Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Ə S A S N A M Ə

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi (bundan sonra - Nəqliyyat Nazirliyi) haqqında Əsasnaməni, Azərbaycan Respublikası nəqliyyat nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz yerli qurumları vasitəsilə həyata keçirir.
4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları və digər qurumlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
5. Xidmətin müstəqil balansı, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin adı və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
7. Xidmətin aparatı Bakı şəhərində yerləşir.

{nl}

II. Xidmətin fəaliyyət istiqamətləri
8. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
8.1. avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir;
8.2. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür;
8.3. beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir;
8.4. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir;
8.5. avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür;
8.6. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

{nl}

III. Xidmətin vəzifələri
9. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
9.1. avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin və tənzimləməsinin işlənib hazırlanmasında Nəqliyyat Nazirliyinə təkliflər vermək, bu sahədə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;
9.2. avtomobil nəqliyyatı sahəsində proqramlara (tədbirlərə) və normativ hüquqi aktlara dair təkliflər (layihələr) hazırlayıb Nəqliyyat Nazirliyinə təqdim etmək, qəbul (təsdiq) olunduqdan sonra onların həyata keçirilməsini təmin etmək;
9.3. avtomobil nəqliyyatının subyektləri tərəfindən beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət olunmasına nəzarət etmək;
9.4. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq fərqləndirmə nişanları ilə təmin etmək və bu sahədə aidiyyəti dövlət orqanı ilə birlikdə müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək;
9.5. avtomobil nəqliyyatı sahəsində mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək;
9.6. beynəlxalq sərnişin və yük avtomobil daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarının yerinə yetirilməsini təmin etmək;
9.7. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət etmək;
9.8. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək;
9.9. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıları müsabiqə qaydasında cəlb etmək və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlamaq;
9.10. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən daşıyıcılara qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların müraciəti əsasında xüsusi razılıq (lisenziya) verilməsi üçün müvafiq tədbirlər görmək, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının müvafiq növünə verilmiş xüsusi razılıq (lisenziya) şərtlərinə hüquqi şəxslərin və fərdi sahibkarların əməl etməsinə nəzarət etmək, xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi və ya qüvvəsinin dayandırılması (bərpası) barədə qanunvericiliyə uyğun qərarların qəbul edilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinə təkliflər vermək;
9.11. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələri, o cümlədən rübdə bir dəfə həmin avtonəqliyyat vasitələrinin texniki yoxlanılmasını təşkil etmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək;
9.12. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, sərnişin və yük avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərnişinlərin icbari sığortalanmasına, habelə mövcud tariflərə uyğun gediş haqlarının tətbiqi qaydalarına riayət olunmasına nəzarət etmək;
9.13. qanunvericilikdə müəyyən edilmiş qaydada taksi minik avtomobilləri ilə sərnişin daşınması qaydalarına əməl olunmasına nəzarət etmək;
9.14. müəyyən olunmuş qaydada avtobus və taksi minik avtomobili dayanacaqlarının, həmçinin avtovağzalların (avtostansiyaların) pasportlaşdırılmasını həyata keçirmək və avtovağzalların (avtostansiyaların) göstərdikləri xidmətlərin səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunan kateqoriyalara uyğunluğuna nəzarət etmək;
9.15. avtomobil nəqliyyatı sahəsində normativ hüquqi aktların, texniki norma və qaydaların tələbləri pozulduğu hallarda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;
9.16. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qəbul olunmuş normativ hüquqi aktların və sahə standartlarının icrasını təmin etmək və onlara riayət olunmasına nəzarət etmək;
9.17. avtomobil nəqliyyatı infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki təmir stansiyalarının, yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud yenidən qurulmasına müəyyən olunmuş qaydada rəy bildirmək;
9.18. avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki təmir sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti daxilində yoxlamaq;
9.19. müəyyən olunmuş qaydada avtomobil nəqliyyatı sahəsində ətraf mühitin qorunmasına dair təkliflər vermək;
9.20. qanun pozuntularına yol vermiş şəxslərin əməllərində cinayət məsuliyyəti yaradan hallar olduqda, materialları hüquq mühafizə orqanlarına göndərmək;
9.21. qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;
9.22. avtomobil nəqliyyatının səfərbərlik hazırlığının lazımi səviyyədə saxlanmasını təmin etmək üçün zəruri tədbirlər görmək;
9.23. Xidmətin fəaliyyətinin təşkili ilə bağlı ayrılan büdcə vəsaitindən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
9.24. tabeliyindəki qurumların fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi istiqamətində Nəqliyyat Nazirliyinə təkliflər vermək və tədbirlər görmək;
9.25. Xidmətin yerli qurumlarının və tabeliyindəki digər qurumların fəaliyyətinə nəzarət etmək, onların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi barədə Nəqliyyat Nazirliyinə təkliflər vermək;
9.26. Xidmətin sərəncamındakı dövlət əmlakını və maliyyə vəsaitlərini qanunvericilikdə müəyyən olunmuş qaydada idarə etmək;
9.27. Xidmətin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların və digər məxfi informasiyanın qorunub saxlanmasını təmin etmək;
9.28. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görmək;
9.29. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

{nl}

IV. Xidmətin hüquqları
10. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:
10.1. Azərbaycan Respublikasında avtomobil nəqliyyatının inkişafında, yük və sərnişin daşımaları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək və bu sahədə Nəqliyyat Nazirliyinə təkliflər vermək;
10.2. fəaliyyət istiqamətləri üzrə və digər sahələrə aid normativ hüquqi aktların və normativ sənədlərin layihələrinə dair Nəqliyyat Nazirliyinə rəy və təkliflərini vermək;
10.3. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;
10.4. vəzifə və funksiyalarını həyata keçirmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri), habelə avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq;
10.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, təhqiqatlar aparmaq, təkliflər vermək;
10.6. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında baş vermiş qəza hadisələrinin səbəblərinin araşdırılmasında iştirak etmək;
10.7. avtomobil nəqliyyatı haqqında qanunvericiliyə riayət edilməsinə, nəqliyyat xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini təmin etmək məqsədi ilə araşdırmalar və monitorinqlər keçirmək, aşkar olunmuş qanun pozuntuları ilə bağlı aktlar tərtib etmək və onların aradan qaldırılmasını qanunvericilikdə müəyyən edilmiş qaydada tələb etmək;
10.8. avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərini pozan şəxslər barəsində qanunvericilikdə müəyyən edilmiş tədbirlər görmək;
10.9. qanunvericilikdə müəyyən edilmiş sərnişin və yük daşımaları qaydalarını pozan avtonəqliyyat vasitələrini saxlamaq, qanunvericilikdə nəzərdə tutulan hallarda öz xidməti vəzifələrini yerinə yetirmək üçün avtomobil nəqliyyatının infrastruktur obyektlərinə daxil olmaq və zəruri sənədlərlə tanış olmaq;
10.10. öz səlahiyyətinə aid məsələlərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmələrə iddialarla (ərizələrlə) müraciət etmək və məhkəmələrdə öz adından iştirak etmək;
10.11. beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq səlahiyyətinə aid edilmiş məsələlər üzrə müvafiq sənədləri yoxlamaq;
10.12. beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən icazələrin mübadiləsi üzrə kvotaların müəyyən edilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinə təkliflər vermək;
10.13. Xidmətin bu Əsasnamədə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun struktur bölmələrinin, yerli qurumlarının və tabeliyindəki digər qurumların yaradılması, yenidən təşkili və ya ləğvi barədə Nəqliyyat Nazirliyinə təkliflər vermək;
10.14. Xidmətin fəaliyyət istiqamətləri üzrə peşəkar kadr və mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması işini təşkil etmək;
10.15. öz vəzifələrini icra edərkən hüquq mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;
10.16. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq və təcrübə mübadiləsi etmək;
10.17. Xidmətin səlahiyyətinə aid edilmiş məsələlərin tədqiq edilməsi məqsədilə elmi tədqiqat müəssisələrini və digər təşkilatları, habelə fəaliyyət istiqamətlərinə aid olan məsələlərin həlli və işlərin görülməsi üçün müqavilə əsasında xarici və yerli mütəxəssisləri, ekspertləri, məsləhətçiləri, tərcüməçiləri işə cəlb etmək;
10.18. Xidmətin fəaliyyəti ilə əlaqədar konfranslar, seminarlar və digər tədbirlər keçirmək və bu tədbirlərdə iştirak etmək;
10.19. səlahiyyətinə aid məsələlər üzrə komissiyalar, işçi qrupları yaratmaq;
10.20. qanunvericilikdə müəyyən olunmuş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
10.21. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

{nl}

V. Xidmətin fəaliyyətinin təşkili
11. Xidmətin aparatı, yerli qurumları və tabeliyindəki digər qurumlar Xidmətin vahid sistemini təşkil edir.
12. Xidmət öz fəaliyyətini aparatı, yerli qurumları və tabeliyindəki digər qurumlar vasitəsilə həyata keçirir.
13. Müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının və tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını Nəqliyyat Nazirliyi təsdiq edir.
14. Xidmət müvafiq büdcə vəsaitinin sərəncamçısıdır və həmin vəsaitdən Nəqliyyat Nazirliyinin təsdiq etdiyi icmal smetalara əsasən təyinatı üzrə istifadə edir.
15. Xidmətə Azərbaycan Respublikasının nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan rəis rəhbərlik edir.
16. Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə rəis şəxsən məsuliyyət daşıyır.
17. Xidmət rəisinin Azərbaycan Respublikasının nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan iki müavini vardır.
18. Xidmətin aparatının struktur bölmələrinin rəhbərlərini, həmçinin xidmətin yerli qurumlarının və tabeliyindəki digər qurumların rəhbərlərini Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.
19. Xidmətin nəzarət funksiyalarını yerinə yetirən müfəttişlərinin Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi geyim formasını və fərqləndirmə nişanlarını daşımaq hüququ vardır.
20. Bu Əsasnamənin 10.9-cu bəndində nəzərdə tutulmuş səlahiyyətləri Xidmətin nəzarət funksiyalarını yerinə yetirən müfəttişləri qanunvericilikdə müəyyən edilmiş qaydada xidməti vəsiqəni təqdim etməklə həyata keçirirlər.
21. Xidmətin rəisi:
21.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
21.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini müəyyən edir;
21.3. Xidmətin aparatının və yerli qurumlarının əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;
21.4. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
21.5. Xidmətin yerli qurumlarının xərclər smetasını təsdiq edir;
21.6. Xidmətin struktur bölmələrinin və yerli qurumlarının əməkdaşlarına münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
21.7. Xidmətin fəaliyyət sahəsinə aid məsələlərə dair normativ hüquqi aktları müəyyən olunmuş qaydada təsdiq edilmək üçün Nəqliyyat Nazirliyinə təqdim edir;
21.8. Xidmətin aparatının, yerli qurumlarının və tabeliyindəki digər qurumların fəaliyyətinə dair əmr, sərəncam və göstərişlər verir, normativ hüquqi aktların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
21.9. müvafiq vəzifələrin yerinə yetirilməsi məqsədilə Xidmət üçün nəzərdə tutulmuş büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq olunmaq üçün Nəqliyyat Nazirliyinə təqdim edir;
21.10. Xidmətin fəaliyyətinə dair məlumat və hesabatlar hazırlayıb Nəqliyyat Nazirliyinə təqdim edir;
21.11. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları mütəmadi olaraq Nəqliyyat Nazirliyinə təqdim edir;
21.12. Xidməti bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə kommersiya və qeyri-kommersiya təşkilatları ilə, fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə etibarnaməsiz təmsil edir;
21.13. Xidmətin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, yerli qurumlarının və tabeliyindəki digər qurumların əsasnamələrinin və ya nizamnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün müvafiq qaydada Nəqliyyat Nazirliyinə təqdim edir;
21.14. Xidmətin fəaliyyəti ilə əlaqədar beynəlxalq əməkdaşlıqda öz səlahiyyəti daxilində Nəqliyyat Nazirliyinin adından iştirak edir;
21.15. Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikası nəqliyyat nazirinin əmr və sərəncamlarına, bu Əsasnaməyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
22. Xidmətin rəisi öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası nəqliyyat nazirinin əmri ilə müvəqqəti olaraq müavinlərdən biri həyata keçirir.
23. Xidmətin səlahiyyətinə aid olan avtomobil nəqliyyatı sahəsində mühüm məsələlərin həlli üçün Xidmətin rəisindən, onun müavinlərindən, Xidmətin aparatının, yerli qurumlarının və tabeliyindəki digər qurumların rəhbərlərindən ibarət Şura yaradılır.
24. Şura üzvlərinin sayını və tərkibini, təşkili və fəaliyyət qaydalarını Xidmətin təqdimatı əsasında Azərbaycan Respublikasının nəqliyyat naziri müəyyən edir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında