Azərbaycan aşıq ədəbiyyatı inciləri “Xalq Bank”ın “Xalq əmanəti” saxlancında

“Xalq Bank” ASC “Xalq əmanəti” layihəsinin növbəti töhfəsini--  üçcildlik “Aşıq ədəbiyyatı antologiyası”nı xalqımıza ərmağan etmişdir.

Bankın xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə gerçəkləşdirdiyi bu nəcib layihə əsasında son 8 ildə milli-mənəvi sərvətlərimizin ən yaxşı nümunələrindən ibarət 16 nəfis albom və toplu Azərbaycan, ingilis və rus dillərində nəşr edilmişdir.

Fevralın 23-də “Xalq Bank”ın əsas binasında yerləşən bədii qalereyada ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə “Xalq əmanəti” layihəsi çərçivəsində hazırlanmış növbəti fundamental nəşrin –  üçcildlik “Aşıq ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçirildi.

Toplantını giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bankın xalqımıza yeni hədiyyəsi barədə məlumat verərək bildirdi ki, tarixən, baba-nənələrimizin arzu və istəklərinin yüksək bədii söz və musiqi havaları ilə ifadəsini tapdığı aşıq ədəbiyyatımız dünənimizin bugünümüzə ən qiymətli əmanətlərindəndir. “Xalq Bank” bu əmanətə sahib çıxıb, onu sabahımız üçün də qorumaq missiyasını gerçəkləşdirib.

Akademik qeyd etdi ki, sazın-sözün əzəli və əbədi missiyası da xalqın dilini, ruhunu yaşatmaq, arıdıb durultmaq, onun tarixi-mənəvi kimliyini, yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehirli bir ecazkarlıqla sabahlara daşımaq olmuşdur. Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb.

Nəhayət,  “Xalq Bank”ın nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üçcildlik “Aşıq ədəbiyyatı” antologiyası da əlavə olundu. Qədim və zəngin mədəni irsimizdə layiqli yeri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildliyin birinci kitabı ən yaxşı poetik nümunələri, ikincisi cild qəhrəmanlıq və üçüncü toplu məhəbbət dastanlarını əhatə edir. Topluya müəllifi məlum olmayan əsərlər də daxil edilib, arxaik və əcnəbi sözlərin geniş lüğəti əlavə olunub. “Xalq əmanəti” layihəsinin 16-cı saxlanc kitabı nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir.

Nizami Cəfərov “Xalq Bank”ın mənəvi saxlancına bu dəfə aşıq ədəbiyyatımızın seçmə nümunələrindən ibarət üçcildlik möhtəşəm bir antologiyanı əlavə etməsinin vətəndaşlıq və yurdsevərlik işi olduğunu söylədi, bu dəyərli layihəni ərsəyə gətirən yaradıcı heyətə və bankın rəhbərliyinə ölkə ziyalılarının və geniş oxucu auditoriyasının minnətdarlığını ifadə etdi.

Kitabın tərtibçisi və elmi redaktoru Əməkdar elm xadimi Məhərrəm Qasımli, ədəbiyyatşünas professorlar Qəzənfər Paşayev və Şirindil Alışanov, Aşıq Ulduz və Aşıq Əhliman, nəşri illüstrasiyalarla bəzəmiş Xalq rəssamı Arif Hüseynov ədəbiyyat və incəsənətimizin klassikləşmiş nümayəndələrinin ən yaxşı əsərlərindən ibarət topluların, tarix və mədəniyyətimizə işıq salan fundamental nəşrlərin çağdaş nəsillərə çatdırılmasında “Xalq əmanəti” layihəsinin müstəsna rol oynadığını qeyd edərək bildirdilər ki, “Xalq Bank”ın son 8 ildə həyata keçirdiyi möhtəşəm işlər tarixi ənənənin yaşarlığının bariz nümunəsidir.

Mərasimdə bildirildi ki, layihəni əvvəlki nəşrlər kimi, aşıq ədəbiyyatı antologiyasının da hazırlanıb çap olunması və yüksək səviyyədə təqdimatının təşkili ədəbi-mədəni həyatımızın məmnunluq doğuran hadisəsidir. Bu kitablar nəinki qədirbilən oxucuların kitab rəfində ən qiymətli nüsxələrə çevrilir, həm də əcnəbi dostlara ən yerinə düşən hədiyyə kimi bağışlanır. Bununla da “Xalq Bank” təkcə xalqın maliyyə əmanətlərinin deyil, mənəvi dəyərlər əmanətinin də ən yaxşı saxlancı və hamisi olduğunu təkrar-təkrar sübut edir.

Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, mərhum Xalq şairi Zəlimxan Yaqubun antologiyanın nəşrə hazırlıq gedişində aşıq sənəti ilə bağlı yazdığı “Dahilik, müdriklik və sadəlik” məqaləsi üçcildliyin “Aşıq poeziyası” cildinə daxil edilib. Aşıq sənətinin mahir bilicisinin aşağıdakı sözləri antologiyanın missiyasına gur işıq salır: “Aşıq yaradıcılığı ruhumuzun danışan dilidir. Bu dil aranın-yaylağın, gülün-çiçəyin, suyun-bulağın, çayın-çeşmənin, yerin-göyün, buludun-şimşəyin, gözəlliyin, sevginin-məhəbbətin, çərşənbə gününün dilində danışır, bizi də bu ruhda danışdırır, bu ruha kökləyir.”

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının üçcildliyə yazdığı “Əvəzsiz mənəvi sərvət, möhtəşəm abidə” adlı ön sözdə antologiyanın məramı və dəyəri qədərincə açıqlanır: “Şübhəsiz, bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir. Bankın layihə çərçivəsində gördüyü işlər, layihənin davamlı olaraq həyata keçirilməsi, eyni zamanda xalqımızın mədəni irsinin zənginliyi bu sahədə görüləsi işlərin çox, “Xalq əmanəti” layihəsinin isə ömrünün uzun olacağını düşünməyə əsas verir. “Xalq əmanəti” layihəsi çərçivəsində nəşr olunan üçcildlik “Aşıq ədəbiyyatı” antologiyası məqsədyönlü, düşünülmüş fəaliyyətin nəticəsi olaraq yaranmış və bütünlükdə xalq sevgisi ilə yoğrulmuşdur.”

Oxucularımıza xatırladaq ki, “Xalq Bank”ın 2010-cu ildən gerçəkləşdirdiyi layihə çərçivəsində kitablar üç dildə-- Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən 8 ildə Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və  Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və rəsmlərindən ibarət bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı da “Xalq Bank”ın bu layihəsində işıq üzü görmüşdür.

Bütün bunları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərik ki, “Xalq əmanəti” layihəsinin xalqımıza bəxş etdiyi “Aşıq ədəbiyyatı” antologiyası şanlı dünənimizin şərəfinə yaradılmış mənəvi bir abidədir. Böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu abidə xalqımıza bir ərmağandır, əsl Xalq əmanətidir!

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında