Artıq 25 ildir ki, TÜRKSOY qardaş xalqların ortaq mədəni irsinin dünyada tanıdılması, mədəniyyət və incəsənətin müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsi məqsədilə çeşidli layihələr həyata keçirir.
TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tuva və Tatarıstan respublikaları, Qaqauz Yeri (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.
Azərbaycan da təşkilatın fəal üzvü kimi bu layihələrdə yaxından iştirak edir. 2017-ci il bu baxımdan daha zəngin oldu, bu ildə də müxtəlif tədbir və layihələrin keçirilməsi nəzərdə tutulur.
TÜRKSOY ənənəvi olaraq qardaş xalqların görkəmli şəxsiyyətlərini xatirə ili ilə yad edir. 2017-ci il təşkilat tərəfindən Molla Pənah Vaqif ili elan edilmişdi. Dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində (2017-ci il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı”) keçirilən TÜRKSOY Daimi Şurasının toplantısında Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə 2018-ci il TÜRKSOY-a üzv ölkələrdə “Qara Qarayev ili” elan edilib. Həmçinin qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi və qazax şairi Mağjan Jumabayevin 125 illiyi 2018-ci ildə TÜRKSOY tərəfindən xatirə ili kimi qeyd ediləcək. Ötən il TÜRKSOY ilə Türkiyənin Bolu Bələdiyyəsinin əməkdaşlığı çərçivəsində Bolunun Seben bölgəsində səkkiz evdən ibarət “Yaradıcılıq kəndi” açıldı. O evlərin hər birinə üzv ölkələrin məşhur bəstəkarlarının adları verilib. Azərbaycan üçün ayrılan ev isə bəstəkar Qara Qarayevin adını daşıyır.
Bildirilir ki, “Qara Qarayev ili” ilə bağlı tədbirlər planı hazırlanır və türkdilli ölkələrin müvafiq qurumları ilə danışıqlar aparılır.
Ötən il türkdilli ölkələrin qadın bəstəkarlarının festivalı keçirilib. TÜRKSOY-un təşəbbüsü ilə türkdilli ölkələrdən qadın bəstəkarlar Türkiyəyə dəvət olunub və Ankarada ilk dəfə onların əsərlərindən ibarət konsert təqdim edilib. Layihə böyük marağa səbəb olub.
2017-ci ildə Azərbaycanla bağlı əsas tədbirlər isə “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsi oldu. “Vaqif ili”nin tədbirləri Türkiyədə, Qazaxıstanda, Azərbaycanda və son olaraq Şimali Kipr Türk Respublikasında keçirildi. TÜRKSOY-un “Vaqif ili”nə ən böyük hədiyyəsi, sözsüz ki, onun şeirlərinin tərcümə edilərək, on iki dildə kitabın nəşri oldu. Kitabın Azərbaycandakı təqdimatı Milli Kitabxanada və 5-ci Beynəlxalq Bakı kitab sərgi-yarmarkasında keçirildi. Bu tədbirlərlə böyük şairimizin türk dünyasında daha çox tanınmasına nail olundu.
2017-ci ildə TÜRKSOY-un baş katibi
Düsen Kaseinovun 70 illik yubileyi ilə əlaqədar Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə hazırladığı kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib. Aprel ayında həmin kitabın Bakıda təqdimat mərasimi keçirildi. Kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət xadimlərinin, dövlət rəsmilərinin TÜRKSOY-un baş katibinin yubileyi münasibətilə təbrik yazıları toplanıb. Nəşrin məsləhətçisi, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, tərtibçisi Dəyanət Osmanlı, redaktorları Elçin Qafarlı və Əkbər Qoşalıdır. Kitab Düsen Kaseinovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamla açılır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə TÜRKSOY-un birgə layihəsi olan “Türk dünyasının nağıl bağı” adlı kitab nəşr olundu və dekabr ayında Azərbaycan Xalça Muzeyində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibi D.Kaseinovun iştirakı ilə nəşrin təqdimatı keçirildi. Layihənin özəlliyi ondadır ki, kitabda 29 türk xalqının nağılları toplanıb, Azərbaycan və Türkiyə türkcələrində nəşr olunub. Nağıl kitabında Bakı məktəblilərinin nağıllara həsr etdiyi rəsmlərin yer alması və təqdimatda həmin əl işlərinin sərgisinin açılması xüsusi maraqla qarşılandı.
Ötən il ərzində “Türk dünyasının mədəniyyət paytaxtı” Türküstanda keçirilən tədbirlərdə azərbaycandan şairlər, rəssamlar, fotoqraflar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin 1-ci Beynəlxalq teatr festivalında Azərbaycanı Yuğ Teatrı təmsil etmişdi. Bu il isə növbəti festivalın Xəzəryanı ölkələrin birində keçirilməsi nəzərdə tutulur.
Azərbaycan mədəniyyətini dünyada təbliğ etməklə yanaşı, türk mədəniyyəti nümayəndələrini, ölkəmizdə tanıtdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Balkar şairi Qaysın Quliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında keçirilən tədbir buna misal ola bilər. Rusiya Federasiyası Kabardin-Balkar Respublikası Yazıçılar İttifaqının heyəti də bu tədbirdə iştirak etmişdir.
TÜRKSOY-un bu il üçün hazırladığı divar təqvimində Qara Qarayevin 100 illiyi və Abbas Mirzə Şərifzadənin 125 illiyi ilə bağlı, masa təqviminə isə Tahir Salahovun 90 illiyi, Xalq yazıçısı Anarın 80 illiyi və görkəmli xanəndə Arif Babayevin 80 illiyi ilə əlaqədar məlumatlar daxil edilib.
Eyni zamanda, bu il TÜRKSOY-un 25 illiyi də qeyd ediləcək. Bununla bağlı üzv ölkələr, o cümlədən Azərbaycanda silsilə tədbirlər keçiriləcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.