“Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” simpoziumu işini yekunlaşdırıb

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumun bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli simpoziumun Heydər Əliyev Fondu, AMEA, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirildiyini deyib. Diqqətə çatdırılıb ki, simpoziumda Türkiyə, Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, İran, Qazaxıstan və Özbəkistandan qonaqlar iştirak ediblər.

Qeyd edilib ki, simpozium çərçivəsində Bakıda “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya”, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları – tarix və müasirlik”, Gəncədə isə “Azərbaycan muğamın konseptual mahiyyəti, dil və ritmik özəllikləri” mövzularında bölmə iclasları təşkil olunub.

İ.Həbibbəyli vurğulayıb ki, bölmələrdə muğam sənətinin tarixi inkişaf prosesi, formalaşması, janr xüsusiyyətləri və digər istiqamətlərdə geniş müzakirələr aparılıb. Simpoziuma təqdim olunan elmi məqalələrdən ibarət kitabın və muğamla bağlı çapdan çıxan digər nəşrlərin əhəmiyyətindən danışan akademik “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən simpoziumun öz məqsədinə çatdığını vurğulayıb.Sonra simpoziumun bölmə rəhbərlərinin hesabatları dinlənilib.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi” mövzusundakı bölmə iclasında yerli və xarici mütəxəssislərin iştirakı ilə doqquz məruzə dinlənilib. Muğamşünaslığın mükəmməl elmə çevrildiyini deyən R.Hüseynov simpoziumun da onun nəticəsi olduğunu bildirib.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli diqqətə çatdırıb ki, “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqiterapiya” mövzularındakı bölmə iclaslarında seçmə məruzələr dinlənilib. O, simpoziumun muğam sənətinin, eyni zamanda, milli mədəniyyətimizin inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib. Tədbirin yüksək səviyyədə keçirildiyini deyən T.Kərimli materialların internet resurslarında yerləşdiriləcəyini söyləyib.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları – tarix və müasirlik” mövzularındakı bölmə iclaslarında dinlənilən məruzələrdən, onların əhəmiyyətindən danışıb. O, gələcəkdə Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlıq çərçivəsində müvafiq istiqamətdə tədbirlərin təşkilinin nəzərdə tutulduğunu bildirib.

AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Gəncə şəhərində keçirilən “Azərbaycan muğamın konseptual mahiyyəti, dil və ritmik özəllikləri” mövzusundakı bölmə iclası haqqında məlumat verib.

Digər çıxış edənlər simpoziumun əhəmiyyətindən, əldə olunan nəticələrdən, gələcək əməkdaşlıq imkanlarından danışıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında