Teatrlarımız müasirləşməkdə davam edir

10 Mart Milli Teatr Günüdür

1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üçhissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu “Şərqin operası” adlandırmışdı.

Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti oldu. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi müqtədir simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Üzeyir və Ceyhun Hacıbəyov qardaşlarının da böyük əməyi olmuşdur.

AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi.

Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi.

Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından biri də Azərbaycan Dövlət Teatrının təşkili olunması idi. Bu, Azərbaycan professional teatrının dövlət teatrı statusu alması demək idi. Bu teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah” əsərinin tamaşası ilə açılmışdı.

Sovet hakimiyyəti illərində Azərbaycanda teatr sənəti daha da inkişaf etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də repertuarlarda geniş yer almışdı.

Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Dövlətimiz milli teatrın inkişafına böyük qayğı ilə yanaşır. “2009-cu ildə Prezident İlham Əliyev “Azərbaycan teatrı 2009- 2019-cu illərdə” Dövlət Proqramı qəbul edilməsi ilə bağlı sərəncam imzalamışdır. Ötən dövr ərzində proqram çərçivəsində bir sıra uğurlu layihələr reallaşdırılmışdır. Teatr binaları əsaslı təmir olunmuş, repertuar siyasəti yenilənmiş, yaradıcı heyətlərin sosial güzəranı əsaslı şəkildə yaxşılaşmışdır.

 Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında