çağırılmasını təmin etsin;
3.2. üç ay müddətində aktuari və sığorta vasitəçiliyi fəaliyyətlərinin inkişaf etdirilməsi, korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi, sığorta şirkətlərində elektron informasiya sistemlərinin tətbiqinin təmin edilməsi və sığorta xidmətlərinin elektron vasitələrlə təqdim olunması, habelə elektron imzadan istifadə etməklə sığorta əqdlərinin bağlanmasına imkan verən hüquqi bazanın yaradılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçıların İcbari Sığorta Bürosunda iştirakının təmin edilməsi üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Müəyyən edilsin ki:
4.1. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci və 40.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.2. həmin Qanunun 58.2-ci və 61.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
4.3. həmin Qanunun 60.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini 60.2.1-ci və 60.2.4-cü maddələrinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, 60.2.2-ci maddəsinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, 60.2.3-cü maddəsinə münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
4.4. həmin Qanunun 75-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası həyata keçirir.
5. Bu Fərmanın dərc edildiyi tarixdən bir ay sonra Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1996-cı il 07 iyul tarixli 470 nömrəli, "İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 18 aprel tarixli 690 nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2003-cü il 5 iyun tarixli 877 nömrəli, "Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2003-cü il 4 avqust tarixli 913 nömrəli, "Yanğından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 12 aprel tarixli 47 nömrəli, "Yanğından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" 2005-ci il 27 aprel tarixli 228 nömrəli fərmanları və "Sərnişinlərin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2004-cü il 26 may tarixli 234 nömrəli və "Yanğından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2004-cü il 14 oktyabr tarixli 460 nömrəli sərəncamları ləğv edilir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.