Azərbaycan xalqı tarixən üzləşdiyi çətinliklərə baxmayaraq, milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində öz mövcudluğunu qoruyub saxlaya bilib. Bizim mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız və tarixi abidələrimiz xalqımızın mənəvi ruhunu nəsillərdən-nəsillərə ötürüb, milli varlığımızın simvoluna çevrilib.
Bu gün əsrləri adlayıb bizə çatan mənəvi irsimizi gələcək nəsillərə çatdırmaq üçün müstəqil dövlətimiz davamlı tədbirlər həyata keçirir. Qeyd edək ki, milli irsimizlə bağlı dövlətin bu funksiyası Konstitusiyamızda da təsbit olunmuşdur. Orada deyilir ki, Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Buna görə də dövlətimizin mədəniyyət siyasətində maddi və mənəvi irsin qorunması, beynəlxalq miqyasda təbliği əsas istiqamətlərdən biridir. Ulu öndər Heydər Əliyev milli dəyərlərimizə həmişə xüsusi diqqət yetirmiş, onların qorunmasının, gənc nəslin bu ruhda tərbiyə olunmasının vacibliyini tövsiyə etmişdir.
Ulu öndərin tövsiyələri ölkəmizdə böyük uğurla həyata keçirilir. Son 15 ildə mədəni dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün görülən işlərin və həyata keçirilən layihələrin miqyası olduqca genişdir.
Bu illər ərzində mədəniyyət ölkədə həyata keçirilən strateji siyasətin prioritetlərindən biri olmuşdur. 2006-cı ildən yeni strukturun – Mədəniyyət və Turizm Nazirliyinin yaradılması mədəniyyət siyasətinin yenidən qurulmasına, bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan yaratdı. Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda ciddi uğurlar qazandı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları – UNESCO, ISESCO, TÜRKSOY – mədəni irsimizin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynamış və bu gün də həmin təşkilatlarla əməkdaşlıq uğurla davam etdirilməkdədir. Azərbaycan incəsənəti beynəlxalq aləmdə ölkəmizi daha geniş miqyasda tanıdır. UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyırlar. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun Maddi və Mənəvi İrs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında rolu çox böyükdür. Xüsusilə, görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.
Azərbaycan muğam sənətinin, aşıq sənətinin, İçərişəhərin (Şirvanşahlar Tarixi–Qoruq Muzeyi ilə birlikdə), Qobustan Dövlət Qoruğunun, tar, kamança ifaçılığı sənətlərinin, Azərbaycan xalçasının UNESCO-nun Maddi və Mənəvi İrs Siyahılarına salınması milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması istiqamətində görülən işlərin real nəticəsidir.
Dünyanın bir çox ölkələrində Azərbaycanın mənəvi irsi mütəmadi olaraq təbliğ olunur. Filmlərimizin premyeraları keçirilir, rəssamlarımızın sərgiləri təşkil olunur, milli musiqimiz böyük konsert salonlarında səslənir və s.
Bu gün ölkəmizdə Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir.
Bakıda müasir üslubda tikilən Beynəlxalq Muğam Mərkəzinin, Xalça Muzeyinin yeni binalarının istifadəyə verilməsi mədəniyyətimizə ən yaxşı töhfədir.
Dövlət Film Fondunun yeni binası xalqımızın mənəvi sərvəti olan kinofilmlərimizin qorunması və mühafizəsi üçün əlverişli şərait yaratmışdır. Nizami Kino Mərkəzinin, S.Vurğun adına Rus Dram Teatrının, Akademik Milli Dram Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrının əsaslı təmiri mədəniyyətimizə göstərilən böyük qayğının ifadəsi kimi olduqca əhəmiyyətlidir. Belə quruculuq işləri, söz yox ki, regionlardakı mədəniyyət obyektlərində də davam etdirilir.
Müasir İncəsənət Mərkəzinin istifadəyə verilməsi, İncəsənət Muzeyinin bərpa edilərək yenidən sənətsevərlərə təqdim olunması əlamətdar hal kimi qiymətləndirilməlidir. Muzeylərimizin bir çoxunda bu cür əsaslı təmir işləri aparılır. Elə Tarix Muzeyinin təmir edilərək yenidən istifadəyə verilməsi, görkəmli şəxsiyyətlərin ev muzeylərinin yeniləşdirilməsi də dediklərimizə misaldır. Bütün bunlar yenilik, müasirlik, güclü ənənəvi dəyərlər əsasında irəliyə atılan addımlardır.
Bir məsələni də qeyd etmək istərdim. Ulu öndərin fərmanı ilə 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılmışdır. Akademiyanın yeni tikilmiş korpusunda müasir üslubda, onun profilinə uyğun işlər görülmüşdür.
Dövlətimizin mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli sənət adamlarının yubileyləri ilə bağlı tədbirlərin keçirilməsidir.
Ölkəmizdə mədəniyyətin bütün sahələrinə olduğu kimi, rəssamlığa da böyük önəm verilirr. Rəssamlarımızdan çoxunun yaradıcılıq emalatxanası vardır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Əlbəttə, Mədəniyyət və Turizm Nazirliyi bütün bu işlərin təşkilində əhəmiyyətli rol oynayır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə tədbirlərdə vaxtaşırı iştirak edir, rəssamlarımızın sosial vəziyyəti ilə mütəmadi olaraq maraqlanır. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilir, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir.
Bu gün dövlət siyasətimizin əsas istiqamətlərindən biri də mədəniyyət, incəsənət və ədəbiyyatla bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, dövlətimiz mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir.
Mədəni həyatımız zənginləşməkdə davam edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək istəyən ölkələrin və təşkilatların sayı ilbəil artır. Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları bunu bir daha təsdiq edir. Bu il həmin forumun keçirilməsinin 10 illiyi tamam olur. Artıq Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir.
Mən mədəniyyət işçisiyəm, ölkədə gedən mədəni prosesləri həmişə diqqətlə izləyirəm. Bilirəm ki, mənim kimi mədəniyyət sahəsində çalışan minlərlə işçi dövlətimizin siyasətini dəstəkləyir. Bunun da obyektiv səbəbləri var. Son illər mədəniyyət inkişafımızın prioritet sahələrindən biri kimi sürətli tərəqqi yolundadır. Mədəniyyətin elə sahəsi yoxdur ki, onunla bağlı ayrıca dövlət proqramı qəbul edilməsin. Multikultural dəyərlərə söykənən Azərbaycan mədəniyyəti inkişafımızın reallıqlarını əks etdirir.
Bütün bunlar dövlətimizin uğurlu mədəniyyət siyasəti nəticəsində mümkün olmuşdur. Bu siyasət strateji xarakterlidir və dövlətimiz inkişaf etdikcə, mədəniyyətimizin də tərəqqisinə geniş imkanlar açılır.
Mədəniyyət işçiləri ölkəmizdə gedən siyasi proseslərdən heç vaxt kənarda qalmırlar. Onlar azad, demokratik bir ölkənin vətəndaşları olmaqdan qürur duyur və yaxşı bilirlər ki, bu gün baş verən müsbət meyilli proseslər onların xoşbəxt gələcəyi üçün zəmin olacaq.
Elçin ORUCOV,
Əməkdar mədəniyyət işçisi, rəssam
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.