Elmə həsr olunmuş ömür

Tanınmış Baharlılar nəslinin nümayəndəsi Zahid Səttar oğlu Məmmədov 1947-ci il may ayının 22-də anadan olmuşdur, 1966-cı ildə Zəngilan rayonunun Mincivan dəmir yolu orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya və biologiya fakültəsinə daxil olmuş, 1970-ci ildə həmin fakültəni bitirib, coğrafiya ixtisasına yiyələnmişdir. 1970-1972-ci illərdə respublika Təhsil Nazirliyinin təyinatı əsasında Sabirabad şəhər orta məktəbində müəllim işləmişdir.

Elmə olan həvəsi onu Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna gətirir. 1972-ci ilin sentyabr ayından Zahid Məmmədov Coğrafiya İnstitutunda elmi yaradıcılığa başlayır. Gecəni-gündüzə qataraq, görkəmli alimlərin əsərlərini mütaliə edir və biliyini zənginləşdirir. Öz elminə və savadına arxayın olan Zahid müəllim 1973-cü ildə Coğrafiya İnstitutunda iqtisadi coğrafiya ixtisası üzrə əyani aspiranturaya daxil olur. O, mövzu seçimində iqtisadçı mütəxəssislərlə məsləhətləşərək, iqtisadi coğrafiya elminin aktual sahəsi olan nəqliyyat və iqtisadi əlaqələr problemini dissertasiya mövzusu seçir. Coğrafiya İnstitutunun elmi şurasında “Naxçıvan MSSR-in maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi – coğrafi problemləri” adlı dissertasiya mövzusu təsdiq olunur.

Aspiranturada təhsilini davam etdirməklə bərabər dissertasiya üzərində ciddi çalışır. 1980-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini alır. Zahid müəllimin bundan sonra yaradıcılığının parlaq dövrü başlayır. Xüsusilə akademiklər Həsən Əliyev, Budaq Budaqov, Asəf Nadirov və Ziyad Səmədzadə, Azərbaycan MEA müxbir üzvləri Ənvər Şıxlınski, Əli Nuriyev, iqtisad elmləri doktoru, professor Balaca  Əbdürrəhmənov və iqtisad elmləri doktoru, professor Kamal Tağıyev, coğrafiya elmləri doktoru, professor Balacaxanım Nəzirovanın əhatəsində olmasını gənc alim Zahid Məmmədovun elmi dünyagörüşünün formalaşmasına və elmi potensialının yüksəlməsinə təsir göstərən müsbət amil kimi qiymətləndirmək olar. Akademik Həsən Əliyev məktəbinin yetirməsi olan gənc alim Zahid Məmmədov Azərbaycan alimləri ilə yanaşı, keçmiş SSRİ-nin nəqliyyat problemləri ilə məşğul olan görkəmli iqtisadçı, iqtisadi coğrafiyaçı alimlərdən professor İ.V.Nikolcki, A.T.Xruşov, Ç.M.Lappo, İ.P.Alampiyev və digər alimlərdən elmi məsləhətlər almışdır.

Coğrafiya İnstitutunda dərc olunmuş “Azərbaycanın konstruktiv coğrafiyası”, “Böyük Qafqazın təbii resursları” adlı monoqrafiyaların müəlliflərindən biridir. Onun yaradıcılığının birinci dövrü əsasən keçmiş sovet dövrünü əhatə etməklə apardığı elmi tədqiqat işləri regional səviyyədə Azərbaycan iqtisadiyyatının yüksəlişinə verdiyi töhfələrdən ibarət olmuşdur.

Zahid müəllimin elmi yaradıcılığının ikinci mərhələsi Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək olan dövrü əhatə edir. “Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri” mövzusunda doktorluq dissertasiyasını 1996-cı ildə müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi alır.

2005-ci ildə Zahid müəllim Ali Attestasiya Komissiyası tərəfindən sanballı tədqiqatlarına və pedaqoji fəaliyyətinə görə professor elmi adını alır. Professor Zahid Məmmədovun Azərbaycanın nəqliyyat sektoruna dair yazdığı fundamental monoqrafiyalar Azərbaycan elminə böyük töhfələr vermiş və verməkdədir. 

Avropa İttifaqı Birliyi tərəfindən həyata keçirilən TASİS və TRASEKA proqramlarının Azərbaycan iqtisadiyyatına və nəqliyyat sisteminə təsir mexanizmi ilk olaraq professor Zahid Məmmədovun elmi tədqiqatlarında əsaslandırılmışdır.

Professor Z.Məmmədovun elmi yaradıcılığında nəzəriyyə ilə praktika vəhdət təşkil edir. Onun yazdığı fundamental əsərlərdə irəli sürülən elmi ideyalar respublika nəqliyyat sisteminə tətbiq edilərək istər qlobal, istərsə də regional səviyyədə iqtisadi əlaqələrin intensiv inkişafına təsir göstərmişdir. Professor Zahid Məmmədov 6 monoqrafiya, 3 dərslik, çoxsaylı proqram və metodik vəsaitlər və 160 – dan çox elmi məqalənin müəllifidir. “XXI əsr: İqtisadi inkişafın nəqliyyat faktoru”, “Regionların iqtisadi inkişaf problemləri”, “Naxçıvanın təbii sərvətləri”, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri”, “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası”, “Təbiətdən istifadənin iqtisadiyyatı” və s. kitabları ölkəmizin iqtisadiyyatına, xüsusilə nəqliyyat sektoruna töhfələr verən qiymətli əsərlər hesab edilir.

Zahid müəllim 1994-cü ildən elmi pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya Universitetində davam etdirir. Universitetdə on beş ildən artıqdır ki, ekologiya və coğrafiya kafedrasına rəhbərlik edir.

Professor Zahid Məmmədov istər respublika, istərsə də beynəlxalq miqyasda keçirilmiş konfrans və simpoziumlarda doğma Azərbaycanımızı ləyaqətlə təmsil edərək öz elmi çıxışları ilə böyük nüfuz qazanmışdır.

Professor Zahid Məmmədov çoxsaylı dissertasiyaların müdafiə şurasının üzvü olmuşdur. O, 20 ildən çoxdur ki, Azərbaycan MEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda, 10 il Azərbaycan MEA İqtisadiyyat İnstitutunda, 6 il Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində fəaliyyət göstərən müdafiə şuralarının üzvü olmuşdur. Azərbaycan Kooperasiya Universitetində elmi şuranın və elmi metodik şuranın üzvü kimi fəaliyyət göstərir. Eyni zamanda, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti nəzdində yaradılmış müdafiə şuralarının üzvü seçilmişdir. Yer elmləri üzrə Ali Attestasiya Komissiyasının üzvüdür.

Əhməd Əsədli,
“Qızıl qələm” mükafatı laureatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında