49 il sonra yenidən nəşr edildi

Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük həriflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə işıq üzü görüb. Akademiyanın “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında çapa hazırlanan kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov “Əfrasiyab Bədəlbəyli universitetinin köhnəlməyən dərsliyi” sərlövhəli yazısında lüğət və onun müəllifi haqqında bir sıra məqamları oxucularla bölüşür.

Görkəmli bəstəkarın həyat yoluna və yaradıcılığına nəzər salan akademik onun Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətləri ilə bağlı vacib məqamlara diqqət yönəldir, yarım əsr öncə müəllifin lüğəti çapa hazırlayarkən üzləşdiyi çətinliklər, kitabın nəşrindən sonra ona qarşı təşkil edilən qərəzli hücumlardan bəhs edir. İlk nəşrin 20 çap vərəqi həcmində olmasına baxmayaraq, 5 çap vərəqi azaldıldığı və cüzi tirajla buraxıldığı diqqətə çatdırılır.

Kitabı Azərbaycan musiqişünaslığında öz elmi-təcrübi əhəmiyyətini təsdiqləmiş qiymətli məxəzlərdən hesab edən nəşrin redaksiya heyətinin sədri, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli fikirlərini belə ümumiləşdirir: “Bu kitabda ilk dəfə olaraq, Azərbaycan və xarici musiqi terminləri toplanmış, Orta əsrlər dövrünün musiqişünas-alimləri və XIX-XX əsrlərin görkəmli xanəndə və tarzənləri haqqında geniş məlumat verilmişdir. Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti” oxuculara bu qədər qiymətli məlumatı belə böyük həcmdə çatdıran ilk nüfuzlu mənbədir. Əsər musiqi elmində bir çox tədqiqatlara təkan vermiş və bu günə kimi öz dəyərini qoruyub saxlamışdır”.

Əsər musiqişünaslar, musiqiçi və musiqişünas ixtisası verən universitetlərin tələbələri, orta ixtisas musiqi məktəblərinin, eləcə də orta ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında