Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 
Fərmanı ilə təsdiq edilmişdir
 
1. Ümumi müddəalar
1.1. Dənizkənarı Bulvar İdarəsi (bundan sonra – Bulvar İdarəsi) Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın (bundan sonra – Milli Park), Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.  
1.2.  Bulvar İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3.  Bulvar İdarəsi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4.  Bulvar İdarəsi ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Bulvar İdarəsi bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5.  Bulvar İdarəsinin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları, blankları və loqotipi (emblemi) vardır.
1.6.  Qanuna uyğun olaraq, Bulvar İdarəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Bulvar İdarəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7.  Bulvar İdarəsi Bakı şəhərində yerləşir.
2. Bulvar İdarəsinin fəaliyyətinin məqsədi və istiqamətləri
2.1.  Bulvar İdarəsinin fəaliyyətinin məqsədi Bakı şəhərində yerləşən Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində  fəaliyyət göstərməkdir. 
2.2. Bulvar İdarəsinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.2.2. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.2.3. müvafiq sahədə nəzarəti həyata keçirmək;
2.2.4. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək.
3. Bulvar İdarəsinin hüquq və vəzifələri
3.1.  Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bulvar İdarəsinin  vəzifələri aşağıdakılardır:
3.1.1. Milli Parka aid olan proqram və inkişaf konsepsiyalarını hazırlamaq və həyata keçirmək;
3.1.2. Milli Park ərazisinə nəzarəti həyata keçirmək;
3.1.3. Milli Park ərazisində yerləşən xüsusi ekoloji, tarixi, estetik əhəmiyyət daşıyan təbiət və mədəniyyət obyektlərdən, xüsusi əhəmiyyətli obyektlərdən istifadə rejimini təmin etmək, onların qorunması, istifadə qaydalarının, mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək;
3.1.4. Milli Park ərazisində təmir-tikinti, kommunal xidmət, abadlaşdırma, yaşıllaşdırma, mühafizə, təbliğat və sair fəaliyyətlərin təşkili istiqamətində dövlət sifarişlərini və xüsusi sifarişləri həyata keçirmək;
3.1.5. Milli Park ərazisində yarmarkaları, sərgiləri, konsert proqramlarını, şənlikləri, festivalları, bayram tədbirlərini, yürüşləri, müsabiqələri və digər mədəni-kütləvi tədbirləri həyata keçirmək;
3.1.6. Milli Park ərazisində kommersiya və qeyri-kommersiya fəaliyyətini həyata keçirmək üçün müraciət edən fiziki və hüquqi şəxslərlə müqavilələr bağlamaq, beynəlxalq və yerli əhəmiyyətli mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinə razılıq vermək;
3.1.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq ticarət və iaşə fəaliyyətini təşkil etmək, habelə Milli Park ərazisində mövsümi (səyyari) ticarət və xidmət yerlərini müəyyən etmək;
3.1.8. Bakı şəhərindəki Dövlət Bayrağı Meydanının ərazisində yerləşən Azərbaycan Respublikasının Dövlət bayrağına və onun dirəyinə texniki xidmətin, onların saxlanılması və mühafizəsinin təşkili istiqamətində dövlət sifarişini həyata keçirmək;
3.1.9. Azərbaycan Respublikasının dövlət rəmzlərini və dövlətçilik tarixini əhali arasında geniş təbliğ etmək məqsədi ilə Dövlət Bayrağı Muzeyinin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
3.1.10. Milli Park ərazisində təbiət və mədəniyyət obyektləri üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılmasına qadağa qoymaq, təhlükəsizlik tədbirlərini müəyyənləşdirmək və tətbiq etmək, bununla əlaqədar tələblər irəli sürmək və yerinə yetirildiyi halda işlərin davamına razılıq vermək;
3.1.11. Milli Parkın ərazi planlaşdırmasında iştirak etmək;
3.1.12. Milli Park ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı müəyyən olunmuş vahid tələblər konsepsiyasına əməl olunmasına nəzarət etmək;
3.1.13. Milli Park ərazisində abadlıq və yenidənqurma işlərinin aparılmasına razılıq vermək;
3.1.14. Milli Park ərazisində yerləşən obyektlər icarəyə verilərkən Milli Park üçün mühafizə rejiminə riayət olunmasına nəzarət etmək;
3.1.15. dekorativ və nadir bitki növlərinin, yaşıllıq sahələrinin salınması, onlara qulluq edilməsi və həmin bitkilərin qorunmasını təmin etmək; 
3.1.16. stasionar və daşınar attraksionların, oyun və əyləncə komplekslərinin  quraşdırılması, saxlanması, sökülməsi və istifadəsini təşkil etmək;
3.1.17. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Milli Park ərazisində reklam fəaliyyətinə nəzarəti və bu sahədə tənzimləməni həyata keçirmək, o cümlədən reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlarda konstruktiv dəyişikliklər edilməsinə və reklam yerləşdirilməsinə icazə vermək, reklam yerləşdirilməsinə icazə verərkən reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim etmək və reklam yayıcısı ilə icazə müqaviləsi bağlamaq;
3.1.18. Milli Park ərazisində yerləşən təbiət və mədəniyyət obyektlərinin, eləcə də Dövlət Bayrağı Meydanının elmi, mədəni və tarixi əhəmiyyətini əhali və ölkəmizə gələn qonaqlar arasında geniş təbliğ etmək, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanmasını, elmi kütləvi ədəbiyyatın nəşrini, beynəlxalq və milli simpoziumların və seminarların keçirilməsini təşkil etmək;
3.1.19. Milli Park ərazisində turizmi inkişaf etdirmək, turist marşrutlarını müəyyən etmək və bununla bağlı infrastrukturun yaradılmasını təşkil etmək, turizm xidmətləri və ictimai-sosial xidmətlər göstərmək, turizm sahəsində hüquqi və fiziki şəxslərlə müqavilələr bağlamaq və qarşılıqlı faydalı əməkdaşlıq etmək;
3.1.20. Dövlət Bayrağı Meydanının, Milli Parkın gözəlliyini və tarixini əks etdirən təbliğat materiallarının (kitablar, jurnallar, bukletlər, bülletenlər, şəkillər və s.) çapını, yayımını təşkil etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq digər təbliğat işlərini aparmaq;
3.1.21. Milli Park ərazisində mühəndis-kommunikasiya sistemlərinə cavabdeh olan müəssisə və təşkilatların fəaliyyətini əlaqələndirmək;
3.1.22. Milli Park ərazisində stasionar və daşınar sanitar qovşaqlarının işini təşkil etmək; 
3.1.23. Milli Parkın fəaliyyətinə dair proqnozlaşdırma işlərini təşkil etmək və Milli Parkın davamlı inkişafını təmin etmək;
3.1.24. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; 
3.1.25. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.26. Bulvar İdarəsinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.28. Bulvar İdarəsinə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.29. Bulvar İdarəsinin informasiya təminatını və onun təhlükəsizliyini təşkil etmək;
3.1.30. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.31. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.32. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Bulvar İdarəsinin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.33. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2.  Öz vəzifələrini yerinə yetirmək üçün Bulvar İdarəsinin aşağıdakı hüquqları vardır:
3.2.1. Milli Parkla bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
3.2.2. beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək;
3.2.3. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.4. Milli Parkı beynəlxalq səviyyədə təmsil etmək, müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.5. Milli Park ərazisində hər hansı təsərrüfat, inşaat-təmir, abadlıq, bərpa, rekonstruksiya və regenerasiya işlərinin aparılmasına razılıq vermək;
3.2.6. Milli Park ərazisində təbiət və mədəniyyət obyektlərindən, xüsusi əhəmiyyətli obyektlərdən istifadə və mühafizə rejiminin tətbiqi sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək;
3.2.7. Milli Park ərazisində yerləşən təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması və s.) razılıq vermək;
3.2.8. əhalinin istirahətinin yüksək səviyyədə təmin edilməsi və turistlərin cəlb edilməsi məqsədi ilə Milli Parkın sahilyanı su (akvatoriya) sahələrində müxtəlif su əyləncəsi növlərini təşkil etmək; 
3.2.9. Milli Park ərazisində mədəni-kütləvi tədbirlər keçirməklə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlər yaratmaqla, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etməklə və müxtəlif növ xidmətlər göstərməklə gəlir əldə etmək;
3.2.10. Milli Parkın inkişafı məqsədilə investisiyalar cəlb etmək;
3.2.11. Bulvar İdarəsinin balansında olan əmlakı icarəyə vermək və ya ondan istifadə etmək; 
3.2.12. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.14. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
4. Bulvar İdarəsinin idarə olunması
4.1.  Bulvar İdarəsi öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2.  Bulvar İdarəsinin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3.  İdarə Heyəti Bulvar İdarəsinə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən ibarətdir. İdarə Heyətinin sədrini və sədrin iki müavinini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
4.4.  İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.4.1. Bulvar İdarəsinin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;
4.4.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək və sənədlər təqdim etmək; 
4.4.3. Bulvar İdarəsinin fəaliyyətinə dair illik hesabat hazırlayaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
4.4.4. Bulvar İdarəsinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu müəyyənləşdirmək;
4.4.5. Bulvar İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim etmək;
4.4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Bulvar İdarəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Bulvar İdarəsinin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.4.7. aidiyyəti şəxslə dəyəri Bulvar İdarəsinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.4.8. Bulvar İdarəsinin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.4.9. Bulvar İdarəsinin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.4.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.4.11. bu Nizamnamənin 3.1.28-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.4.12. Bulvar İdarəsinin fəaliyyətini təşkil etmək;
4.4.13. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.4.14. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.4.15. Bulvar İdarəsinin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə Aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək, onlarda müvafiq dəyişikliklər edilməsi haqqında qərarlar qəbul etmək.
4.5.  İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin hamısı iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.6.  İdarə Heyətinin sədri:
4.6.1. Bulvar İdarəsinin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;
4.6.2. İdarə Heyətinin iclaslarına sədrlik edir;
4.6.3. sədr müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
4.6.4. sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
4.6.5. Bulvar İdarəsinin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir, Bulvar İdarəsinə aid məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin formalaşdırılması ilə bağlı təkliflər verir;
4.6.6. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;
4.6.7. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin hər hansı digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.6.8. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.6.9. Bulvar İdarəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.6.10. Bulvar İdarəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.6.11. Bulvar İdarəsində  vətəndaşların qəbulunu və müraciətlərə baxılmanı təmin edir;
4.6.12. Bulvar İdarəsində kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.6.13. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Bulvar İdarəsinin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin, onların müavinlərinin, baş mühəndislərinin və baş mühasiblərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərar qəbul edir;
4.6.14. Bulvar İdarəsinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını (o cümlədən əmrlərini, sərəncamlarını) ləğv edir;
4.6.15. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Bulvar İdarəsinin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.6.16. Bulvar İdarəsinin fəaliyyət istiqamətləri ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.6.17. Bulvar İdarəsinin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.6.18. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Bulvar İdarəsinin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
4.6.19. Bulvar İdarəsinin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir;
4.6.20. bu Nizamnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
4.6.21. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.7.  İdarə Heyətinin üzvləri:
4.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.7.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təklif verirlər;
4.7.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.8. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
4.9. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi sədr müavini həyata keçirir.
5. İdarənin fəaliyyətinə nəzarət forması və əhatə dairəsi
5.1.  Bulvar İdarəsinin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin təsisçinin səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, bu Nizamnamədə nəzərdə tutulduğu hallarda isə Bulvar İdarəsinin İdarə Heyəti həyata keçirirlər.
5.2.  Bulvar İdarəsinin fəaliyyətinə dair illik hesabatı, habelə maliyyə hesabatını Bulvar İdarəsinin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
6. Bulvar İdarəsinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
6.1.  Bulvar İdarəsinin nizamnamə fondu 69 059 580 (altmış doqquz milyon əlli doqquz min beş yüz səksən) manatdır.
6.2.  Bulvar İdarəsinin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
6.3.  Bulvar İdarəsi öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarına malikdir. İdarə balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
6.4.  Bulvar İdarəsi qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Bulvar İdarəsinin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Bulvar İdarəsi bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər, gördüyü işlər və sair fəaliyyət nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən binalar, avadanlıq, qurğular, qeyri-maddi aktivlər, texnologiyalar, nəqliyyat vasitələri və sair aktivlər əldə edə bilər.
7. İdarədə uçot və hesabat
7.1.  Bulvar İdarəsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2.  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatları tərtib edir.
7.3.  Bulvar İdarəsi idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir. Bulvar İdarəsi daxili audit xidmətini təsis edir. 
7.4.  Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.
7.5.  Bulvar İdarəsində  maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
8. İdarənin yenidən təşkili və ləğvi
İdarənin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında