1. Ümumi müddəalar
1.0. Bu Qayda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən hazırlanmışdır və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra - Agentlik) sərbəst maliyyə vəsaiti ilə yerli bazarda investisiya əməliyyatlarının aparılması qaydasını müəyyən edir.
1.1. Bu Qaydanın məqsədi icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsindən, Agentliyin vəsaitinin itirilməsi riskinin minimuma endirilməsindən, həmin vəsaitin nominal və real dəyərinin qorunub saxlanılmasından, gəlir əldə edilməsinə imkan verən siyasətin həyata keçirilməsindən ibarətdir.
1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. sərbəst maliyyə vəsaiti - investisiya edilən günə Agentliyin hesablaşma hesabında olan maliyyə vəsaiti ilə Agentliyin təsdiqlənmiş büdcəsinə əsasən proqnozlaşdırılan orta bir aylıq xərclərin fərqindən yaranan qalıq;
1.2.2. investisiya gəliri – investisiya əməliyyatlarının aparılması nəticəsində əldə olunan vəsait.
1.3. Bu Qaydada istifadə olunan digər anlayışlar “Qiymətli kağızlar bazarı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir
2. İnvestisiya əməliyyatlarının həyata keçirilməsi prinsipləri
2.0. Agentlik investisiya əməliyyatlarını aşağıdakı prinsiplər əsasında həyata keçirir:
2.0.1. təhlükəsizlik,
2.0.2. likvidlik;
2.0.3. şəffaflıq;
2.0.4. gəlirlilik;
2.0.5. müxtəliflik.
3. Sərbəst maliyyə vəsaitinin idarə olunması və yerləşdirilməsi istiqamətləri
3.1. Sərbəst maliyyə vəsaitinin idarə edilməsi barədə qərarı Agentliyin İdarə Heyəti, həmin vəsaitin proqnozlaşdırılan həcmini, likvidlik və gəlirlilik dərəcəsini nəzərə almaqla qəbul edir.
3.2. İnvestisiya əməliyyatlarının aparılması zamanı sərbəst maliyyə vəsaitinin həcmi Agentliyin gələcək pul axınları (mədaxil və məxaric daxil olmaqla) nəzərə alınmaqla müəyyənləşdirilir.
3.3. Sərbəst maliyyə vəsaiti aşağıdakı maliyyə alətlərinə investisiya edilir:
3.3.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;
3.3.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;
3.3.3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;
3.3.4. bu Qaydanın 3.3.1-3.3.3-cü yarımbəndlərində qeyd olunan qiymətli kağızlardan istifadə edilməklə, repo və əks-repo əməliyyatlarına;
3.3.5. bu Qaydanın 5-ci hissəsinin tələbləri nəzərə alınmaqla, banklarda yerləşdirilən depozitlərə.
3.4. Agentliyin sərbəst maliyyə vəsaitinin bu Qaydanın 3.3.1 – 3.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş maliyyə alətlərinə investisiya edilməsini, Agentliyin İdarə Heyətinin qərarına əsasən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma müqaviləsi bağlanmış və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş lisenziyalaşdırılan şəxs (bundan sonra – lisenziyalaşdırılan şəxs) həyata keçirir.
3.5. Bu Qaydanın 3.3-cü bəndində göstərilənlər istisna olmaqla, Agentliyin sərbəst maliyyə vəsaiti səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.
3.6. Sərbəst maliyyə vəsaitinin idarə olunmasından əldə edilən gəlir Agentliyin hesablaşma hesabına köçürülür və investisiya gəliri kimi uçota alınır.
4. Sərbəst maliyyə vəsaitinin maliyyə alətlərinə investisiya edilməsinin şərtləri
4.1. Agentlik sərbəst maliyyə vəsaitinin bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan maliyyə alətlərinə milli valyutada investisiya edilməsinə üstünlük verir.
4.2. Agentlik tərəfindən sərbəst maliyyə vəsaitləri üzrə investisiya əməliyyatları həyata keçirilərkən investisiya müddəti bu Qaydanın 3.3.1-ci və 3.3.2-ci yarımbəndləri üzrə 36 aydan, 3.3.3-cü və 3.3.4-cü yarımbəndləri üzrə isə 12 aydan çox ola bilməz.
5. Sərbəst maliyyə vəsaitinin banklarda depozitə qoyulması şərtləri
5.1. Agentliyin sərbəst maliyyə vəsaitinin banklarda depozitə qoyulması üçün aşağıdakı tələblər yerinə yetirilməlidir:
5.1.1. depozit müqaviləsinə əsasən gəlirlər aylıq və ya rüblük əsaslarla ödənilməlidir (bir ay müddətinə qoyulan depozitlərə münasibətdə gəlirlər depozit müddətinin bitdiyi gün ödənilməlidir);
5.1.2. depozit müqaviləsinə əsasən depozitin (və ya onun hər hansı hissəsinin) vaxtından əvvəl geri götürülməsi hüququ təmin edilməlidir.
5.2. Bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamalıdır.
5.3. Depozit şəklində qoyulmuş investisiya Agentliyin investisiya edilmiş sərbəst maliyyə vəsaitinin ümumi həcminin 50 faizindən artıq olmamalıdır.
5.4. Sərbəst maliyyə vəsaiti aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:
5.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;
5.4.2. Agentliyin sərbəst maliyyə vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.
6. Yekun müddəa
Agentlik hər ilin yekunu üzrə aktivlərinin həcmi və investisiya əməliyyatları, o cümlədən həmin əməliyyatların nəticələri barədə martın 31-dək Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.