Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2020) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının işçilərinin say həddi 135, regional bölmələrinin işçilərinin say həddi 665 ştat vahidi müəyyən edilsin.”;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” üzrə:

1.2.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin  istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;

1.2.2. 2.0.4 – 2.0.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.0.4. ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;

2.0.5. qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;

2.0.6. qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;”;

1.2.3. 3.0.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.2. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;”;

1.2.4. aşağıdakı məzmunda 3.0.5-1-ci yarımbənd əlavə edilsin:

“3.0.5-1. müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə almaq;”;

1.2.5. 3.0.7 – 3.0.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.0.7. ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına almaq və dövlət reyestrini aparmaq, həmçinin qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını vermək;

3.0.8. gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi  nəzarəti ilə bağlı tədbirləri  həyata keçirmək;

3.0.9. qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək);”;

1.2.6. 3.0.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.11. istifadəyə yararsız yeyinti məhsullarının, bitki və heyvan mənşəli məhsulların, qablaşdırma materiallarının, köməkçi emal maddələrinin zərərsizləşdirilməsi və utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi) barədə qanunla müəyyən edilmiş hallarda və qaydada qərar qəbul etmək;”;

1.2.7. aşağıdakı məzmunda 3.0.11-1-ci və 3.0.11-2-ci yarımbəndlər əlavə edilsin:

“3.0.11-1. xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə qoruyucu karantin, xüsusi baytarlıq tədbirlərinin və digər tədbirlərin həyata keçirilməsi qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək, heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin  zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

3.0.11-2. fitosanitar nəzarətində olan karantin obyektlərində və bitki karantini nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkarlayaraq materialları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki, bitkiçilik məhsulları, pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin götürülməsi, saxlanması, zərərsizləşdirilməsi, təkrar emal və ya məhv edilməsi üçün müvafiq tədbirlər görmək;”;

1.2.8. 3.0.13-cü yarımbənddə “məhsullarının istehsalı, tədarükü və dövriyyəsi sahəsində” sözləri “zəncirinin müvafiq mərhələlərində” sözləri ilə əvəz edilsin;

1.2.9. 3.0.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.14. qida zəncirinin müvafiq mərhələlərində işləyən və çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya norma və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənarlaşdırılmasını tələb etmək;”;

1.2.10. aşağıdakı məzmunda 3.0.14-1-ci yarımbənd əlavə edilsin:

“3.0.14-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərə məxsus binalarda, qurğularda, sahələrdə, ərazilərdə, qida məhsulları daşınan nəqliyyat vasitələrində dezinfeksiya, dezinseksiya, deratizasiya, fumiqasiya işlərinə, həmçinin baytarlıq, fitosanitar və qida təhlükəsizliyi ilə bağlı digər tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;”;

1.2.11. 3.0.16-cı yarımbənddə “məhsullarının təhlükəsizliyinə” sözləri “təhlükəsizliyi ilə bağlı” sözləri ilə əvəz edilsin;

1.2.12. 3.0.17-ci yarımbənddə “qida məhsulları istehlakçılarının” sözləri “qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının” sözləri ilə əvəz edilsin;

1.2.13. 3.0.18-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.18. qida məhsullarının təhlükəsizliyinə dair tələblər barədə istehlakçıların tam, dəqiq və ən yeni informasiya ilə təmin edilməsi məqsədilə tədbirlər görmək;”;

1.2.14. 3.0.19-cu yarımbənddə “qida məhsulları” sözləri “qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin” sözləri ilə əvəz edilsin;

1.2.15. 3.0.22-ci yarımbənddən “məhsullarının” sözü çıxarılsın;

1.2.16. 3.0.23-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.0.23. ölkəyə idxal olunan qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı sahələrində fəaliyyət göstərən subyektlərin infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalarının keçirilməsini təşkil etmək, belə ekspertizaların nəticələrinə uyğun olaraq həmin subyektlərin qeydiyyatını və dövlət reyestrini aparmaq, subyektlər qeydiyyata alınmadıqda idxal olunan qida məhsullarına qida təhlükəsizliyi sertifikatları vermək,  qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərinin icrasını həyata keçirmək;”;

1.2.17. 3.0.26-cı yarımbənddən “rəy verilməsi üçün “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı tədbirlər görmək, habelə belə layihələrə” sözləri çıxarılsın;

1.2.18. 3.0.28-ci yarımbənddə “məhsullarının istehsalı, tədarükü və dövriyyəsi ilə məşğul olan” sözləri “zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən” sözləri ilə əvəz edilsin;

1.2.19. 3.0.29-cu və 3.0.30-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.0.29. genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış orqanizmlərə və tərkibində bu orqanizmlərin özü  və ya materialı olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

3.0.30. genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış orqanizmlərin və tərkibində bu orqanizmlərin özü və ya materialı olan qida məhsullarının aşkarlanması və bu məhsullardan yarana biləcək təhlükənin təyin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;”;

1.2.20. aşağıdakı məzmunda 3.0.33-1 – 3.0.33-21-ci yarımbəndlər əlavə edilsin:

“3.0.33-1. qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy vermək;

3.0.33-2. qanunla müəyyən edilmiş qaydada əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

3.0.33-3. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən qorumaq üçün tədbirlər görmək;

3.0.33-4. heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;

3.0.33-5. baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə mal-qaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına,  heyvandarlıqda və baytarlıqda tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək;

3.0.33-6. epizootiya əleyhinə tədbirlər planı hazırlamaq və təsdiq etmək;

3.0.33-7. beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi üçün tədbirlər görmək;

3.0.33-8. mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərə baytarlıq xidmətlərin göstərilməsinə nəzarət etmək;

3.0.33-9. dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına alınmış baytarlıq və fitosanitariya preparatlarının saxlanmasına, daşınmasına, dövriyyəsinə, istifadəsinə və keyfiyyətinə nəzarət etmək;

3.0.33-10. baytarlıq sahəsində uçot və hesabat aparılmasını təmin etmək, həmçinin heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq;

3.0.33-11. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağını və qeydiyyatını təşkil etmək və həyata keçirmək;

3.0.33-12. ölkədə fitosanitar vəziyyəti araşdırmaq və bitki mühafizəsi tədbirlərini həyata keçirmək;

3.0.33-13. karantin obyekti olan bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və alaq bitkilərinin Azərbaycan Respublikasının ərazisinə daxil olmasına nəzarət etmək;

3.0.33-14. Azərbaycan Respublikasının ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu təsdiq edildikdə, onlarla mübarizə aparmaq məqsədilə həmin ərazidə karantin elan olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təklif vermək;

3.0.33-15. pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin istehsalına, saxlanmasına, satışına, tətbiqinə, idxalına və ixracına, həmçinin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem əlavələrində və torpaqda qalıq miqdarına nəzarət etmək;

3.0.33-16. Azərbaycan Respublikasına gətirilmiş və ölkədən aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışı keçirmək və laboratoriya ekspertizasını aparmaq;

3.0.33-17. pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin və digər bitki mühafizə vasitələrinin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq;

3.0.33-18. pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların dövlət sınağını, qeydiyyatını aparmaq və istifadəsinə icazə verilmiş preparatların siyahısını hazırlamaq;

3.0.33-19. baytarlıq preparatlarının aprobasiyasını, ekspertizasını, sınaqdan keçirilməsini, dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını, həmçinin aprobasiyasına dair rəy verilməsini təmin etmək;

3.0.33-20. bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək;

3.0.33-21. yeyinti məhsuluna “müalicəvi”, “pəhriz” və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi zamanı texniki reqlamentlərdə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;”;

1.2.21. 3.0.36-cı yarımbəndə “təmin etmək,” sözlərindən sonra “istehsalatda tətbiqi üzrə tövsiyələr hazırlamaq,” sözləri və “habelə” sözündən sonra “müvafiq sahədə” sözləri əlavə edilsin;

1.2.22. 4.0.12-ci yarımbənddə “fiziki şəxslərin” sözlərindən sonra “istehsal,” sözü əlavə edilsin;

1.2.23. 5.4-cü bənddə “iki” sözü “üç” sözü ilə əvəz edilsin;

1.2.24. aşağıdakı məzmunda 5.5.7-1-ci yarımbənd əlavə edilsin:

“5.5.7-1. Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi və baş dövlət fitosanitar müfəttişini təyin edir.”;

1.2.25. aşağıdakı məzmunda 5.5.14-1 - 5.5.14-4-cü yarımbəndlər əlavə edilsin:

“5.5.14-1. işçilərin attestasiyası (dövlət qulluqçuları istisna olmaqla), ixtisaslarının artırılması və onların peşə hazırlığının gücləndirilməsi üçün müvafiq tədbirlər görür;

5.5.14-2. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini Agentliyin Aparatı və onun regional bölmələri arasında bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla işçilərinin vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.14-3. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında, müəyyən olunmuş qaydada Agentliyin tabeliyində digər qurumların yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;

5.5.14-4. Agentliyin struktur bölmələrinin işçilərinin vahid geyim formalarının və fərqlənmə nişanlarının təsvirini və daşınması qaydasını təsdiq edir;”;

1.2.26. aşağıdakı məzmunda 5.12-1-ci bənd əlavə edilsin:

“5.12-1. Kollegiyanın iş qaydasını sədr müəyyənləşdirir və iclaslarını mütəmadi olaraq sədr çağırır.”.

2. Bu Fərmanın 1.2-ci bəndi (1.2.23-cü və 1.2.26-cı yarımbəndlər istisna olmaqla) 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında