Sənəti yoluna nur ələdi

Əhəd Əliyev–125

Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində məşhur qarmon ifaçısı Əhəd Əliyevin (Kor Əhəd) anadan olmasının 125 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirildi. Tədbirdə respublikanın tanınmış elm, incəsənət ustaları, eləcə də yubilyarın doğmaları, nəvə-nəticələri iştirak etdi. Gecəni giriş sözü ilə açan fəlsəfə doktoru Gülhüseyn Kazımov Əhəd Əliyevin həyat və çoxşaxəli yaradıcılıq yolundan danışdı.

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev öz çıxışında Əhəd Əliyevin sənətə gətirdiyi novatorluqdan, onun ilk dəfə diotonik qarmona yarımton klavişləri əlavə etməklə qarmon ifaçılığında yeni imkanlar açdığından danışdı. Məhz belə yeniliyin nəticəsində qarmonda muğam və milli rəqslərimiz daha orijinal səsləndi. Ə.Əliyev bir pedaqoq kimi də məşhur idi. Çoxsaylı tələbələri arasında təkcə Teyyub Dəmirovun adını çəkmək kifayətdir ki, onun necə yüksək peşəkar musiqi ifaçısı olduğu oxucuda tam təsəvvür yaratsın. Z.Mirzəyev dedi ki, Əhəd Əliyevin vəfatından xeyli vaxt ötməsinə baxmayaraq onun sənətini indi də davam etdirənlər var. Böyük fəxrlə mahir qarmon ifaçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Əliyevin adını çəkə bilərəm. Çıxışının sonunda Zakir Mirzəyev Əhəd sənətinə hörmət əlaməti olaraq özünün “muğamla rəqs” musiqi nömrəsini ifa etdi.

Respublikanın Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Tofiq Bakıxanov Əhəd Əliyevin atası Əhməd Bakıxanovla dostluq və yaradıcılıq əlaqələrindən danışdı.

Sənətşünaslıq doktoru, UNESCO-nun qeyri-maddi irs üzrə nümayəndəsi Sənubər Bağırova Əhəd Əliyev sənətinin böyüklüyündən danışaraq onun əməyinin vaxtında lazımında qiymətləndirilmədiyini bildirdi. Əlavə etdi ki, bu gecəyə  toplaşan tamaşaçıların sənətkara hədsiz məhəbbəti isə çox mətləblərdən xəbər verir.

Daha sonra çıxış edən Teyyub Dəmirovun oğlu Teyyub atası ilə Əhədin dostluğundan söz açdı:

– Atam heç vaxt onun nə şikəstliyini üzə vurar, nə də adıyla çağırardı. Həmişə hörmət əlaməti olaraq “Əhəd müəllim” deyə müraciət edərdi. O, atamın qarmon çalmağına yüksək qiymət verərdi. Evlərimiz yanaşı olduğundan mən Əhədin nəvəsi Çingizlə dostluq edirdim. Tale qismət elədi ki, 60 illik ayrılıqdan sonra bu gün mən Çingizlə, nəticəsi Sevinc xanımla görüşə bildim. Bu görüş mənim üçün ikiqat bayram oldu.

Çıxışının sonunda Teyyub Teyyuboğlu atasının bəstələrindən olan “Solmazı” oyun havasını ifa etdi.

Yubiley gecəsində Xalq artistləri Mələkxanım Əyyubova, Aftandil İsrafilov, Ənvər Sadıqov, Əməkdar artistlərdən Fərqanə Qasımova, Ehtiram Hüseynov, tarzən Sahib Paşazadə, Cahangir Qurbanov, Əməkdar müəllim Qəzənfər Abbasov çıxış edərək ustad sənətkara dərin ehtiramlarını bildirdilər. Gözdən əlillər üçün 38 nömrəli musiqi məktəbinin şagirdi Məhəmməd İbişovun qarmonda Əhəd yolu çaldığı “Segah”ı hamının ürəyincə oldu.

Tədbirin sonunda gecənin bilavasitə təşkilatçısı Əhəd Əliyevin nəticəsi Aleksandriya Sevinc Sultanzadə öz ailəsi adından Beynəlxalq Muğam Mərkəzinin və AzTV-nin “Mədəniyyət” kanalının rəhbərliyinə, gecənin aparıcısı Gülhüseyn Kazımova, gecənin bütün musiqi proqramına dəstək vermiş Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblının bədii rəhbəri Xalq artisti, professor Möhlət Müslümova təşəkkürünü bildirdi. 30 ildən artıq şəxsi kolleksiyasında saxladığı Əhəd Əliyevin valını ailəsinə bağışladığına görə Lənkəran şəhər Mədəniyyət və Turizm idarəsinin işçisi Əli Əkbərova ürəkdən minnətdarlıq etdi.

Dörd saatadək davam edən gecə qarmon ifaçılarının Teyyub Dəmirovun repertuarında olan bir musiqi nömrəsi ilə sona yetdi.

Rafiq SALMANOV,
“Xalq qəzeti”.
Fotolar müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında