Şriftin ölçüsü:
24.04.2011 09:38 | Oxunma sayı: 1147
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 8 aprel tarixli 97-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş elektron qaydada verilən viza blankının təsvirini və nümunəsini təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2011-ci il iyunun 1-dək:
3.1. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən elektron vizaların verilməsi işini təşkil etsin;
3.2. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş məlumatların nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.
4. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin Əlaqələndirmə Şurasına tapşırılsın ki, elektron vizaların Sistem vasitəsilə verilməsini təmin etmək üçün müvafiq tədbirlər görsün.
5. Müəyyən edilsin ki:
5.1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti (birinci halda) və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (ikinci halda) həyata keçirir;
5.2. həmin qanunun 14-cü maddəsinin beşinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
5.3. həmin qanunun 14-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
`Bakı şəhəri, 20 aprel 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.