“İRS” jurnalının italyan dilində versiyasının növbəti nömrəsi nəşr olunub

“İRS” jurnalının italyan dilində versiyasının - “İRS-Patrimonio”nun 13-cü nömrəsi dərc olunub.

Baş redaktor Musa Mərcanlının “Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini gücləndirərək” sərlövhəli ön sözü ilə başlayan jurnal italyan müəlliflərin Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, bugünkü həqiqətlərinə dair xüsusi olaraq “İRS-Patrimonio” üçün yazdıqları məqalələrindən ibarətdir.

Jurnalist Barbara Kassaninin müəllifi olduğu “İtaliya və Azərbaycan: əhəmiyyətli bir ilin anları” adlı məqalədə Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunan 2017-ci il ərzində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunmuş elmi-akademik, mədəni tədbirlər, habelə həyata keçirilmiş qarşılıqlı səfərlər və ikitərəfli münasibətlərdə əldə olunmuş nailiyyətlər barədə məlumat verilir.

Roma Sapienza Universitetinin tədqiqatçısı Daniel Pommier Vinçellinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Demokratiya və aypara: Müsəlman dünyasında ilk parlament demokratiyası təcrübəsi 1918-ci ildə Azərbaycanda” adlı məqaləsində XX əsrin əvvəllərində Azərbaycanda siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, ermənilərin Azərbaycan torpaqlarını işğal etmək cəhdləri və yerli əhaliyə qarşı törətdiyi qırğınlar, müstəqillik dövründə Cümhuriyyətin həyata keçirdiyi tədbirlər, onun tanınması uğrunda diplomatik mübarizə və demokratik respublikanın süqutu haqqında məlumat verilir.

Enerji təhlükəsizliyi üzrə analitik Ciorci Pilar Ciorcinin müəllifi olduğu  “Azərbaycanın enerji sektoru: geosiyasət, diplomatiya, sabitlik və inkişaf arasında” adlı məqalə XIX əsrin sonlarından başlayaraq Azərbaycanda neft sənayesinin inkişafı, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, Azərbaycanın enerji strategiyası, neft və qaz boru kəmərləri, İtaliya ilə enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizinin, TAP-ın əhəmiyyəti haqqında söhbət açılır.

Tarixçi Domeniko Letisianın müəllifi olduğu “Azərbaycan: öyrənilməsi vacib olan multikultural laboratoriya” adlı məqalədə isə ölkəmizdə müxtəlif dini və etnik qruplar arasında harmoniya, multikultural ənənələrin mövcudluğu, Zərdüştlüyün, Xristianlığın və İslam təşəkkül tapması, Azərbaycanın multikulturalizm siyasəti, ölkədə məscid, sinaqoq, xristian kilsələrinin mövcudluğu və bütün dini icmaların Azərbaycanda sərbəst və sülh içində yaşamasından bəhs olunur.

Nəşrdə yer almış digər bir məqalə “İdman, turizm və mədəniyyət – “Azərbaycan effekti” adlanır. Arxitektor və jurnalist Marko İakonettinin müəllifi olduğu bu məqalədə ölkəmizin turizm potensialı, Bakı şəhərinin gözəlliyi, möhtəşəm memarlıq nümunələri (Heydər Əliyev Mərkəzi, İçərişəhər, Şirvanşahlar sarayı, “Alov qüllələri”), Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət və idman tədbirləri (“Avroviziya”, Formula-1, birinci Avropa Oyunları), “Ekspo 2025”ə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi, ölkədə idman və turizmin inkişafından söz açılır.

“Azərbaycana italyan baxış” adlı fotoreportajın müəllifi italiyalı fotomüxbir Françesko Neridir. Jurnalda yer almış fotoreportaja onun Azərbaycana səfəri vaxtı çəkdiyi fotolar daxil edilib.

Jurnalda yer alan digər məqalə Venesiyanın Ka Foskari Universitetinin tədqiqatçısı Karlo Frappinin müəllif olduğu “Belə uzaq, belə yaxın. Dağlıq Qarabağ münaqişəsi və Avrasiya sisteminin sabitliyi” adlı məqalədir. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması, hüquqi aspektləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin nizamlanması üçün aparılan danışıqlar haqqında məlumat verilir.

Bundan əlavə, “İRS-Patrimonio” jurnalının bu nömrəsində “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən Azərbaycan haqqında nəşr olunmuş kitablardan bəhs edən, naşir və politoloq Sandro Tetinin müəllifi olduğu “Azərbaycan haqqında kitablarımız” adlı məqalə, habelə jurnalist Cianfranko Vestutonun müəllifi olduğu, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” ilə “Roma” klubları arasında keçirilmiş oyunlara dair məqalə və fotoreportaj yer alıb.

Məqalələrin tam mətni ilə bu linkdən http://irs-az.com/new/it/journal/read/205 tanış olmaq mümkündür.

 Asiman Əsədov,
AZƏRTAC-ın xüsusi müxbiri

 Roma


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında