Tarix və mədəniyyət abidələri mənsub olduğu xalqın həm tarixinin, həm də mədəniyyətinin özünəməxsusluğunu yaşadan əsas vasitədir. Azərbaycan özünün maddi-mədəniyyət abidələri ilə bütün dünyada tanınmışdır. SSRİ hakimiyyəti illərində Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin aşkar edilməsi, qeydiyyatı və mühafizəsi səthi aparıldığından Azərbaycanda xeyli sayda tarix və mədəniyyət abidələri qeydiyyatdan kənarda qalmış, abidələrin pasportlaşdırılması isə ümumiyyətlə aparılmamışdır. Dağlıq Qarabağ münaqişəsi başlayan ərəfədə - ötən əsrin 80-ci illərinin sonlarında bu bölgədəki abidələrin verildiyi kataloqda 9 yüzə yaxın abidə qeyd olunmuşdu. Reallıqda isə bunların sayı təqribən 7 mindir. Ötən iki onillik ərzində məkrli erməni siyasətinin bir qolu olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilmiş ərazilərində xalqımızın tarixi-mədəni irsinin mühüm hissəsi olan tarix və memarlıq abidələri xüsusi amansızlıqla dağıdılmaya, süni özününküləşdirməyə, yəni bütövlükdə vandalizmə məruz qalıb.
Düşmən işğalında qalan tarixi memarlıq və mədəniyyət abidələrimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan təbliğat Azərbaycan dövləti başda olmaqla ictimaiyyətin, diaspora təşkilatlarının, ayrı-ayrı qurumların dəstəyi ilə get-gedə daha da genişlənir.
Bunu faktlar da sübut edir. Belə ki, 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib, erməni işğalı altında qalan 27 muzey və şəkil qalereyasından qarət olunmuş yüz min eksponatın taleyi naməlumdur. Xatırladaq ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Eyni zamanda, işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal altında qalıb.
İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr yerlə yeksan edilib. Həmin mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür.
Məlumatlara görə, Azərbaycandakı 190-a qədər muzeydən 22-i Ermənistanın işğal etdiyi ərazilərdə yerləşir. İşğal zamanı həmin muzeylərdən bir neçəsinin əmlakı daşınıb Bakıya gətirilsə də, əksəriyyəti dağıdılıb, bütün eksponatlar talanıb.
Şuşa Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abasov bildirib ki, Şuşanın işğalı zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları və Rəsm Qalereyasının eksponatları çıxarılıb. Amma həmin muzeylərində fondu tam xilas edilməyib. Z.Abasovun sözlərinə görə, işğal zamanı 200-dən artıq xalça və xalça məmulatı xilas edilərək Bakıya gətirilib. Hazırda həmin xalçalar Azərbaycan Xalça Muzeyində saxlanılır və sərgidə nümayiş etdirilir. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, Şuşa və Xankəndi, diyarşünaslıq muzeyləri, keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi, bir çox başqa muzeylər tamamilə dağıdılıb.
Torpaqlarımızın işğalından sonra bu ərazilərdə olan bir çox tarixi memarlıq abidələrinin dağılması ilə yanaşı, ermənilər abidələrin bəzilərini də öz adlarına çıxmaq məqsədilə onların üzərində dəyişikliklər aparıblar. Onlar bu abidələri bütün dünyaya erməni abidələri kimi təqdim etməyə çalışırlar. Ermənilər rayonlarımızın tarixi-mədəni abidələrinin, muzey eksponatlarının şəkillərini müxtəlif saytlarda yerləşdirir, kitablarda nəşr etdirməklə abidələrin özlərinə məxsus olması ilə bağlı təbliğat aparırlar.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi "Qarabağ abidələri: dünən, bu gün" adlı layihə ilə Qarabağın tarixi memarlıq və mədəniyyət abidələri haqqında dünya ictimaiyyətinə dəqiq və geniş məlumat verməyə çalışır. Birliyin sədri Anar Xəlilov mətbuata açıqlamasında bildirib ki, ermənilərin saxtakarlığını ifşa etmək üçün həyata keçirdikləri layihə çərçivəsində xeyli təbliğatı işlər görülüb. “Ermənilər tək bizə qarşı deyil, həm də abidələrimizə qarşı geniş terror siyasəti həyata keçirirlər. Onlar saytlarında Azərbaycan abidələrini özlərininki kimi təqdim edirlər. Bunu nəzərə alaraq işğal olunmuş rayonların mədəniyyət və turizm idarələrinin köməyi ilə əldə etdiyimiz çoxlu sayda materialları ümumiləşdirərək bir yerə yığmağı qərara aldıq”. Layihə çərçivəsində nəşr olunan "Qarabağ abidələri" adlı kitabda Qarabağın işğal olunmuş ərazilərində mövcud olmuş tarix və mədəniyyət abidələrimizin işğaldan əvvəlki və sonrakı şəkilləri və onlar haqqında qısa məlumat verilib”.
Bu gün Qarabağ abidələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük nailiyyətlər əldə edilib. Narahatlıq doğuran məsələ dünya ictimaiyyətinin Azərbaycana məxsus abidələrin dağıdılmasına biganə yanaşmasıdır.
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin məsləhətçisi, sənətşünas Qalib Qasımov www.karabakhmonuments.az saytina açıqlamasında silahlı münaqişələrin əksər hallarda böyük insan tələfatı, mənasız qırğınlarla yanaşı, həm də münaqişələrin aparıldığı ərazilərdə mədəni mülkiyyətin də dağıdılmasına, talan-qarət edilməsinə səbəb olduğunu bildirib. Q.Qasımovun sözlərinə görə, Azərbaycanın tarixi mədəniyyət nümunələri Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib, yaxud da onların bir qismi xarici ölkələrdə “erməni mədəniyyətinin nümunələri” adı altında satılıb.
Qeyd edək ki, Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən UNESCO Ermənistana müraciət göndərib. Hələ ki, qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib. Mədəniyyət və Turizm Nazirliyi və İKOM-un Milli Komitəsi işğal olunmuş ərazilərdə qalan muzeylərin və onların eksponatlarının taleyi ilə bağlı UNESCO qarşısında dəfələrlə məsələ qaldırıb. Bu məqsədlə problemin öyrənilməsi üçün UNESCO-nun Azərbaycana iki missiyası göndərilib (1994, 1995-ci illərdə) və bunun da nəticəsi olaraq UNESCO baş direktorunun müavini işğal olunmuş ərazilərdə mədəni dəyərlərin müdafiə edilməsinə çağıran müraciət imzalayıb.
Azərbaycanın işğal altındakı ərazilərində, erməni vandalizminin qarşısını almaq üçün Beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işləri həyata keçirilməsi vacib məsələdir . Çünki Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Bundan ermənilərin əsas məqsədi, işğal altında saxladıqları ərazilərdən Azərbaycan tarixini silməklə özlərini bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qərbi Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratdılar.
2012-ci ildə Parisdə keçirilən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd imkan verir ki, Azərbaycan, törətdiyi cinayətlərə görə Ermənistana qarşı beynəlxalq təşkilatlar vasitəsi ilə sanksyaların tətbiq edilməsini tələb etsin. Ancaq aparılan davamlı işlər hələ də ciddi nəticə vermir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.