Möhkəm dayan, veteran idmançı!

Ötən il dekabrın 18-də Milli Olimpiya Komitəsində keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev çıxışında ölkəmizdə idmanda qazanılan parlaq nəticələrdən geniş söhbət açdı, görülən işlərə, qazanılan uğurlara yüksək qiymət verdi. Respublikamızın idman aləmində fərəh doğuran göstəriciləri hər birimizin qəlbini fərəh və qürur hissi ilə doldurdu. Dövlətimizin başçısının “Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır” sözləri hesabat dövründə idman kollektivlərinin necə yüksək zirvələr fəth etmələrinin əyani sübutu kimi diqqət çəkdi.

Sözügedən mərasimdə ölkə rəhbərinin vurğuladığı idman uğurları gənclərin yarış meydançalarında güc, qüvvə, hünər, yüksək iradə göstərmələrini ifadə etməklə bərabər, həm də onların məşqçilərinin, ölkə tarixinə xüsusi səhifə yazan veteran atletlərin qədir-qiymətini xatırlatmaq baxımından mühüm önəm daşıyırdı.

Mərasimin sonunda 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu. Mükafatçılar sırasında Kamal Məhəmməd oğlu Əhmədovun adı çəkiləndə sevincdən gözlərim yaşardı, xəyalən 62 il əvvəlin şirin xatirələrini yenidən yaşadım.

...1955-ci il idi. Azərbaycan Pedaqoji İnstitutunda (indiki N. Tusi adına ADPU) təhsil alırdıq. Bədən tərbiyəsi dərsləri institutun uyğunluqlara malik zalında tədris edilirdi. Burada həm güləş bölməsinin məşqləri, həm də respublika yarışları keçirilirdi... Kamal da o zaman pedaqoji institutun bədən tərbiyəsi fakültəsinin yuxarı kursunda oxuyurdu. Adlı-sanlı idmançı kimi tanınırdı. İdman ustası idi. Hər çıxışı, elə məşqləri də idman həvəskarları, tamaşaçılar tərəfindən maraqla qarşılanırdı. Kamalın güləşdə öz üslubu, dəsti-xətti var idi. İdman döşəyi üzərində çox çevik davranırdı: bir də görürdün ki, qeyri-adi fənd işlədərək rəqibinin ayağını yerdən üzdü, onu başı üzərinə qaldıraraq yerə çırpdı. Yarışların baş hakimi arabir əlinin işarəsi ilə “prosesi” dayandırır, idmançılardan birinə “passiv çıxışa görə” irad tuturdu. Bu hal meydanı daha da qızışdırırdı.

Kamal, adətən qalib gələrdi. Hakim onun əlini yuxarı qaldırıb qələbəni təsdiq edəndə biz tamaşaçılar da sevinc içərisində uzun-uzadı əl çalar, dostumuzu yeni uğurlara ruhlandırardıq...

... Aradan bir müddət keçdi, Kamalın qardaşı Sarı Əhmədov da ordudan qayıdıb təhsilini davam etdirdi, güləşçilər dəstəsinə qoşuldu. İndi iki qardaş tez-tez döşək üzərinə çıxır, əzmlə güləşir, uğurlar qazanır, doğma institutun şərəfini ucaldırdı.

Bir müddət sonra qardaşların sorağı fakültənin əsasında yaradılan müstəqil institutdan gəldi. Kamal həmin ali təhsil müəssisəsini bitirdi. Biz də institutda təhsilini başa vurub rayona qayıtdıq. Ancaq dostumun uğurlu çıxışları xatirimdən silinmirdi. Mətbuatı izləyir, ondan soraq öyrənməyə çalışırdım. Bir ara eşitdim ki, Kamal rayona qayıdaraq, burada idman işini canlandırıb, güləş bölməsinin uğurları artıb. Onu, eyni zamanda, komsomol işinə cəlb edib, raykomun katibi seçiblər. Kamal da öz növbəsində böyük şövqlə işə girişib, gənclər təşkilatının fəaliyyətini daha da yaxşılaşdırıb. Elə bu səbəbdən də Qazaxda sayılıb-seçilən idmançıların sıraları xeyli genişlənib.

...Kamal hazırda ölkə Prezidentinin fəxri təqaüdçüsüdür. Milli Olimpiya Komitəsində keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə isə Azərbaycan Prezidenti tərəfindən Kamal Əhmədova “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adı verilib...

...Veteranlar, idman tarixinə səhifə yazanlar unudulmur, onlara hər zaman hörmət və ehtiramla yanaşılır, gənclərə nümunə göstərilir.

Bu gün Kamal Əhmədov ömrünün 90-cı zirvəsinə yaxınlaşır. Dostuma cansağlığı arzulayır və deyirəm: Möhkəm dayan, veteran idmançı!

Əsgər ƏSGƏROV,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında