Şriftin ölçüsü:
10.04.2011 09:53 | Oxunma sayı: 1100
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 18 mart tarixli 96-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qüvvədə olan normativ xarakterli aktların "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı müvafiq tədbirlər görsün.
3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №10, maddə 794; 2008-ci il, №1, maddə 9; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 mart tarixli 402 nömrəli fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2-ci bənddə "ibtidai istintaq" sözlərindən sonra "və əməliyyat-axtarış fəaliyyəti" sözləri əlavə edilsin;
3.2. 5.3-cü bənddə "fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görür və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən" sözləri "fəaliyyətini həyata keçirir, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə" sözləri ilə əvəz edilsin;
3.3. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
"7.4. korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş bütün əməliyyat-axtarış tədbirlərini həmin qanunla müəyyən edilmiş qaydada həyata keçirir, zərurət yarandıqda, bu sahədə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinə tapşırır və görülmüş tədbirlər barədə məlumat alır;";
3.4. 11-ci bənd aşağıdakı redaksiyada verilsin:
"11. İdarə tərəfindən əməliyyat-axtarış fəaliyyətinin yerinə yetirilməsi zamanı qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş prokuroru həyata keçirir.";
3.5. 12-ci bənddə "və" sözü ", əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən və digər" sözləri ilə əvəz edilsin;
3.6. aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:
"12-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliklərə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanılması məqsədilə İdarədə mütəxəssislər qrupu yaradıla bilər.";
3.7. 19.8-ci bənddə "İdarəyə ezam edilmiş əməliyyat-axtarış subyektləri əməkdaşlarının və İdarənin işçilərinin" sözləri "İdarənin işçilərinin və birgə istintaq-əməliyyat qrupları üzvlərinin" sözləri ilə əvəz edilsin;
3.8. 19.9-cu bənddə "və İdarəyə ezam edilmiş" sözləri ", əməliyyat-axtarış fəaliyyətini həyata keçirən işçilərindən və digər" sözləri ilə əvəz edilsin.
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 aprel 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.