Dörd ünsür – Novruz çərşənbələri

Novruz milli-mənəvi köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, mifik dünyagörüşümüzü əks etdirən bayramlarımızın şahıdır. Fevralın 21-də Kiçik çillə Boz ay ilə əvəz olunur. Boz ayda “təzadlı təbiət” hökm sürür, havalar dəyişkən olur. İnanca görə, bu çillədə təbiətdə və cəmiyyətdə canlanma, oyanma baş verir.  Əcdadlarımızın “Ağlar-gülər ay” adı verdiyi  bu çillə qışdan soyuq günləri, yazdan, payızdan yağışlı günləri, yay fəslindən isə isti günləri “almışdır”.  El deyiminə görə, çillənin üzü bozardı, deməli, martın üzü yazadır.  Bu xüsusiyyətlərə görə, əcdadlarımız bu çilləni  “Boz ay”, “Buz ay”, “Çıxmaz ay”, “Cəmrələr ay”, “Bayramlar ayı”,  “Ala çillə” də adlandırmışlar. Dörd “Doğru çərşənbə”ni özündə birləşdirən Boz ayın ilk həftəsi “Çilləbeçə” adlanır.  Digər üç həftəsi isə “Alaçaplov” və ya  “Alaçalpo” adı ilə tanınır. Bu dörd çərşənbəyə “İlaxırçərşənbə” də deyilir. Bu çərşənbələr bəzi deyimlərdə “doğru çərşənbə”, “doğru buğ”, “doğru üskü”, “cəmlələr” də adlanır. Çərşənbələrin ardıcıllığı xalqımızın əski mifik dünyagörüşündən qaynaqlanır.  Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır. Novruzqabağı qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə seçilir. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan  Su çərşənbəsi ilə başlayır.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Xalq arasında o, “Əvvəl çərşənbə”, “Əzəli çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə”, “Selçərşənbə”, “Zəmzəm çərşənbə”, “Çillibeçə çərşənbə” kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, talegöstərmə, övladvermə, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən bir inam rəmzi kimi çıxış edir.

Od ünsürünü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürürlər. Bu çərşənbə “Üskü/üsgü çərşənbə”, “Üskü gecəsi”, “Adlı çərşənbə”, “Ocaq çərşənbəsi”, “Atəş çərşənbə”, “Xıs çərşənbə”, “Xızır çərşənbə” adları ilə də tanınır. Od–işıq, güc, qüvvət, nurlu sabahdır. Od insana sağlamlıq, paklıq və gözəllik gətirir. Od Günəş və ucalıq rəmzidir. Qədim zamanlardan bəri od türkün ağlında, düşüncəsində müqəddəsliyin, Günəşin rəmzi olmuşdur.

Əski türk dünyagörüşünə görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişlər. Bəlkə də bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da “ocaq” adlandırmışlar. Ocaq ən güclü və etibarlı and yeri hesab olunmuşdur. Əcdadlarımızın ən qədim andı Günəşlə, od-ocaqla bağlı olmuşdur: “Günəş haqqı, Od haqqı” – demişlər. “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” kimi ifadələr də əcdadlarımızın inanclarından doğmuşdur. “Oddan pay olmaz” – demiş babalarımız. Od çərşənbəsində ocaq kürədən qonşuya nəinki borc od-alov, heç kül belə verməzlərmiş. Onlar inanmışlar ki, həmin axşam kim bunu etsə, il boyu bəxti gətirməz, əzaba düçar olar. 

Yel ünsürü ilə bağlanan çərşənbə xalq arasında “Yel çərşənbə”, “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” və “Yelli çərşənbə” kimi tanınır. “Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel”,  kainatın  yaradılmasında  əsas yer tutan dörd ünsürdən biridir. Əski inamlarda yel Tanrı kimi qəbul edilir, yaxud hər hansı bir missiyanı yerinə yetirmək üçün  dünyanın yaradıcısı tərəfindən göndərilən bir qüvvə kimi göstərilir. O, köməkedici, cəzalandırıcı funksiyaya sahibdir. Əski etiqadlardan qaynaqlanan materiallarda  “qara nəhr”də yatmış dörd cür külək  – ağ yel, qara yel, xəzri, gilavar Yer üzünə çıxır. Hərəsinin də öz donu olur. Bu donların rəngləri də mifik dünyagörüşündən qaynaqlanır.   Ağ yel– ağ libasda, qara yel – qara libasda,  xəzri – göy libasda, gilavar – qırmızı libasda təsvir edilir. Əcdadlarımız inanmışlar ki, Yel baba xırmana gəlməmişdən qabaq oradan taxıl bitkiləri götürməzlər. Belə inanc var ki, sovurulandan sonra ilk buğda götürənin oğlu olar. Buna əsaslanaraq deyə bilərik ki, əski inanclarda Yel baba rabitə yaradan vasitə hesab edilirdi. Ən maraqlı rituallardan  biri isə qızların küləyə “ərə getmə” mərasimidir. Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar deyir: “Boğanaq, gəlmə, sənə gedəcəyəm” – deyirlər.  Yel çərşənbəsi günü digər çərşənbələrdə olduğu kimi, tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də, südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlərdən, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə təmizlik işlərinə başlanır, səməni cücərdilir, bəzi evlərdə isə azca boy atmış səməninin belinə qırmızı qurşaq bağlanır.  Bu ərəfədən başlayaraq, bayram üçün yeni geyimlər alınır.  Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur; Yel çərşənbəsində söyüd ağacının altından keçərlər ki, niyyətin qəbul olsun. Yel çərşənbəsində Yel dağına ziyarətə gedərlər. Həmin günü çərpələnglər də uçurdurlarmış.

Novruz bayramının ən təntənəli  mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq” çərşənbəsi hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi olaraq qeyd edilir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”,
“İlaxır çərşənbə”, “çərşənbə-suri” adları ilə də tanınır.

Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur. Hələ qədim dövrlərdən bəri insanın ən böyük andı torpağa ünvanlanmışdır: “Torpaq haqqı”, “Torpağı sanı yaşayasan”. Torpaqla bağlı yaranan el sözləri də maraq doğurur.  “Torpaqdan pay olmaz”, “Torpaq deyir: “Səndən hərəkət, məndən bərəkət”, “Torpaqla oynayan ac qalmaz” və s.

 Türk mifologiyasına görə, yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır.  Bir el rəvayətinə görə, Xızır qardaşı, torpaq sahibi Zındanı donmuş halda, qar altından tapır, öz isti nəfəsi ilə qızdırır.  Zinda qar altından çıxaraq itmiş öküzünü tapır, Xızır isə qızıl kotanla boyunduruğu qardaşına verir. Onlar çərşənbələşir, Yer çərşənbəsi bayramı tədbiri ilə torpağı oyatmağa çalışırlar.

Torpaq çərşənbəsində əkinçilər əkin – biçinə başlamalı olur. Yer şumlanır, toxum səpilir. İnanca görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayar, bunu edə bilməyənlər isə, heç olmasa, torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir. Qədimdən gələn digər bir adətə görə,  Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanarmışlar. Həmin gün axşam vaxtı tonqallar qalanır, hamı od ətrafına yığışaraq, onun istisinə qızınmağa çalışırlar.

Axır çərşənbənin də özünəməxsus inancları, xüsusiyyətləri vardır.  Torpaq çərşənbəsində insanlar öz qohumlarını yad edir, onlara qonaq getməyə başlayır, dünyalarını dəyişmiş insanların qəbirlərini ziyarətə gedirlər. Əcdadlarımız çərşənbə və bayram günlərində ruhların qayıdıb gəlməsinə inanmışlar.

Evin bərəkətli olması üçün əcdadlarımızın həyata keçirdiyi rituallardan biri Axır çərşənbədə un çuvallarının ağzını açıq qoymaqdır. Ev sahibinin heç kimlə danışmadan əllərini una batıraraq divarlara sürtmək, bayıra çıxıb ağacların kötüyünü balta ilə yüngülcə vuraraq “oyan, payını götür” demək bu ayinin tərkib hissəsidir. Əcdadlarımız inanmışlar ki, bu cür edilərsə, yeni ildə qış yuxusundan oyanmış ağacların bəhəri gen-bol olacaqdır. Heç bar verməyən ağacları isə  “kəsəcəyəm” deyə balta ilə hədələyir və bu zaman kənarda durmuş bir adam “kəsmə, bu ağac bar verəcək, zaminəm” deyir.

Axır çərşənbə öz falları ilə də əlamətdardır. İlaxır çərşənbədə subay qızlar bir çox fallara baxar, qismətlərinin necə, həyat yoldaşlarının kim olacağını, neçə yaşında ərə gedəcəklərini öyrənirlər. Bu fallar su, şam, üzük, iynə və başqa əşyalarla icra olunur. Axır çərşənbə süfrəsindəki yeyilən balığın sümüyü ilə ilk övladın qız və ya oğlan olmasını, üzük ilə subayların evlənmə vaxtını təyin etmək fal inanclarındandır. İlaxır çərşənbədə bir yerə yumurta, kömür, cövhər basdırar və niyyət edərlərmiş. Yumurta kömür ilə yazılarsa, niyyət yaxşı gələr. Sonra onları ərik ağacının altında basdırmaq lazımdır.

İlaxır çərşənbədə küsülülər barışmalı, hamı təzə paltar geyinməli, xoş sözlər danışmalıdır. Bu çərşənbədə niyyət tutub qulaq falına çıxır, eşitdikləri sözlə niyyətlərini yozurlar.

Torpaq çərşənbəsində süfrələr daha da təmtəraqla  bəzədilir. Bəzi bölgələrdə aşla bərabər, dolma, balıq bişirilməsi vacib hesab olunur. Süfrəyə səməni, şamlar, şirniyyatlar, qoz-fındıq, bir çox çərəzlər, qovurğa  qoyulur. Çərşənbə, bayram xonçasına qoyulan şirniyyatların da rəmzi mənaları var. Süfrəyə qoyulan qoğalı Günəşin, istiliyin, şəkərburanı hilalın – Ayın, paxlavanı isə ulduzun yerdəki  rəmzi kimi götürmək olar. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili və şən keçməsini mənalandırır.

Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəmin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində İlaxır çərşənbənin “Yeddilərin bayramı” adlandırılması bununla əlaqəlidir. Süfrəyə qoyulan bu yeddi nemətin İslamdan öncə “ş”, İslamın qəbulundan sonra “S” hərfi ilə başlaması maraq doğurur. Lap qədimlərdə son çərşənbədə süfrəyə qoyulan şərbət, şabalıd, şor, şəkər, şam, şirni, şərab, İslamdan sonra su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül kimi nemətlərlə əvəzlənmişdi.

Süfrədəki qırmızı qurşaqlı səməni isə öz yaşıl görkəmi ilə daha çox diqqət cəlb edir.  Qurşağın qırmızı rəngdə olması şadlığı simvolizə edir. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını ifadə edir. Belindəki qırmızı qurşaqla səməni gəlini də xatırladır. Səməni ilə bağlı xalq arasında ovsun da vardır. İnsanlar səməni ovsunu ilə pis taleyi dəyişdirmək istəyər, buna sidqi-ürəkdən inanarmışlar.

Göründüyü kimi, Novruz bayramı xalqın adət-ənənələrində yaşamış, nəsildən-nəslə miras kimi gəlib çatmışdır. Bu adət-ənənələri qorumaq və yaşatmaq hər birimizin üzərinə düşən öhdəlikdir. Arzu edirik ki, xalqımızla bərabər Novruzun da ömrü əbədi olsun.                        

Səhər Orucova,
 BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında