Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə №1).

2. Bakı Nəqliyyat Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.2. illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.1.3. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

2.1.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;

2.1.6. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

2.2. Agentliyə:

2.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

2.2.2. strukturunun təsdiqi.

3. Müəyyən edilsin ki:

3.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000
(bir milyon) manat təşkil edir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

4. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilsin.

5. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı” təsdiq edilsin (əlavə №2).

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri nəzərə almaqla svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.6. Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini təmin etsin;

6.7. bu Fərmanın 5-ci hissəsi, 8.1-ci bəndi və 9-cu hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

6.8. bu Fərmanın 4-cü və 5-ci hissələrinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.9. tikilinin istismar təyinatından asılı olaraq, nəqliyyat vasitələrinin saxlanması üçün parklanma yerləri, qarajlar və açıq dayanacaqlar tələb olunan tikinti obyektlərinin növləri, habelə həmin tikinti obyektlərinin parklanma yerləri, qarajlar və açıq dayanacaqlarla təmin olunması normativləri, eləcə də bu normativlərə əməl edilməsi vəziyyətinin, tikilinin yol-nəqliyyat axınına təsirinin və nəqliyyat infrastrukturuna çıxış imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi aktların layihələrini Agentliyin təklifləri əsasında altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Agentlik:

7.1. Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün;

7.2. Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş etsin və təftişin nəticəsi barədə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. bu Fərmanın 7.2-ci bəndi nəzərə alınmaqla avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etsin və müvafiq işlər görülməsini təşkil etsin;

7.4. bu Fərmanın 8.2-ci bəndində və 10-cu hissəsində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət qurumlarından elektron qaydada alınmasını təmin etmək üçün zəruri tədbirlər görsün;

7.5. yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görsün;

7.6. Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formalarını və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.7. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

7.8. Agentliyin dövlət qeydiyyatına alındığı tarixdən 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu barədə məlumat versin.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

8.1. Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil versin;

8.2. hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Agentliyə məlumat versin.

9. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etsin və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görsün.

10. Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat versinlər.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2018-ci il

 

 

 

Əlavə №1
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il
2 aprel tarixli fərmanı  ilə təsdiq edilmişdir

Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi

1. Ümumi müddəalar

1.1.    Bakı Nəqliyyat Agentliyi (bundan sonra — Agentlik) Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma (bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Agentlik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri

2.1. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.

2.2.    Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. sərnişindaşıma sahəsində nəzarəti və  tənzimləməni həyata keçirmək;

2.2.2. yol hərəkətinin təşkilində iştirak etmək;

2.2.3. nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;

2.2.4. nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq etmək;

2.2.5. sərnişindaşıma sahəsinin inkişafını təmin etmək.

3. Agentliyin vəzifələri

3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1.  müntəzəm sərnişindaşıma işini təşkil edir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür;

3.1.2. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir;

3.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə dair tələbləri müəyyən edir;

3.1.4.  müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir;

3.1.5.  taksi minik avtomobilləri üçün duracaq yerlərini müəyyənləşdirir və idarə olunmasını təmin edir;

3.1.6.  parklanma yerlərini müəyyənləşdirir və onları idarə edir;

3.1.7.  nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin) yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdıraraq müəyyən edir, nəqliyyat qovşaqlarının yaradılmasını təmin edir;

3.1.8. nəqliyyat axınının tənzimlənməsi üçün svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edir və ya dəyişdirir, onları quraşdırır və lazımi qaydada saxlanılmasına nəzarət edir;

3.1.9. svetoforların vahid sistem çərçivəsində mərkəzləşdirilmiş qaydada intellektual idarə olunmasını təmin edir;

3.1.10. avtomobil yollarında nişanlanma xətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlarla müəyyən edilmiş normalara uyğun olaraq çəkilməsinə dair qərar qəbul edir və nişanlanma xətlərinin həmin normalara müvafiq olaraq çəkilməsinə nəzarət edir;

3.1.11. avtomobil yollarının normativ hüquqi aktlar və beynəlxalq standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirir və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər görür;

3.1.12. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, parklanma yerlərinin (avtomobil dayanacaqlarının), yerüstü və yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verir;

3.1.13. yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy verir;

3.1.14. yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına razılıq verir;

3.1.15. müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatında mərkəzləşdirilmiş vahid dispetçer xidməti yaradır və  həyata keçirilməsini təmin edir;

3.1.16. sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət olunmasına nəzarət edir, həmin müddəaları, habelə sərnişin və baqaj daşınması qaydalarını pozmuş şəxslər barəsində tədbir görür və ya müvafiq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdimat verir;

3.1.17. sərnişindaşıma xidmətləri yerinə yetirilərkən ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tələblərə riayət olunmasına nəzarət edir;

3.1.18. marşrut istiqamətləri üzrə avtobusların sayının yuxarı həddini müəyyənləşdirir;

3.1.19.  qanunla müəyyən edilmiş hallarda və qaydada sərnişindaşıma sahəsində icazələrin verilməsini və ləğvini təmin edir;

3.1.20. avtomobil yollarında tıxac yaranması səbəblərini araşdırır, təhlillər aparır və müvafiq təkliflər verir;

3.1.21. avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair təkliflər hazırlayır;

3.1.22. sərnişindaşıma xidmətləri yerinə yetirən avtomobil nəqliyyatı sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi proqram üzrə hazırlıq keçməsini təşkil edir və həyata keçirir;

3.1.23. sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı bazasının möhkəmləndirilməsi məqsədilə investorların cəlb olunmasını təşviq edir;

3.1.24. sərnişindaşıma sahəsində daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə sərnişindaşıma xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin qanuni maraqlarının qorunması üçün tədbirlər görür;

3.1.25. inzibati xətalar haqqında işlərə baxır, təqsirkar şəxslərə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edir;

3.1.26. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sərnişindaşıma sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.1.27. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatına uyğun, səmərəli istifadə olunmasını təmin edir;

3.1.28. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə təhlükəsizlik tədbirləri görür;

3.1.29. yol hərəkəti iştirakçılarının hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırılması üçün tədbirlər görür;

3.1.30. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.1.31. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;

3.1.32. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır və müvafiq tədbirlər görür;

3.1.33.  Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

4. Agentliyin hüquqları

4.1.    Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.1.1.  fəaliyyət istiqamətlərinə uyğun olaraq, hüquqi aktların layihələrini hazırlayıb təqdim etmək və ya onların hazırlanmasında iştirak etmək;

4.1.2. sərnişindaşıma sahəsi ilə bağlı daşıyıcılardan məlumatlar (sənədlər) almaq üçün sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımaları həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait yaratmaq;

4.1.4. ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və müayinələrin müqavilə əsasında ödənişli qaydada həyata keçirilməsindən ötrü şərait yaratmaq;

4.1.5. sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində elektron avadanlıq quraşdırılmasını təmin etmək;

4.1.6. sərnişindaşıma sahəsi üzrə xarici dövlətlərin təcrübəsini öyrənmək;

4.1.7.  fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.8. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.9. müstəqil ekspertləri və mütəxəssisləri müəyyən olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin idarə olunması

5.1.    Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

5.2.    Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

5.3.    İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.

5.4.    İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

5.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

5.5.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;

5.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir və sənədlər təqdim edir;

5.5.3. Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formaları və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edir;

5.5.4. Agentliyin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.5.5. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və bu layihələri aidiyyəti dövlət qurumlarına təqdim edir;

5.5.6. bu Nizamnamənin 3.1.27-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

5.5.7. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

5.5.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

5.5.9. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə Aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

5.5.10. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

5.5.11. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması haqqında qərar qəbul edir;

5.5.12. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

5.5.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

5.5.14. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

5.5.15. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür.

5.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə olunmuş məsələlərə dair qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya İdarə Heyətinin onu əvəz edən digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

5.7. İdarə Heyətinin sədri:

5.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

5.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

5.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

5.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

5.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.7.6. icrası məcburi olan sərəncam və əmrlər verir;

5.7.7. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

5.7.8. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

5.7.9. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.7.10. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

5.7.11. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

5.7.12. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

5.7.13. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

5.8. İdarə Heyətinin üzvləri:

5.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

5.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

5.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

5.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

5.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

5.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

6. Agentliyin nizamnamə fondu, əmlakının  formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları

6.1. Agentliyin ilkin nizamnamə fondu 1.000.000 (bir milyon) manatdır.

6.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirlərdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

6.3.    Agentlik tərəfindən borcların (kreditlərin) alınması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici
borcalması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

6.4. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik istifadəsində olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirir.

6.5.    Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

6.6.    Agentlik bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

6.7.    Agentliyin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə aiddir.

7. Agentlikdə uçot və hesabat

7.1.    Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2.    Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

7.3.    Agentlik xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı, illik maliyyə hesabatını öz mətbu orqanında dərc etdirməyə və Agentliyin internet səhifəsində yerləşdirməyə borcludur.

7.4. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

8. Audit

8.1.    Agentlik daxili audit xidmətini təsis edir. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.

8.2.    Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

9. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

9.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

9.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

10.  Agentliyin yenidən təşkili və ləğvi

10.1. Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

10.2. Agentlik ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

Əlavə №2  Azərbaycan Respublikası Prezidentinin 2018-ci il
2 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı

1.  “4 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC.

2. “Bakı Sərnişinservis Avtobus Parkı” MMC.

3. “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qarajı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında