Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində:
1.1. parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etsin;
1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etsin;
1.3. dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra – təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etsin;
1.4. nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.
2. Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilsin.
3. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlayıb bir ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Bakı şəhərində yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin duracaqların (qarajların) Agentlik tərəfindən tikilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təşkil etsin;
4.3. bu Fərmanın 2-ci və 3-cü hissələri nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan dövlət əmlakının Bakı Nəqliyyat Agentliyinin balansına verilməsini təmin etsin;
4.4. nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.1.1-ci yarımbənddə “təşkil edir” sözlərindən sonra “, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir” sözləri əlavə edilsin.
6.2. 3.1.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.6. parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür;”;
6.3. aşağıdakı məzmunda 3.1.6-1-ci yarımbənd əlavə edilsin:
“3.1.6-1. öz balansında olan avtomobil duracaqlarını (qarajlarını) idarə edir və Agentliyin yeni avtomobil duracaqlarının (qarajlarının) layihələndirilməsini, tikilməsini və vəziyyətinə nəzarəti həyata keçirir”;
6.4. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.7. piyada-yol infrastrukturunun təşkilində iştirak edir, nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), dayanacaq məntəqələrinin, parklanma yerlərinin, habelə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yerüstü piyada keçidlərinin, səkilərin, səkilərdə pandusların, sədlərin və digər texniki vasitələrin layihələndirilməsini, tikilməsini (quraşdırılmasını), təmirini, yenidən qurulmasını, saxlanılmasını və onların vəziyyətinə nəzarəti həyata keçirir;”
6.5. 3.1.12-ci yarımbənddən “dayanacaq məntəqələrinin, parklanma yerlərinin (avtomobil dayanacaqlarının), yerüstü və” sözləri çıxarılsın;
6.6. 3.1.18-ci yarımbəndə “həddini” sözündən sonra “və taksi minik avtomobillərinin kvotasını” sözləri əlavə edilsin;
6.7. aşağıdakı məzmunda 3.1.21-1 və 3.1.22-1-ci yarımbəndlər əlavə edilsin:
“3.1.21-1. dayanma və ya durma qaydaları pozulmaqla tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrinin mühafizə edilən duracağa aparılması (təxliyə) xidmətini təşkil edir və həmin nəqliyyat vasitələri sürücülərinin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür, habelə təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edir;”;
“3.1.22-1. ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətləri yerinə yetirən sürücülərin qeydiyyatını aparır və müvafiq sürücü məlumat bazasını yaradır;”;
6.8. 5.5.8-ci yarımbəndə “təsdiq edir” sözlərindən sonra “, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir” sözləri əlavə edilsin;
6.9. 6.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6.7. Agentliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulmuş mallarının (işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyul 2018-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.