Qazanılmış uğurlar yeni nailiyyətlər üçün stimul yaradır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti son illər öz bəhrələrini verməkdədir. Bakıda iki ildən bir keçirilən mədəniyyətlərarası dialoq forumları, Qərb və Şərq mədəniyyətinin qarşılıqlı inteqrasiyası, mədəniyyət sahəsində xarici əlaqələrin genişlənməsi  ölkədə aparılan mədəniyyət siyasətinin uğurlu nəticələridir.

 Kitabxana işi sahəsində də ötən il qazanılmış nailiyyətlər xüsusi qeyd olunmalıdır. Bunu Milli Kitabxananın ötənilki fəaliyyətində aydın görmək olar. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə Milli Kitabxana mənəvi dəyərlərimizin qorunması, kitabın və mütaliənin kütləviləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ötən ilin əhəmiyyətli tədbirlərindən biri də Bakı Beynəlxalq kitab sərgisi olmuşdur. Ölkəmizdə artıq beşinci dəfə keçirilən bu möhtəşəm tədbirin miqyası ildən-ilə genişlənərək, daha böyük coğrafiyanı əhatə etməyə başlamışdır. Belə ki, V Bakı Beynəlxalq kitab sərgisində 10-dan artıq xarici milli kitabxana öz ekspozisiyası ilə iştirak etmişdir. İştirakçıların sırasına ilk dəfə olaraq, ABŞ-dan, İngiltərədən və Malayziyadan milli kitabxanalar qatılmışlar ki, bu da tədbirin ildən-ilə beynəlxalq miqyas almasından xəbər verir.

 Sərgi çərçivəsində 15 xarici ölkədən kitabxana mütəxəssislərinin iştirakı ilə “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Burada informasiyalı cəmiyyətdə kitabxanaların yeri və vəzifələri, innovativ yeniliklərin və kreativ düşüncənin kitabxana təcrübəsinə tətbiqi, yeni iş formalarından istifadə və digər məsələlərə dair geniş elmi müzakirələr aparılmış və mühüm nəticələr əldə olunmuşdur. Fərəhli haldır ki, ABŞ-ın məşhur Kaliforniya Universitetinin kitabxanasından, Britaniya, Malayziya milli kitabxanalarından və digər aparıcı ölkələrdən gələn mütəxəssislər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “açıq kitabxana”nın işi ilə tanış olarkən, heyrətlərini gizlədə bilməmiş və dünyada analoqu olmayan bu təcrübənin öyrənilməsinə böyük maraq göstərmişlər. Yeri gəlmişkən, qeyd edək ki, ötən il -- “açıq kitabxana” fəaliyyətinin birinci ilində artıq oxucularına və şəhərimizin qonaqlarına özünün elektron xidmətlərini təqdim etmişdir. İyul ayında “açıq kitabxana”nın saytı, elektron kitabxanası, oxuculara göstərdiyi onlayn xidmətlər və yeni kreativ düşüncənin məhsulu olan digər iş formaları geniş ictimaiyyətə təqdim edilmişdir.

Bakı Beynəlxalq kitab sərgisi çərçivəsində tədbirə gələn xarici ölkə milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması da artıq ənənə halını almışdır. Bu dəfə Misir Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında kitab, informasiya və təcrübə mübadiləsini, qiymətli kolleksiyaların və əlyazmalarının qarşılıqlı tədqiqini, hər iki ölkə oxucularının milli kitabxanaların elektron resurslardan qarşılıqlı istifadəsinin təmin olunmasıni nəzərdə tutan memorandum imzalanmışdır. Tədbirin sonunda 10-dan artıq milli kitabxananın sərgi-yarmarkada nümayiş etdirdiyi 500 nüsxə ədəbiyyat Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir.

Ötən il ərzində Milli Kitabxana Azərbaycan həqiqətlərinin, bugünkü iqtisadi yüksəlişimizin daşıyıcısı olan ölkəmizin mədəniyyətinə, tarixinə, iqdisadi quruculuq işlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və digər mövzulara aid kitabların ölkə ərazisində və xaricdə təbliği istiqamətində də xeyli iş görmüşdür. Kitabxanamız ötən il Bakı, Frankfurt, Tehran, Təbriz, Moskva, İstanbul, Düşənbə və başqa şəhərlərdə keçirilən beynəlxalq kitab sərgilərində Azərbaycana dair ekspozisiyalarla iştirak etmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ötən il görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi geniş qeyd olunmuş, Milli Kitabxana bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir sıra tədbirlər keçirmişdir. İlk dəfə olaraq M.P.Vaqifin fundamental biblioqrafiyası hazırlanaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəfis tərtibatla nəşr olunmuş, şairin əsərlərini və haqqında materialları əks etdirən elektron-məlumat bazası yaradılmışdır. TÜRKSOY təşkilatının 2017-ci ili “M.P.Vaqif ili” elan etməsi çərçivəsində il ərzində bu beynəlxalq təşkilatla birlikdə Türkiyənin Ankara, İstanbul və Sakarya şəhərlərində, Qazaxıstanın Astana və Türküstan şəhərlərində, Qırğızıstanda yubiley tədbirləri, elmi konfranslar, kitab sərgiləri keçirilmişdir. Həmçinin Milli Kitabxananın TÜRKSOY-la birlikdə nəşr etdirdiyi və şairin18 dildə şeirlərini əhatə edən “M.P.Vaqifin şeirləri dünya dillərində”, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif”, Milli Kitabxananın nəşr etdiyi “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimat mərasimləri təşkil olunmuşdur.

Bütün bu tədbirlər kitabın, mütaliənin kütləviləşdirilməsinə xidmət etmiş, gənclərin kitabxanalara cəlb olunmasında əhəmiyyətli rol oynamış və oxucuların sayının xeyli artmasına səbəb olmuşdur. Nəticədə 2017-ci ildə Milli Kitabxananın daimi oxucularının sayı 152 min nəfərə, kitabxanaya gələnlərin sayı 200 min nəfərə çatmış, virtual oxucularımızın sayı 1 milyon nəfəri ötmüşdür. Kitabxananın saytına və elektron kitabxanamıza və bazalarımıza 3 milyon 50 min giriş olmuşdur.

İl ərzində Milli Kitabxana həyata keçirdiyi 100-dən artıq kütləvi tədbirlə pespublikamızın mədəni-kütləvi və ictimai həyatında fəal rol oynayan bir mənəviyyat mərkəzinə çevrilmiş, kitab təqdimatlarının, oxucu konfranslarının, yazıçı və şairlərlə, kitab müəlliflərilə oxucuların fəal görüşlərinin keçirildiyi məkana, kitabın, ədəbiyyatın aktiv təbliğatçısına çevrilmişdir.

Ötən il Milli Kitabxananın fəaliyyətinin əsas istiqamətlərindən birini də müasir dövrdə oxuculara kitabxana-informasiya xidmətinin təkmilləşdirilməsi, günün tələbləri səviyyəsinə qaldırılması məqsədilə elmi konfransların, treninqlərin, seminarların və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə digər tədbirlərin keçirilməsi təşkil etmişdir. Bu məqsədlə kitabxanamız həm regionlarda, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Regionlarda innovasiyaların kitabxana təcrübəsinə tətbiqi, oxuculara kitabxana xidmətinin təşkilində yeni iş formalarından istifadə olunması, kitabxanadankənar xidmət işinin gücləndirilməsi və sair mövzularda treninqlər və seminarlar keçirilmiş, bu sahədə qabaqcıl təcrübə təbliğ olunmuşdur.

Kitabxanamızın mütəxəssisləri il ərzində qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə xarici ölkə kitabxanalarında ezamiyyətlərdə olmuş və əldə etdikləri bilik və təcrübələri vaxtaşırı regionlarda keçirilən treninqlərdə, seminarlarda və görüşlərdə öz həmkarları ilə bölüşmüş, respublikamızın kitabxanalarında tətbiqinə çalışmışlar. Milli Kitabxanamız ötən il ərzində Minskdə, Astanada, Daşkənddə, Ankarada, Almaniyanın Auqsburq şəhərlərində keçirilən beynəlxalq elmi konfanslarda, simpoziumlarda, seminarlarda iştirak etmiş, müxtəlif mövzularda elmi məruzələrlə çıxış etmişlər. 2017-ci ildə kitabxanamız tərəfindən 36 adda, 6560 nüsxə tirajla, 439,9 çap vərəqi həcmində fundamental biblioqrafiyalar, bibloqrafik və metodik vəsaitlər, məlumat və informasiya bülletenləri çap olunmuşdur.

2018-ci ildə Milli Kitabxana özünün 95 illik, ulu öndər Heydər Əliyevin 95 illik, dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük ədib Mir Cəlal Paşayevin 110 illik yubileylərini layiqli uğurlarla qarşılamağa hazırlaşır. Bu ilin yanvarında Milli Kitabxana ABŞ-ın məşhur Los-Anceles Universitetinin Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışdır. Bu əlaqələr Azərbaycan həqiqətlərinin və bugünkü iqtisadi və mədəni uğurlarımızın ABŞ-da təbliğinə əhəmiyyətli kömək göstərəcəkdir.

Kərim TAHİROV,
M.F.Axundzadə adına
Milli Kitabxananın direktoru,
Əməkdar mədəniyyət işçisi, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında