“Ardı yaşanılır”

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və həyat yoldaşı, görkəmli musiqişünas alim, AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi Zemfira Səfərovanın 80 illik yubileylərinə həsr olunan “Ardı yaşanılır” adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət nümayəndələri, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişlər.

Mərkəzin foyesində yubilyarların ömür yolu və yaradıcılığından bəhs edən müxtəlif nəşrlərdən ibarət sərgi təşkil olunmuşdur.

Filmin yaradıcı heyəti haqqında məlumat verən aparıcı diqqətə çatdırmışdır ki, ekran əsərinin ideyası və ssenarisi Günel Anarqızına məxsusdur. Filmin rejissoru Gülər Həsənli, bəstəkarı Vaqif Gərayzadədir. 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, gecənin qəhrəmanları Azərbaycan mədəniyyətinə parlaq səhifələr bəxş etmiş insanlardır: “Anar müəllimin və Zemfira xanımın ailəsi ölkəmizin mədəniyyət və incəsənət tarixinə, elminə böyük töhfə verib. Bu ailə gənc nəsillərə örnəkdir. Onların yaradıcılıq mühiti, əsərləri, kitabları, elmi araşdırmaları bizim elmi-ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. Hər bir böyük ziyalının özünəməxsus dünyası, fərqli düşüncələri, münasibətləri var. Film vasitəsilə ötürülən mesajlar gənc nəslin tərbiyələnməsində, cəmiyyətə münasibətinin formalaşmasında mühüm amildir. Əslində, bir ziyalı ailənin həyat tərzi, bir-birini anlaması, övladlarının tərbiyəsi kimi məsələlərin cəmiyyətə nümayişi onların yaradıcılıq məhsulları olan kitablar, monoqrafiyalar qədər vacibdir. Saf ailə mühitinin, ənənələrin qorunması, ziyalıların bir-birinə dəstək verməsi və bunun nəticəsində Azərbaycan mədəniyyətinə və incəsənətinə verilən töhfə ölçüyəgəlməzdir. Məntiqi nəticə kimi filmin ssenari müəllifi, bu mühitdə formalaşmış Günel xanımı nümunə göstərə bilərik. Hesab edirəm ki, hər bir Azərbaycan ziyalısı, yaradıcı insan bu amili qorumalıdır. Belə nümunəvi Azərbaycan ailəsi gənc nəslə örnək və yolgöstərən mayakdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək filmin qəhrəmanlarını təbrik etdi. Diqqətə çatdırdı ki, hər bir xoşbəxt ailə özünəməxsusluğu ilə seçilir. Komitə sədri  ümummilli lider Heydər Əliyevin Anarla bağlı fikirlərini qiqqətə çatdırmışdır: “Nigar Rəfibəyli öz həyat yoldaşı Rəsul Rza ilə birgə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Məmnunam ki, onların övladı, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”.

Daha sonra “Ardı yaşanılır” sənədli filmi nümayiş olunmuşdur. Gecənin iştirakçıları Xalq yazıçısı Anar və həyat yoldaşı Zemfira xanımın uşaqlıq illərinə, köhnə Bakının mədəniyyət ocaqlarının tarixinə, görkəmli sənət adamları ilə bağlı unudulmaz xatirələrə və 55 illik birgə həyatın acılı-şirinli günlərinə səyahət etmişlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında