"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
{nl}
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
{nl}
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 22 fevral tarixli 68-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 22 fevral tarixli 68-IVQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. bu fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş siyahını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. müntəzəm şəhərdaxili (rayondaxili) marşrutlar üzrə hərəkət edən avtobusların dayanacaq məntəqələrindən kənar yerlərdə sərnişinlərin minib-düşmələri üçün dayanmasına görə inzibati məsuliyyətin gücləndirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu müəyyən etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin stasionar postlarında və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən yerlərdə (ümumi istifadədə olan avtomobil yollarında və yaşayış məntəqələrinin küçələrində) xüsusi ölçü alətlərini, cihazlarını və avtomobil tərəzilərini dörd ay müddətində quraşdırsın;
2.2. qanunsuz olaraq nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının açılması hallarını araşdırsın, təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi və gələcəkdə belə halların baş verməməsi üçün zəruri tədbirlər görsün;
2.3. avtomobil nəqliyyatı ilə müntəzəm marşrutlar üzrə şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının marşrut şəbəkəsinin optimallaşdırılması üçün bir ay müddətində marşrut sxemlərində zəruri dəyişikliklər etsin və bu barədə əhalinin məlumatlandırılmasını təmin etsin;
2.4. bu fərmanın 2.1-2.3-cü bəndlərində göstərilən işlərin icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Bu fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinin icazə verilən parametrlərə uyğunluğunu Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi müəyyən edir.
4. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, №7, maddə 715, №8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008-ci il, №1, maddə 7, №3, maddə 186, №6, maddələr 504, 507, №7, maddə 617, №8, maddə 713, №9, maddə 798, №10, maddə 894, №11, maddələr 969, 971, 980, №12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, №2, maddə 330, №3, maddə 163, №4, maddə 226, №7, maddələr 532, 535, 539, 540, 542, №9, maddə 688, №10, maddələr 776, 785, №12, maddələr 979, 993; 2010-cu il, №2, maddə 80, №3, maddələr 180, 189, №5, maddə 393, №7, maddələr 606, 607, 610) aşağıdakı məzmunda 2.43-cü bənd əlavə edilsin:
"2.43. həmin Məcəllənin 326-5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi nəzərdə tutulur.".
{nl}
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.