“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında

Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 1 may tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli  1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli fərmanlarına və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) vəsaiti hesabına ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların, habelə sahibkarların manatla aldıqları kreditlər (bundan sonra – sahibkarlıq kreditləri) üzrə təminatların və sahibkarlıq kreditlərinə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların (bundan sonra – faiz subsidiyaları) verilməsi məqsədi ilə “Elektron ipoteka və kredit zəmanət” sisteminin (bundan sonra – elektron sistem) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Elektron sistem “Elektron hökumət” portalına inteqrasiya edilir.

1.3. Elektron sistem Fondun Nizamnaməsində qeyd edilən vəzifələri üzrə elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, iştirakçıların elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə informasiya əldə olunmasına xidmət edir.

1.4. Elektron sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru (bundan sonra – Operator) kimi Fond tərəfindən təmin edilir.

1.5. Elektron sistemin saxlanılma, fəaliyyət və inkişaf xərcləri Fondun hesabına və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

2. Əsas anlayışlar

2.1. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. elektron sistemin iştirakçısı – informasiya sistemləri və ehtiyatları “Elektron hökumət” portalına qoşulmuş və elektron sistem vasitəsilə informasiya mübadiləsində iştirak edən dövlət və ya qeyri-dövlət qurumu;

2.1.2. kredit almaq istəyən şəxs – Azərbaycan Respublikasının vətəndaşı olan ipoteka krediti almaq istəyən şəxs və ya sahibkarlıq krediti almaq üçün müraciət edən rezident sahibkar;

2.1.3. elektron sistemin istifadəçisi – kredit almaq istəyən şəxs, ipoteka və ya sahibkarlıq kreditlərinin verilməsində iştirak edən müvəkkil bank, sığortaçı və ya qiymətləndirici;

2.1.4. elektron kabinet – elektron sistemin istifadəçisi tərəfindən müvafiq autentifikasiyadan keçməklə yaradılan, yalnız gücləndirilmiş elektron imza sertifikatı və (və ya) Fond tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, ödənişləri həyata keçirməsini, həmçinin onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən xüsusi fərdi elektron səhifə;

2.1.5. kredit işi – müvəkkil bank tərəfindən formalaşdırılan və kredit almaq istəyən şəxsin bu Əsasnamə ilə tələb olunan məlumatlarını əks etdirən sənədlər toplusu.

2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar qanunvericilikdə nəzərdə tutulmuş mənaları ifadə edir.

3. Elektron sistemin məqsədi və fəaliyyət prinsipləri

3.1. Elektron sistemin tətbiqinin məqsədi ipoteka və sahibkarlıq kreditlərinə çıxış imkanlarının sadələşdirilməsindən, kredit almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.

3.2. Elektron sistemin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”də müəyyən olunmuş prinsiplər əsasında həyata keçirilir.

4. Elektron sistemin texniki-texnoloji infrastrukturu

4.1. Elektron sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

4.1.1. elektron sistemin proqram-texniki vasitələri;

4.1.2. telekommunikasiya kanalları;

4.1.3. elektron sistemin ehtiyat mərkəzi.

4.2. Elektron sistemin proqram-texniki vasitələri elektron xidmətlər göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, elektron sistemin fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.

4.3. Elektron sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizə olunan, yüksəkötürücülü fiber-optik əsas və ehtiyat telekommunikasiya xətlərinə malikdir. Elektron sistem mərkəzləşdirilmiş informasiya sistemidir və elektron sistemin məqsədini təmin edən elektron sistemin iştirakçılarının informasiya sistemlərinə və ehtiyatlarına inteqrasiya olunmalıdır.

4.4. Elektron sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə elektron sistemin alternativ ehtiyat mərkəzi yaradılır və elektron sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.

4.5. Elektron sistem oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə üçün daim açıqdır və bu Əsasnamənin 6.1.1–6.1.3-cü yarımbəndlərində göstərilən məlumatlardan ibarətdir, interaktiv hissə isə bu Əsasnamə ilə müəyyən edilmiş interaktiv xidmətlərdən ibarətdir və onlardan istifadəyə şərait yaradır. Fərdi məlumatların mühafizəsi, habelə elektron sistem vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv hissə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) kod-parol ilə daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz olunmalıdır.

5. Təhlükəsizlik tədbirləri

5.1. Elektron sistemdə məlumatların işlənilməsi zamanı avtomatlaşdırılmış texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.

5.2. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi elektron sistemin təhlükəsizliyinin vacib elementi olmalıdır.

5.3. Fond məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, qanunsuz müdaxilənin, məlumatların surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.

5.4. Elektron sistem üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalı, onlar istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.

6. Elektron sistemin funksiyaları

6.1. Elektron sistem vasitəsilə aşağıdakılar təmin edilir:

6.1.1. ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların, habelə sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması;

6.1.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;

6.1.3. hər bir müvəkkil bank üzrə ipoteka kreditinin alınması üçün ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, hər bir qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının, habelə ipoteka və sahibkarlıq kreditləri üzrə təminat verilməsinə görə zəmanət haqqı və komissiyaların məbləğləri barədə məlumatın olması;

6.1.4. kredit almaq istəyən şəxs üçün elektron kabinetin yaradılması;

6.1.5. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması;

6.1.6. kredit almaq istəyən şəxsin müvafiq olaraq müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsi, qeydiyyata alınması və münasib görüş vaxtının təyin edilməsi;

6.1.7. ipoteka kreditlərinin və ipoteka kreditləri üzrə təminatların, habelə sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi üçün tələb olunan və bu Əsasnamənin 6.2-ci və 6.3-cü bəndlərində nəzərdə tutulan məlumatların alınması;

6.1.8. ipoteka kreditləri üzrə annuitet və sığorta ödənişlərinin, habelə Fond tərəfindən təminat ödənişi edilmiş sahibkarlıq kreditləri üzrə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması;

6.1.9. Fond ilə müvəkkil banklar arasında Fond tərəfindən maliyyələşdirilmiş ipoteka kreditlərinə və təminat verilmiş ipoteka kreditlərinə, habelə təminat verilmiş sahibkarlıq kreditlərinə və faiz subsidiyalarına dair məlumat mübadiləsinin təşkil edilməsi.

6.2. İpoteka kreditləri və ipoteka kreditləri üzrə təminat verilməsi ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.2.1. ipoteka krediti almaq istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

6.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

6.2.3. ipoteka krediti almaq istəyən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

6.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

6.2.5. ipoteka krediti almaq istəyən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

6.2.6. ipoteka krediti almaq istəyən şəxsin mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan məlumatları;

6.2.7. ipoteka qoyulan daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatlar;

6.2.8. güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlar;

6.2.9. ipoteka krediti almaq istəyən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar.

6.3. Sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.3.1. sahibkarın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd və nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə üzrə, habelə ailə tərkibi barədə məlumatlar) və VÖEN-i üzrə məlumatlar;

6.3.2. sahibkarın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri üzrə məlumatlar;

6.3.3. sahibkarın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan məlumatlar;

6.3.4. sahibkarın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatlar;

6.3.5. sahibkarın hüquqi şəxs olan qanuni təmsilçisi və nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər barədə dövlət reyestrindən çıxarış üzrə məlumatlar;

6.3.6. təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd üzrə məlumatlar;

6.3.7. sahibkarın (fiziki şəxs olduqda, həmçinin ailə üzvlərinin) maliyyə vəziyyətini əks etdirən sənədlər üzrə, o cümlədən mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan, habelə mülkiyyətində olan daşınmaz və daşınar əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər üzrə məlumatlar;

6.3.8. təminat verilməsi üçün müraciət olunan tarixə sahibkarın dövlət büdcəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, habelə  rabitə və kommunal xidmətlər üzrə ödənilməmiş borcu olmadığını təsdiq edən sənədlər üzrə məlumatlar;

6.3.9. məcburi dövlət sosial sığortası üzrə hesabatlarda olan məlumatlar;

6.3.10. kredit almaq istəyən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb–məhdudlaşdırılmadığı barədə məlumat.

6.4. Sahibkarlıq kreditləri üzrə öhdəliklərin icrası ilə bağlı zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərə dair məlumatların elektron sistemə ötürülməsi bu Əsasnamənin 6.3-cü bəndinə  uyğun olaraq təmin edilir.

6.5. Bu Əsasnamənin 6.2-ci və 6.3-cü bəndlərində qeyd edilən məlumatların elektron sistemə ötürülməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elektron sistemin aidiyyəti iştirakçılarının informasiya sistemləri və ehtiyatları hesabına təmin edilir.

 7. Elektron sistemin Operatorunun funksiyaları

 7.0. Operator elektron sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

7.0.1. elektron sistemin fəaliyyətini təşkil etmək, onun vasitəsilə iştirakçıların və istifadəçilərin dayanıqlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;

7.0.2. elektron sistemə inteqrasiya olunan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasını iştirakçılardan tələb etmək;

7.0.3. elektron sistemə inteqrasiya olunacaq informasiya sistemləri və ehtiyatları müəyyən edilmiş texniki tələblərə cavab vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını iştirakçılardan tələb etmək;

7.0.4. müəyyən edilmiş texniki tələblərə uyğun olmayan informasiya sistemləri və ehtiyatlarının elektron sistemə inteqrasiya olunmasından imtina etmək;

7.0.5. elektron sistemdən istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq və metodiki köməklik göstərmək;

7.0.6. elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;

7.0.7. elektron sistemin iştirakçılarına informasiya sistemləri arasında informasiya mübadiləsinin sistem vasitəsilə həyata keçirilməsi üzrə təkliflər vermək, həmin təkliflər qəbul edildiyi halda onların həyata keçirilməsində iştirak etmək və yerinə yetirilməsinə nəzarət etmək;

7.0.8. elektron sistemə ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;

7.0.9. elektron sistemin iştirakçıları tərəfindən sistemə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə qanunla müəyyən edilmiş qaydada və müddətdə ötürülməsinə nəzarət etmək;

7.0.10. elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə, mülkiyyətçisi dəyişdikdə və ya digər dəyişikliklər olduqda müvafiq tədbirlər görmək;

7.0.11. əsas avadanlıqlarda hər hansı bir qəza (xəta) baş verdiyi halda elektron sistemin iştirakçılarını bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, elektron sistemin ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

7.0.12. elektron sistemdən istifadə və sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;

7.0.13. qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların mühafizəsini təşkil etmək.

8. Elektron sistemin istifadəçilərinin istifadə imkanları

 8.1. İpoteka krediti almaq istəyən şəxslər aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.1.1. elektron kabinet yaratmaq;

8.1.2. ipoteka kreditinin və ipoteka krediti üzrə təminat alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

8.1.3. kredit almaq imkanını ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;

8.1.4. müvəkkil banka elektron müraciəti real vaxt rejimində göndərmək;

8.1.5. ipoteka kreditləri üzrə ödənişləri – annuitet, sığorta haqları və digər ödənişləri elektron formada həyata keçirmək.

8.2. İpoteka kreditləri üzrə müvəkkil banklar aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.2.1. ipoteka krediti almaq istəyən şəxslərin müraciətlərini növbəlik əsasında qeydiyyata almaq;

8.2.2. ipoteka krediti almaq istəyən şəxslə münasib görüş vaxtını təyin etmək;

8.2.3. ipoteka kreditinin və ipoteka krediti üzrə təminatın verilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

8.2.4. ipoteka krediti almış şəxslərin kredit işini yaratmaq, redaktə etmək, kredit işi üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

8.2.5. ipoteka kreditinin verilməsi üçün tələb olunan və bu Əsasnamənin 6.2-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;

8.2.6. ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi, habelə ipoteka krediti üzrə təminat verilməsi üçün Fonda müraciət etmək və tələb olunan sənədlərin surətlərini Fonda təqdim etmək;

8.2.7. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

8.3. Sahibkarlar aşağıdakı istifadə
imkanlarına malikdirlər:

8.3.1. elektron kabinet yaratmaq;

8.3.2. təminatın və faiz subsidiyasının alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

8.3.3. müvəkkil banka elektron müraciəti real vaxt rejimində göndərmək;

8.3.4. Fond tərəfindən təminat ödənişi edilmiş sahibkarlıq kreditləri üzrə ödənişləri elektron formada həyata keçirmək.

8.4. Sahibkarlıq kreditləri üzrə müvəkkil banklar aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.4.1. sahibkarların müraciətlərini növbəlik əsasında qeydiyyata almaq;

8.4.2. sahibkarlarla münasib görüş vaxtını təyin etmək;

8.4.3. sahibkarlıq kreditləri üzrə təminat və faiz subsidiyalarının verilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu sahibkara bildirmək;

8.4.4. sahibkarların kredit işini yaratmaq, redaktə etmək, kredit işi üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

8.4.5. sahibkarlıq kreditləri üzrə təminat və faiz subsidiyalarının alınması üçün tələb olunan və bu Əsasnamənin 6.3-cü bəndində nəzərdə tutulmuş məlumatları almaq;

8.4.6. təminatların alınması üçün Fonda müraciət etmək və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” ilə  tələb olunan sənədlərin surətlərini Fonda təqdim etmək;

8.4.7. Fond tərəfindən təminatın verilməsinə görə komissiyaların ödənişini elektron formada həyata keçirmək;

8.4.8. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

8.5. Sığortaçılar aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.5.1. kredit almaq istəyən şəxslər üzrə tələb olunan sığorta müqavilələrinə dair məlumatları elektron sistemə daxil etmək;

8.5.2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

8.6. Qiymətləndiricilər aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.6.1. təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan daşınmaz və daşınar əşyaların qiymətləndirmə aktlarını elektron sistemdə yerləşdirmək;

8.6.2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.

9. Elektron sistemin fəaliyyətinin təşkili

9.1. Elektron sistem “Elektron hökumət” portalına inteqrasiya olunmaqla fəaliyyət göstərir.

9.2. Elektron sistemin istifadəçiləri elektron sistemə internet şəbəkəsi və ya müvafiq tələblərə cavab verən digər şəbəkələr vasitəsilə müraciət edə bilərlər və interaktiv xidmətlər əldə etmək üçün müvafiq autentifikasiya keçirlər.

9.3. Müvafiq autentifikasiyadan keçmək üçün istifadəçilər elektron sistemə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) kod-parol ilə daxil olurlar.

9.4. İstifadəçilər elektron sistem vasitəsilə elektron xidmətlərdən fərdi məlumatlar sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız özlərinə aid məlumatları əldə etmək və əməliyyatlar həyata keçirmək üçün istifadə edirlər.

9.5. Kredit almaq istəyən şəxslər istisna olmaqla, elektron sistemin digər istifadəçilərinin (bundan sonra – elektron sistemin digər istifadəçiləri) elektron sistemə qoşulması onların bu Əsasnamənin əlavəsindəki formaya uyğun olaraq Operatora ünvanlandığı ərizə əsasında həyata keçirilir.

9.6. Ərizə Operatora daxil olduqdan sonra, ərizəçinin elektron sistemə qoşulmasına və təhlükəsizliyin təmin edilməsinə dair texniki imkanları 10 (on) iş günü müddətində Operator tərəfindən yoxlanılır.

9.7. Yoxlamanın nəticəsi müsbət olduqda, Operatorla elektron sistemə qoşulmaq üçün müraciət etmiş digər istifadəçi arasında müqavilə bağlanılır və belə istifadəçinin elektron sistemlə qarşılıqlı fəaliyyəti müəyyən edilmiş texniki tələblər əsasında bağlanan həmin müqavilə ilə tənzimlənir.

9.8. Elektron sistemə qoşulma haqqında müqavilədə aşağıdakılar göstərilməlidir:

9.8.1. elektron sistemin digər istifadəçisinin adı;

9.8.2. elektron sistemin digər istifadəçisinin elektron sistemə qoşulma və illik xidmət haqqı;

9.8.3. elektron sistemin digər istifadəçisinin sistemə ötürdüyü məlumatların siyahısı;

9.8.4. elektron sistemin texniki infrastrukturuna digər istifadəçinin məsul şəxsi haqqında məlumat;

9.8.5. tərəflərin hüquq və vəzifələri;

9.8.6. tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası;

9.8.7. tərəflərin mühüm hesab etdiyi digər müddəalar.

9.9. Elektron sistemin digər istifadəçiləri elektron sistemin test bölməsinə qoşulduqdan və test bölməsində yoxlanıldıqdan sonra, Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 (yeddi) iş günü müddətində elektron sistemə qoşulması təmin edilir.

9.10. Həmin texniki tələblərə cavab verməyən elektron sistemin digər istifadəçiləri Operatorun əsaslandırılmış tələbinə uyğun olaraq zəruri texniki tədbirlər və təkmilləşdirmələr apardıqdan sonra sistemə qoşulurlar.

9.11. Elektron sistemin digər istifadəçiləri hüquqi varisi olmadan ləğv edildikdə, onlar sistemdən ayrılır. Bu halda Operatorla elektron sistemin digər istifadəçisi arasında 3 (üç) iş günü müddətində qarşılıqlı məlumatlandırma (bildirişin göndərilməsi) həyata keçirilir.

9.12. Elektron sistemin digər istifadəçisi elektron sistemə təqdim etdiyi məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyır.

9.13. Elektron sistemin digər istifadəçisi normativ hüquqi aktların tələblərini və ya elektron sistemə qoşulma haqqında müqavilənin şərtlərini pozduqda, yaxud sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, Operator tərəfindən onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırılır.

10. Yekun müddəalar

10.1. Elektron sistemin fəaliyyəti ilə əlaqədar tələb olunan məlumatlar elektron sistemə inteqrasiya olunmuş informasiya sistemlərindən və informasiya ehtiyatlarından ödənişsiz şərtlərlə əldə edilir.

10.2. Elektron sistemə inteqrasiya olunmuş dövlət qurumlarının informasiya sistemlərinin və informasiya ehtiyatlarının məlumatlarından istifadə elektron sistemin istifadəçiləri üçün ödənişsiz əsaslarla təşkil edilir.

10.3.       Elektron sistem vasitəsilə ipoteka kreditinin və ipoteka kreditləri üzrə təminatların, habelə sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlərin həlli Fondun Nizamnaməsində müəyyən edilmiş vəzifələrinin icrasına dair normativ hüquqi aktlar və Fondun daxili qaydaları ilə müəyyən olunur.

“Elektron ipoteka və kredit zəmanət”
sistemi haqqında Əsasnaməyə Əlavə

Müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin
“Elektron ipoteka və kredit zəmanət” sisteminə qoşulması üçün

Ə R İ Z Ə

1. Sistemin istifadəçisi haqqında məlumat

İstifadəçinin adı

 

Hüquqi ünvanı

 

Faktiki ünvanı

 

 

 

Yoxlamaya dair məlumat

yoxlamanın aparıldığı tarix

yoxlamanın nəticəsinə dair rəy (müvafiq cavabı qeyd etməli)

__ _________ 20___ il

      müsbət                          mənfi

         □                                    □

2. Əlaqə məlumatları

 

Soyadı, adı, atasının adı

İş telefonu

Mobil telefonu

Elektron poçt ünvanı (e – mail)

Qoşulma üzrə məsul şəxs

 

 

 

 

İstifadəçinin texniki dəstəyinin təmin olunmasına məsul şəxs

 

 

 

 

 

 

 

 

 

3. Səlahiyyətli vəzifəli şəxs

 

Soyadı, adı, atasının adı ___________________

Vəzifəsi ________________________

İmzası ______________________

Tarix: “___” ______________ 20 ____il

 

M.Y.

           

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında