Yazıya bu başlığı təsadüfən seçməmişik. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilmiş qətnaməyə əsasən, 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” elan edilmişdi. Ötən il Azərbaycanda turizmin inkişaf tempi onu deməyə əsas verir ki, beynəlxalq aləmdə yüksək qiymətləndirilən davamlı inkişaf tendensiyası ölkəmizdə də uğurla həyata keçirilmişdir. Bunu faktlar da sübut edir. Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər olub. Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub: müvafiq olaraq 31,9 , 19,2 , 14 və 10,9 faiz təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya olub. 2017-ci ildə ölkəmizə İrandan 115 782, BƏƏ-dən 42 811, Rusiyadan 96 040 nəfər çox şəxs gəlib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 381 807 (20,1 faiz) nəfər çox xarici turist gəlib. Bunun da obyektiv səbəbləri var. Azərbaycan Prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamlar bu sahənin inkişafına güclü stimul yaratmışdır. Eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş də bunun əsas səbəblərindəndir.
Strateji Yol Xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması da yeni uğurlara imkan yaratmışdır. Strateji Yol Xəritəsi 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.
Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının yaranmasından bir il ötüb. Bir illik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirilib. Şuranın keçirdiyi iclaslarda 100-dən çox müxtəlif qərarlar qəbul olunub. Bu qərarlar Azərbaycan turizm infrastrukturunun inkişafına, eyni zamanda, Strateji Yol Xəritəsinin icrasına müsbət təsir göstərib.
Bununla yanaşı, 2017-ci ildə ilk dəfə keçirilən Bakı Şopinq Festivalı turizm sahəsində önəmli yenilik oldu. Yaz və payız mövsümündə təşkil olunan bu festivallar növbəti ildə də davam edəcək.
Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə inkişaf etməkdədir. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli sərəncamına uyğun olaraq , bütün sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidi üçün xüsusi hərəkət zolaqlarının yaradılması və bununla bağlı müvafiq təşkilati işlərin görülməsi nəzərdə tutulmuşdur.
Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı nəticəsində bu sahədə mühüm uğurlar qazanılmışdır. Azərbaycan Respublikasının Prezidenti 31 yanvar 2017-ci ildə “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm sahəsi əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri tətbiq olunur.
2017-ci ildə ölkəyə turistlərin gəlişini asanlaşdırmaq üçün dövlət başçısının fərman və sərəncamlarında verilən tapşırıqların icrası çərçivəsində elektron vizanın tətbiqi daha da təkmilləşdirilmiş və “ASAN viza” sistemi yaradılmışdır. Hazırda 81 ölkənin vətəndaşı bu sistem vasitəsilə elektron viza əldə edə bilər.
Çimərlik turizminin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunmuşdur. Tədbirlər planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun qurulması, bu sahədə fəaliyyət göstərən operatorların işinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi, təhlükəsizlik və s. kimi mühüm tədbirlər yer almışdır.
Azərbaycanda turizmin inkişafı beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Məsələn, Dünya İqtisadi Forumunun (DİF) 2017-ci il üçün tərtib etdiyi “Səyahət və turizm rəqabətliliyi hesabatı”nda Azərbaycan Gürcüstanı 6 müxtəlif göstərici üzrə qabaqlayır, eləcə də turizm üzrə həyata keçirilən islahatlar göstəricisinə görə Yaponiyadan sonra Azərbaycan ikinci yerdədir. Azərbaycan həqiqətən inkişaf etmiş turizm ölkəsinə çevrilməkdədir.
Turizm ölkəyə xarici valyuta axınını sürətləndirir, xidmət şəbəkəsinin genişləndirilməsinə təkan verir və beləliklə, çox sayda yeni iş yerləri yaradılır, ölkədə məşğulluğun sahə və istiqamətləri genişlənir.
Son illər bu sahənin inkişafına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda geniş turizm infrastrukturu yaradılmış, yeni mehmanxanalar, istirahət guşələri istifadəyə verilmiş, ölkəyə turistlərin cəlb olunması üçün mühüm layihələr reallaşdırılmışdır.
Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı, effektiv və rəqabətə davamlı sahəsinə çevrilməsindən ibarətdir.
2017-ci ildə Azərbaycanda turizmin inkişafı sürətlə davam etmişdir. Ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi sahənin perspektiv inkişafına imkan verir.
Mədəniyyət və Turizm Nazirliyinin “elektron hökumət” Dövlət İnformasiya Sistemi” (EHDİS) portalına qoşulmaq üçün müvafiq işlər aparılmış, nazirliyin e-xidmətlər saytında (www.e-services.mct.gov.az) müxtəlif interaktiv xidmətlər göstərilmişdir. Hazırda turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu yalnız e-xidmətlər vasitəsilə həyata keçirilir.
Hazırda Azərbaycan turizm sahəsində geniş beynəxalq əlaqələr qurur. İndi elə beynəlxalq turizm sərgisi yoxdur ki, Azərbaycanın turizm şirkətləri orada iştirak etməsin. Bundan başqa, respublikamız turizm sahəsində inkişaf etmiş ölkələrlə əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalayıb. Respublikamızın turizm təşkilatları son illər Dünya Turizm Təşkilatının (DTT) tədbirlərində yaxından iştirak edirlər. Ölkəmizi təmsil edən bir neçə turizm şirkəti də DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır.
Məlumat üçün bildirək ki, 2025-2030-cu illərə kimi dövlət büdcəsinin turizm sektorunun inkişafı hesabına artırılması nəzərdə tutulur.
Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn turistlərin diqqətini cəlb edir. Turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün turistlərin rahat, təhlükəsiz istirahəti üçün zəruri şərait yaradılmışdır. Təkcə Yeni il bayramı günlərində Şahdağ Turizm Kompleksinə rekord miqdarda – 16 mindən artıq turist gəlmişdir.
Aparılan islahatların və sahibkarlara göstərilən dəstəyin nəticəsi olaraq yaxın gələcəkdə ölkə iqtisadiyyatında turizmin çəkisinin daha da artacağı şübhəsizdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.