Yaşla ölçülməyən ömür

Ulu yaradan bu yerlərə səxavətini bol-bol paylayıb. Bir tərəfi sıx meşəli dağlardır. O biri tərəfində göz işlədikcə yaşıl yamaclar, sitrus bağları uzanıb gedir. Gecələr dənizin mavi suları şəhərə layla çalır. Astaranın gündüzünə, axşamına tamaşa etməkdən doymaq olmur. Xalqımızın həmişəyaşar oğlu Heydər Əliyev Astaranı Azərbaycanın cənub mirvarisi adlandırıb. Bu ad qədim diyara necə də yaraşır.            

Astaranı ölkəmizdə, onun sərhədlərindən çox uzaqlarda tanıdan təkcə təbiəti deyil, həm də bu torpağın övladlarıdır – alimlərdir, diplomatlardır, ictimai xadimlərdir, təbiblərdir, iş adamlarıdır, ziyalılardır, sadə zəhmət adamlarıdır. Onlar doğulduqları, boya-başa çatdıqları diyarın şöhrətini xeyirxah əməlləri ilə ucaldır, adlarını tarixə yazırlar. Belə ziyalılardan biri uzun illərdən bəri tanıyıb ünsiyyət saxladığım Sultan Məmmədovdur.

Sultan Məmmədov 1938-ci ilin baharında Astaranın Giləkəran kəndində doğulub.

1952-ci ildə orta məktəbin yeddinci sinfini bitirən Sultan Məmmədov Lənkəran Tibb Məktəbinə qəbul olundu. O, istər təhsildə, istər ictimai işlərdə, istərsə də yoldaşlarına qarşı münasibətdə fərqlənir. İstedadı, işgüzarlığı, hadisələrə çevik münasibəti bir-birini tamamlayırdı. 1955-ci ildə texnikumu bitirib tibb işçisi kimi rayona dönür və əmək fəaliyyətinə başlayır. İki ildən sonra ordu sıralarına çağırılır.

Ordudan tərxis olunandan sonra doğma diyara qayıdan gənc Sultan əvvəlki iş yerində fəaliyyətini davam etdirir. Az sonra qiyabi təhsil almaq qərarına gəlir. Bu qərar onu 1961-ci ildə Azərbaycan Dövlət Universitetinə gətirir. Biologiya fakültəsini seçir. Universitetdə oxuduğu illərdə hərtərəfli biliyə malik olması, geniş dünyagörüşü və mütaliəsi ona dərs deyən alimlərin diqqətini cəlb edir.

Sultan Məmmədovun təşkilatçılığı, ictimaiyyət arasında hörməti rayon rəhbərliyinin diqqətindən yayınmır. 1965-ci ildə icraiyyə komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin edilir.

Astaradakı kino birliyinin fəaliyyəti rayon rəhbərliyini, eləcə respublika Kinematoqrafiya Komitəsini razı salmırdı. Mədəniyyətin bu mühüm sahəsində dönüş yaratmaqdan ötrü xeyli götür-qoydan sonra kadr dəyişikliyi aparmaq zəruriyyəti yarandı. Birliyin direktoru Sultan Məmmədov təyin olundu. Astara kinonun təbliği və nümayişi sahəsində respublikada qabaqcıl yerlərdən birini tutdu.

1970-ci ildə yerli sovetlərə seçkilər keçirildi. Astara Şəhər Zəhmətkeş Deputatları Sovetinə deputatlığa namizədlər arasında Sultan Məmmədov da vardı. Seçkilər başa çatdı. Şəhər sovetinin deputatları birinci sessiyasında onu şəhər icraiyyə komitəsinin sədri seçdilər. O, bu vəzifədə də etimadı doğrultdu, şəhərin abadlaşdırılması üçün çox iş gördü.

Yetmişinci ilin əvəllərində Sultan Məmmədov partiya işinə irəli çəkilir. Astara Rayon Partiya Komitəsinin katibi seçilir. Bu dövrdə respublikanın bütün rayonlarında olduğu kimi, Astaranın inkişafı üçün geniş perspektivlər açılmışdı. Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş proqram həyata keçirilirdi. Bu işə ideoloji təminat yaradılırdı, qüvvələr səfərbərliyə alınırdı.

Sultan Məmmədov sadəliyi, səmimiyyəti, sözübütövlüyü ilə digər məmurlardan seçilirdi, el-obanın qayğısını çəkən ziyalı kimi tanınırdı. 1978-ci ildə Bakı Ali Partiya məktəbini bitirib ikinci ali təhsil aldı.

* * *

1980-cı ilin axırları idi. Lerik rayon partiya təşkilatının növbəti konfransı keçirildi. Konfransa Mərkəzi Komitədən Partiya Komissiyasının sədri Aslan Hüseynov və Sultan Məmmədov gəlmişdilər. Aslan Hüseynovu leriklilər yaxşı tanıyırdılar. Əllinci illərdə Lerik Rayon Partiya Komitəsinin birinci katibi işləmişdi. Nümayəndələr arasında Sultan Məmmədovu tanıyanlar da vardı. Mərkəzi Komitə onun rayon partiya təşkilatına rəhbərlik etməsini məsləhət görmüşdü.

Lerik ərazisinə görə cənub bölgəsində böyük rayondur. Kəndləri bir-birindən xeyli aralıdır. Təsərrüfatları iqtisadi cəhətdən zəifdi, dövlətin vəsaiti hesabına saxlanırdı. Yeni seçilmiş katib dağ rayonunun həyatında dönüş yaratmaqdan ötrü yerli mütəxəssislərlə, ağsaqallarla görüşüb səbrlə çıxış yolları axtarırdı. Kadr seçmək məsələsinə çox ehtiyatla yanaşırdı.

Sultan Məmmədov rayon kəndlərini bir-bir gəzdi. Onu çox narahat edən bir məsləni – kəndarası yolları qaydaya salmaqdan ötrü respublikanın əlaqədar təşkilatlarına müraciət elədi. Məsələ müsbət həll olundu. Noda-Şingədulan, Lerik – Qosmalian, Piran – Qışlaq yollarının təmirindən ötrü vəsait ayrıldı, texnika verildi, asfalt zavodu işə salındı. İşin gedişi nəzarətə götürüldü, inşaatçılara əməli kömək göstərildi.

Lerikin ərazisində üzümlüklərin salınması davam etdirildi. Təsərrüfatlarda bağların sahəsi 3500 hektara çatdırılmışdı. Bağlardan ildə 25-30 min ton məhsul yığılırdı. Qorbaçovun bədnam “yenidənqurma” siyasəti Lerikdəki təsərrüfatlardan yan keçmədi. Üzümlüklər doğrandı, rayon iqtisadiyyatına xeyli ziyan dəydi.

Sultan Məmmədovun Lerikdə işlədiyi illərdə iri heyvandarlıq komleksləri tikilmişdi, damazlıq qaramal və qoyun saxlanırdı. Cəngəmiran kəndində ətlik zebular, Qosmalianda südlük mal-qara, Pirasorada isə qoyunlar yetişdirilib respublikanın rayonlarına, ittifaqın başqa respublikalarına satılırdı.

Lerik şəhərinin dağ kəndlərinin abadlaşdırılmasına katib xüsusi diqqət yetirirdi. Şəhərdə stadion, musiqi və idman məktəbləri, üçüncü orta məktəb, xalça sexi qapılarını açdı, yaşayış evləri istifadəyə verildi. Ticarət və məişət obyektlərinin şəbəkəsi genişləndi. Ikinci dünya müharibəsində həalk olanların şərəfinə abidə kompleksi ucaldıldı. Kəndlərin elektrikləşdirilməsi başa çatdırıldı, yaşayış məntəqələrinin çoxunda avtomat telefon stansiyaları işə düşdü.

Rayonda yeni adət-ənənələrin bünövrəsi qoyuldu. Dağlar diyarında ilk dəfə keçirilən “Uzunömürlülər bayramı” respublikaya səs saldı. Folklor qrupları yaradıldı, el sənətkarlarının əl işlərinin sərgiləri açıldı, abidələrin qorunması və təbliği ümumxalq işinə çevrildi.

Kadr islahatı uğurla aparıldı. Gənc mütəxəssislər təsərrüfat rəhbərliyinə irəli çəkildi. Orta pillə kadrlarının tərkibi təzələndi. Partiya və sovet orqanlarında rəhbər vəzifələr savadlı, işgüzar gənclərə tapşırılarkən ictimaiyyətin rəyi meyar götürüldü. Bu təşkilatlarda ali təhsilli qadınlara geniş yer verildi.

Sultan Məmmədov Lerik seçki dairəsindən iki çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçildi. O, respublikanın ali qanunvericilik orqanında seçiciləri ləyaqətlə təmsil elədi, onların tapşırıqlarını yerinə yetirdi, rayonun iqtisadiyyatını möhkəmləndirməkdən ötrü məsələlər qaldırdı və həllinə müvəffəq oldu.

1988-ci ildə Sultan Məmmədov Astara Rayon Partiya komitəsinin birinci katibi seçildi. Lerikdə işlədiyi səkkiz ildə etibarlı dostlar qazanmışdı. Onlar sadə adamlar, duz-çörək kəsdiyi ağsaqqallar və ziyalılar idi.

1992-1995-ci illərdə Sultan Məmmədov Azərbaycan Respublikası mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Respublika parlamentində Milli Şuranın üzvü mənzil kommunal daimi komissiyasının sədri olmuşdur. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərmişdir. Səmərəli fəaliyyətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif olunmuşdur.

Sultan İsrafil oğlunun 80 yaşı tamam olur. Bu yubiley onun lerikli dostlarını da sevindirir, ünvanına xoş sözlərlə dolu təbriklər göndərilir. Axı, Lerikin ictimai-siyasi həyatında onun da zəhməti olub. Məncə, insanların ömürləri yaşla deyil, əməlləri, həyatda qoyduqları izlə ölçülür.

Həmzə VƏLİMƏMMƏDOV,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında