Bizim – əlinə qələm alan jurnalist xanımların çoxunun idealı, yaradıcılıq yolunun mənəvi bələdçisi olan Svetlana Nəcəfova haqqında düşünəndə ağlıma gələn ilk söz məhz işıq olur. Çünki çoxumuz bu işığın nurundan bəhrələnmiş, məhz onun kimi jurnalist olmağa can atmışıq. Svetlana xanımın Azərbaycan jurnalistikasındakı xidmətləri həm onun istedadı, həm də nüfuzu, təmiz adı və mənəvi gözəlliyi ilə bağlıdır. Svetlana xanımda bu məziyyətlər bir-birini elə gözəl tamamlayır ki, onu təkcə sevmirik, həm də onun insanlıq xüsusiyyətlərinə, nurlu qələminə qibtə edirik. Unudulmaz yazıçımız Ələviyyə Babayevanın həmkarı barəsindəki bir fikri mənim də ürəyimdən keçənlərin sanki sədasına çevrildi: “Svetlana xanımın kitabları dünyaya, insanların ürəyinə işıq saçmaq, bəşəri oyatmaq, qaranlıqları dağıtmaq qüdrətinə malikdir. Bu kitablar insanların dünyaya açıq gözlə baxmasına kömək edir”. Bu fikirlər əsl bələdçim oldu, – desəm yanılmaram. İşıqlı söz, işıqlı adam, işıqlı qələm--bütün bu ifadələr məhz maarifçiliyin rəmzidir. Maarifçi olmağın xüsusi zamanı və janrı yoxdur. Təbii ki, hər dövrün öz tələbi var, amma maarifçilik həmişə aktual və vacibdir. Svetlana xanımın ömür yolu da, yaradıcılığı da məhz mənəvi dünyamızın bu sarı simi üstündə köklənib.
Bu ilin yayında 80 illiyi tamam olacaq Əməkdar jurnalist Svetlana Nəcəfovanın ömürlüyündən çəkdiyimiz ləçəkləri oxucuların diqqətinə çatdırmaq istərdik. O, 1938-ci il iyulun 8-də qədim türk şəhəri İrəvanda anadan olub. İlk təhsilini orada alıb, orta məktəbi gümüş medalla bitirib. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.1960-cı ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirən Svetlana Nəcəfova əmək fəaliyyətinə “Pioner” jurnalı redaksiyasında başlayıb. 1973-1992-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru, baş redaktorun müavini vəzifələrində çalışıb. Sonralar bir müddət “Respublika” qəzetində şöbə müdiri olub. Müxtəlif mükafatlara layiq görülmüş Svetlana Nəcəfovanı 2005-ci ildə Universal Sülh Federasiyası və Ümumdünya Sülh Naminə Beynəlxalq Federasiyası sülhməramlı səfir kimi öz sıralarına qəbul etmişdir. Publisistik, bədii, tərcümə kitablarının müəllifi olan Svetlana xanım təkcə yazdıqları ilə deyil, şəxsi nümunəsi ilə də örnəkdir.
Xalq şairi Sabir Rüstəmxanlının fikridir: “ Svetlana xanım jurnalistikamızın təcrübəli, son dərəcə vicdanlı, son dərəcə halal söz sahibi olan yaradıcılarından biridir”. Bu, çox az qələm sahibinə məxsus olan bir məziyyətdir ki, əvvəldən axıra kimi öz mövzularına, əqidəsinə sadiq qalsın. Çoxcəhətli yaradıcılığı ilə seçilən, həm jurnalist, həm də yazıçı kimi həyatını söz uğrunda fədakarlıqla ağır zəhmətlərə tuş edən Svetlana Nəcəfova bütün yazılarında insan taleyinin fəsillərinə toxunub. İnsanı ucaldan mənəvi aləmin və xarakterlərin formalaşmasında cəmiyyətdə mövcud olan münasibətlərin, problemlərin bədii cəhətdən təsvirini ustalıqla yaradıb. Həyatımızın elə bir sahəsi yoxdur ki, Svetlana xanım ora müraciət etməsin. Qəhrəmanlarının adını yazmaq istəsək, heç sonacan tamamlaya bilmərik. Ədəbiyyat, incəsənət, musiqi, səhiyyə, elm, təhsil, texnika... sahələrinin tanınmış nümayəndələri barəsində silsilə yazıların müəllifidir. Ağır zəhmətə qatlaşan, amma şərəfli ömür sahibi olan qadınlarımızı da unutmayıb. Cəbhələrdə qəhrəmanlıq göstərmiş Azərbaycan xanımlarının dolğun portretlərini də yaratmağa müvəffəq olub. Həmkarları həmişə böyük məhəbbət və ehtiramla etiraf ediblər ki, Svetlana Nəcəfovanın Azərbaycan jurnalistikasında başlıca rolu onun gözəl, istedadlı qələmi ilə bütün qadın jurnalistlərə nümunə ola biləcək yüksək şəxsiyyətidir.
Svetlana Nəcəfova öz qəhrəmanlarını oxucalarına böyük sevgi ilə tanıtmaqda həmişə ustad olub. Çalışıb ki, təqdim etdiyi şəxsiyyətlərin bütün mənəvi aləmi, xidməti, məziyyətləri bəlli olsun. Onu sadəcə oxumasınlar, örnək götürsünlər, öyrənsinlər. Maarifçiliyin bir istiqaməti də təbliğatın düzgün qurulmasından, onun həqiqətə söykənməsindən keçir. Svetlana xanımın akademik Zərifə Əliyeva barəsində iki məqaləsini məmnuniyyətlə oxudum və doymadım. O, unudulmaz Zərifə xanımla bir neçə dəfə görüşüb. Hələ sağlığında qələmə aldığı müsahibələr, məqalələr böyük maraqla qarşılanıb. Bu böyük insanın, fədakar ananın, bacarıqlı həkimin, mükəmməl şəxsiyyətin portretini çox dolğun yaradıb. Bəlkə də elə bu yazının təsiri idi ki, hələ sovet dövründə “Azərbaycan qadını” jurnalına məktub yazan qızların əksəriyyəti Zərifə xanıma bənzəmək istədiklərini bildirirdilər. Maarifçiliklə təbliğatın ünsiyyəti budur. Müəllifin “Həyat böyük yoldur” yazısında oxuyuruq: “...İnsan ömrü! Hər birimizə yalnız bir dəfə verilmiş əvəzsiz nemət! Hərə onu bir cür yaşayır, başa vurur. Onun mənasını hər kəs bir şeydə görür. Professor Zərifə Əliyeva üçün bu məna onu daim çalışmağa, irəli getməyə, axtarışlar aparmağa məcbur edən məsuliyyət hissindədir. Gözünü dünyaya açandan onun üçün məsuliyyət hissi müalicə etdiyi adamların taleyi üçün, yüksək alim adı üçün, layiqli övladlar böyütmək üçün məsuliyyət hissi hər şeydən üstün, hər şeydən əsas olub. Həyatda əldə etdiyi nə varsa, hamısı bu məsuliyyət hissinin məhsuludur. O şəxsi həyatını da, rahatlığını da bu məsuliyyət hissinə tabe edə bilib...”
Onun yaradıcılığında diqqət çəkən məqamlardan biri də təqdim etdiyi qəhrəmanının elə məziyyətlərini görməyi, yazmağı ustalıqla bacarmağıdır ki, öz sevgisi ilə oxucusunun könlündə rəğbət, məhəbbət yaradır. Hansı məqaləsini oxusaq bu maarifçi xanımın həmin missiyanı necə incəliklə, məhəbbətlə yerinə yetirdiyinin fərqinə vararıq. Məsələn, biz jurnalistlərin idealı, unudulmaz mətbuat xadimi Nəsir İmanquliyev haqqında qələmə aldığı məqalədə oxuyuruq: “Bəli, Nəsir müəllim belə adam idi: xeyirxah və kövrək, ədalətli və mehriban, həm də lazım gələndə hədsiz dərəcədə ötkəm və sərt, tələbkar və prinsipial. Özündən həm yaşca, həm bilik və təcrübə, həm də vəzifəcə aşağıda olanlara (mən özümü nəzərdə tuturam) göstərdiyi nəvaziş, qayğı və mehribanlıq çox adamların həyat yoluna işıq salıb. Şəxsən mən jurnalist kimi həyatda əldə etdiklərim üçün Nəsir İmanquliyevə borcluyam.”
Unudulmaz yazıçı-jurnalist, professor Nurəddin Babayev vaxtı ilə öz tələbəsi barəsində yazırdı: “ Onun mövzu dairəsi çox geniş və əhatəlidir. O, nədən yazırsa-yazsın üzdən getmir, mövzunun dərinliyinə baş vurmağa çalışır və çox zaman da buna nail olur. Qəhrəman pambıqçı qadınların çətin əməyindən yazanda da, Azərbaycan təbiətinin mühafizəsi problemlərindən bəhs edəndə də, həkimlərin fədakar, təmənnasız işindən danışanda da, Böyük Vətən müharibəsinin odlu cəbhələrində misilsiz rəşadət göstərən Azərbaycan oğullarının ölməz surətini əks etdirəndə də Svetlana publisistikanın təsvir üsullarından bacarıqla bəhrələnir, sevib-seçdiyi qəhrəmanları da oxuculara sevdirə bilir. O, özündən çox əvvəllər fəaliyyət göstərmiş, çətin şəraitdə yazıb-yaratmış həmkarlarının maarifçilik ənənələrini ləyaqətlə davam etdirir.” Həyat və Svetlana Nəcəfovanın səmərəli fəaliyyəti, yaradıcılığı Nurəddin müəllimin fikirlərini bir daha təsdiqlədi.
Əməkdar jurnalist Flora Xəlilzadənin fikridir: “ Xalidə Hasilova, Svetlana Nəcəfova, Məryəm Həsənzadə, Güllü Məmmədova və başqaları öz yazıları ilə arzularımıza, istəklərimizə işıq saldılar. Hərdən ötənlərə boylananda fikirləşirsən, nə yaxşı ki, jurnalistikamızda Svetlana Nəcəfova kimi abırlı, qələmə məsuliyyətlə yanaşan, məbuatda öz möhürünü vuran, nümunəvi xanım həmkarlarımız olub. Biz onların işığını tutub bu sənətə gəldik. Beləliklə, Svetlana Nəcəfova, özünün də xəbəri olmadan, çoxumuzun mənəvi müəlliminə çevrildi”. Ma-arifçiliyin bir qanadı da ardıcıllarını yetişdirməkdir, -desək yanılmarıq. Çünki sənin haradasa tamamlaya bilməyəcəyin işləri də məhz yolunu seçənlər başa çatdırmalı olurlar. Bu isə ənənələrin yaşaması, arzuların bir-birinə bağlanmasıdır.
Əməkdar mədəniyyət işçisi, jurnalist Qüdrət Piriyev Svetlana Nəcəfovanın anadan olmasının 70 illiyi ilə bağlı “Xalq qəzeti”ndə dərc etdirdiyi “And olsun qələmə...” məqaləsində yazır: “ Jurnalistika fakültəsində oxuduğum dövrdə tanınmış jurnalistlər arasında kişilər kifayət qədər olsa da, imzası ilə oxucu rəğbətini qazanmış qadın publisistlər az idi. Təsadüfi deyil ki, müəllimlərimizin örnək kimi, yaradıcılığını izləməyi məsləhət gördükləri yazarların sırasında 2-3 qadın imzası olardı. Onlardan biri məhz Svetlana xanım idi”.
Onun yazıçı və şairlərdən Mədinə Gülgün, Nəbi Xəzri, Mirvarid Dilbazi, Xalidə Hasilova, Ələviyyə Babayeva, Qılman İlkin, Balaş Azəroğlu, Zivər Ağayeva və digər sənət, elm adamları ilə bağlı qələmə aldığı məqalələri mükəmməlliyi, bədii siqləti, üslubu ilə seçilir. Mədinə Gülgünün yaradıcılığını tədqiq edərək oxucusunun düşüncəsində bu fikri yəqinləşdirir: “Şairin qəlbinə iki hiss hakimdir: ağrı və məhəbbət. By ağrı insan iztirablarının şair qəlbində doğurduğu ağrıdır. Mədinə xanım başqasının dərdini, ağrısını daim öz ürəyindən keçirib, ona şərik olub. Bəzən də bu ağrı onu öz ağrısından da artıq incidib, narahat edib, ürəyini qanadıb. Şairin tərənnüm etdiyi məhəbbət də bəşəri məhəbbətdir. Bu məhəbbət həyata, həyatda işıqlı nə varsa-- Vətənə, xalqa, təbiətə, boynubükük bir bənövşəyə, tənha bir çinara olan məhəbbətdir”.
Haqqında çox az yazılan yazıçımız Ələviyyə Babayeva Svetlana xanımın həm çox sevdiyi nasirlərdən, həm də barəsində məhəbbətlə yazdığı ədiblərdən biridir. Görün, Svetlana xanım öz qəhrəmanını necə təqdim edir: “ İnsan hər şeyin fövqündə durmalıdır” – deyir və bu qənaətini öz həyatı ilə, yaşam tərzi ilə təsdiq edir”.
50 ildən çox mətbuatda çalışan, bir-birindən maraqlı məqalə və müsahibələri ilə oxucu yaddaşında əbədi yer tutan Svetlana Nəcəfova əlinə qələm aldığı gündən insan mənəviyyatını zənginləşdirməyin yollarını arayıb- axtarıb. Elə qəhrəmanlar seçib ki, oxucu üçün örnək olsun, elə mövzuları təhlil edib ki, maarifçilik missiyasını ləyaqət və məsuliyyətlə yerinə yetirə bilsin. Onunla çiyin-çiyinə işləyən həmkarları, imzasını daim izləyən pərəstişkarları, ədəbiyyatşünas alimlər, tədqiqatçılar həmişə bir fikri qətiyyətlə vurğulayıblar ki, Svetlana Nəcəfovanın yaradıcılığı gənc həmkarları üçün bir məktəbdir. Həqiqətən də, işgüzarlığı, maarifçilik ideyalarına sadiqliyi, təvazökarlığı ilə seçilən, həmişə mənəvi zənginliyi ilə fərqlənən, etibarlılığı ilə sevilən bu qızıl qələmli maarifçi xanım ömrünün 80-ci baharında da özünün ucalıq taxtında ləyaqətlə əyləşib. Ondan öyrənməli cəhətlər çoxdur. Təəssübkeş vətəndaş, xeyirxah insan və üstə gəl fədakar ana, sevimli nənə! Hünəri, qələmi ilə işığa dönüb yolumuza nur saçan Svetlana Nəcəfova, biz sizi çox sevirik.
Ülviyyə VAHİDQIZI ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.