Fevralın 5-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev dahi bəstəkarın 100 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməsini tarixi hadisə adlandıraraq deyib: “Düz on il bundan əvvəl, bu gün, bu zalda Qara Qarayevin 90 illiyini keçirdik və o zaman da mən onun haqqında qısa bir söz dedim. Budur, aradan on il keçib və bu on ildə də böyük Qara Qarayev sənəti daim bizimlə bir yerdə olub, həyatın mənası barədə, xislətin qadir olduğu mərhəmət və qəddarlıq, vəfadarlıq və riyakarlıq, sədaqət və xəyanət barədə düşündürüb, eyni zamanda, bu sənətin bəşəri mahiyyəti, milli və coğrafi sərhədlər tanımaması, irqindən, dinindən asılı olmayaraq, insanların qəlbinə və düşüncəsinə yol tapması bizi həmişə olduğu kimi, fərəhləndirib, bizə qürur gətirib. Əlbəttə, burada hər şey aydındır: nəsillər bir-birini əvəz edir, Qara Qarayev isə bütün nəsillərin daimi müasiridir – dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq”.
Elçin Əfəndiyev bildirib ki, Qara Qarayev bütün yaradıcılığı boyu ayrı-ayrı klassiklərə müraciət edib. Bu məqamda ilk olaraq Nizami yada düşür. Çünki Nizami mövzusu bəstəkarın hələ gənclik illərində xor üçün yazdığı “Payız”dan tutmuş “Leyli və Məcnun” simfonik poemasına, “Yeddi gözəl” baletinə, “Nizami” filminə bəstələdiyi musiqiyədək onun yaradıcılığının ana xəttini təşkil edib. Nizami humanizmi, Nizaminin ədalət axtarışları, hətta Nizami utopiyası, görünür, hələ gənc çağlarından etibarən bir insan və sənətkar kimi Qara Qarayevin daxili aləmi ilə həmahəng olub. Onun müraciət etdiyi digər böyük bəşəri simalar sırasında Ömər Xəyyam, Şekspir, Servantes, Löpe de Veqa, Puşkin, Lermontov, Fransisko Qoya, Merime, Edmon Rostan, Cəlil Məmmədquluzadə və başqaları var.
Milli, siyasi, ictimai konyuktura tanımayan bu dühaların, böyük ədiblərin sənət auralarının Qara Qarayevin özünün də doğma sənət aurası olduğunu qeyd edən Xalq Yazıçısı deyib: “Mən Servantesi xatırlatdım və əlbəttə, dərhal Kozintsovun məşhur “Don Kixot” filminə bəstələnmiş musiqi və “Don Kixot” simfonik qravyurası yada düşür. Bu bəstələr, elə bil, Don Kixotun gözlə görünən canlı və dolğun portretidir. Qarayev, elə bil, musiqinin dili ilə bir Don Kixot xalçası toxuyaraq, bu Lamançalı cəngavərin timsalında ən əlvan boyalarla bəşəri faciəni və komediyanı, bəşəri xoşbəxtliyi və bədbəxtliyi, reallığı və absurdu ən incə ştrixlərinə, detallarınacan açıb göstərib. Gərək faciəvi Don Kixot romantikasını o dərəcədə doğma hiss edəsən, o dərəcə məhrəm qəbul edəsən ki, belə bir sənət şedevri yaradasan”.
Qara Qarayev yaradıcılığında Şekspir mövzularını da yada salan Baş nazirin müavini bildirib ki, Hamletin, Otellonun, Kleopatranın, 4-cü Henrixin mənəvi təlatüm doğuran ehtiras və çılğınlıqları, paklıq, məhəbbət və qısqanclıqla, satqınlıq və intiqamla dolu hisslər, həyəcanlar burulğanı, hakimiyyət hərisliyi, həqiqət axtarışı və ədalət mübarizəsi Qarayev musiqisində bu Şekspir qəhrəmanlarının mürəkkəb və ziddiyyətli daxili aləmlərinə bərabər səviyyədə öz ifadəsini tapıb.
“İndi isə fikir verin, orta əsrlər Avropasında Şekspir dünyası hara, Cəlil Məmmədquluzadənin “Ölülər” dünyası hara. Ancaq Qara Qarayev musiqisi həmin Şekspir dünyasını da, Mirzə Cəlil dünyasını da eyni yüksək sənətkarlıqla ifadə edir, çünki onun öz sənət dünyası üçün ən səciyyəvi cəhətlərdən biri Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin vəhdəti idi. Yeri düşmüşkən, bu cəhət – Şərq və Qərb mədəniyyətlərinin, başqa sözlə desəm, milli və bəşəri mədəniyyətlərin vəhdəti Azərbaycan professional musiqisinin ən xarakterik bədii-estetik cəhətlərindən biridir. Üzeyir Hacıbəylidən gələn, Qara Qarayevlə birlikdə Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, sonrakı nəsil bəstəkarlarımızın davam və inkişaf etdirdikləri bu yaradıcılıq ənənəsi bu gün artıq professional musiqi məktəbimizin estetik simasını müəyyənləşdirir”, - deyə Elçin Əfəndiyev vurğulayıb.
Qeyd edilib ki, Qara Qarayevin “Üçüncü simfoniya”sı əsrlərin süzgəcindən keçib gəlmiş milli aşıq musiqisi məhz bəşəri musiqinin yiyələndiyi bədii-estetik vasitələrlə ifadə olunduğu üçün bu dərəcədə emosional təsir gücünə malikdir. Bir tərəfdən milli kolorit, o biri tərəfdən bəşəri dünyagörüşü – məhz bu vəhdət Üçüncü simfoniyanın timsalında böyük milli-bəşəri sənət əsəri yaradıb. Qarayev hətta başqa mövzularda yazdığı “İldırımlı yollarla”, yaxud “Vyetnam süitası”, “Alban rapsodiyası” əsərlərində də bəhs etdiyi xalqların milli musiqisindən istifadə edib.
Çıxışında “bəşəri” sözünü tez-tez işlətməsinin təsadüfi olmadığını bildirən Elçin Əfəndiyev 60-cı illərin ortalarında Qara Qarayevlə unudulmaz ünsiyyəti barədə danışaraq deyib: “Mən həyatımda Qara Qarayev qədər mütaliəsi olan, onun qədər kitabı, yəni mütaliəni sevən çox az adama rast gəlmişəm. O, klassik dünya ədəbiyyatına da, müasir, yəni XX əsr ədəbiyyatına da dərindən bələd idi, söhbətlərində tez-tez Folknerə, Bulqakova, Mandelştama, Nazim Hikmətə, Remarka və bir çox başqalarına istinad edirdi. Heminqueyi xüsusi qeyd edirdi, Sabiri və Mirzə Cəlili yüksək qiymətləndirirdi. Onun dünyagörüşü olduqca geniş və zəngin idi. Biz tez-tez bu məlum və haqlı fikirlə razılaşırıq ki, “Böyük sənətkarlar ölmür, onlar həmişə yaşayır” və bu mənada Qara Qarayev xoşbəxt sənətkardır. Ancaq o, yalnız xoşbəxt sənətkar, xoşbəxt bəstəkar deyil, həm də xoşbəxt pedaqoqdur. O, yalnız öz əsərlərində yaşamır, eyni zamanda, tələbələrinin Azərbaycanda da, dünyanın bir çox səhnələrində, konsert salonlarında səslənən musiqilərində yaşayır və bu, əlbəttə, onun ruhunu şad edir”.
Qara Qarayevin hələ yeniyetmə çağlarında Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən öyrəndiyini, sonralar Dmitri Şostakoviçin sinfində təhsil aldığını bildirən Xalq Yazıçısı deyib ki, Qarayev sinfinin yetirmələri ondan aldıqları sənət estafetini sonrakı nəsillərə ötürüblər və ötürürlər. Həmin sənət estafeti nəsillərdən-nəsillərə keçərək, daha artıq bəşəri vüsət əldə edir.
Baş nazirin müavini çıxışının sonunda ulu öndər Heydər Əliyevin qoyduğu ənənələri layiqincə davam etdirərək Qara Qarayevin 100 illiyi münasibətilə xüsusi Sərəncam imzalayan Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Yubiley mərasimində Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası (3 hissədə) səsləndirilib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.