Şeirin nə olduğunu anlayandan onun yaradıcılığının vurğunuyam. “Dağ ürəyi” adlı ilk kitabına əlim yetəndə cəmi 12 yaşım vardı. Pasport boyda bu kitab onun böyük ədəbiyyata gəlişi üçün, doğrudan, pasport rolu oynayıb.
İzzəddin Həsənoğlu ana dilimizdə yazdığı, bizə gəlib çatan üç və farsca qələmə aldığı bir qəzəli ilə ədəbiyyat tarixinə düşüb. Məmməd Aslan isə başqa heç nə yazmasaydı belə, ikicə misralıq “Vətən və biz” adlı şeiri ilə özünə tarixdə yer tutardı:
Vətən – gözdü, biz kirpik,
Gözümüzün keşiyini çəkirik!
...Universitetdə oxuyarkən “Müasir Azərbaycan dili” müəllimimiz, Mirzə Ələkbər Sabirin nəvəsi, mərhum Qasım Həsənov poetik nümunələr əsasında kurs işi yazmağı tapşırmışdı. Mən şipşirin bədii dili olan Məmməd Aslanı seçdim və onun o vaxta qədər dərc olunmuş “Dağ ürəyi”, “Səsimə səs ver”, eləcə də “Ürək möhlət verəydi” kitablarını götürüb sevə-sevə təhlil elədim. Kurs işim, sözsüz ki, bəyənildi. Heyf ki, surəti özümdə qalmayıb, amma təsəllini bir ondan tapıram ki, böyük şairin yaradıcılığına sevgim özünə ürəyimdə həmişəlik yurd salıb.
Şairin ilk kitabındakı ilk şeirinin ilk bəndi isə belə idi:
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu dağların göyçək dənizi
Ürəyimdən mənim, gözümdən mənim.
Şəxsi kitabxanamda müasirlərimizdən ən çox əsəri olan müəllif məhz Məmməd Aslandır. Onun yuxarıda adlarını çəkdiyim kitablarından başqa, “Durnalar lələk salır”, “Dəvə niyə gövşəyir”, “Ərzurumun gədiyinə varanda”, “Ömrün yarı yaşında”, “Allahın rəsulu”, “Bir sultan yaşardı Sultantəpədə” adlı kitabları, “Varlıqla yoxluq arasında” ikicildliyi, həmçinin türkcədən “Yunus İmrə, Aşıq Veysəl - iki zirvə” adlı uyğunlaşdırma toplusunu dönə-dönə və heyranlıqla oxumuşam. Əlli il olar ki, tək mən yox, bütün oxucuları onun yaradıcılıq örnəklərini təşnə-təşnə axtarıb tapır və sevə-sevə oxuyub, könüllərinə köçürürlər.
Türk dünyasının tanınmış ziyalısı, Əməkdar incəsənət xadimi Məmməd Aslan ömrü boyu imzasının şərəfini layiqincə qoruyub, istər poeziyası, istərsə də publisistikası ilə örnək olub. “Böyük vətənpərvər şair”, “təbiət şairi”, “gözəllik aşiqi”, “haqq-ədalət carçısı” – bu təyinlərin hər biri onun adına yaraşır. Hansı mövzuda şeirini oxusan, kamil bir qələmin məhsulu olduğunu görürsən. Dostlarından biri demişkən, Məmməd Aslanın sözləri gəlib-keçən deyil, dəlib keçən sözlərdir. O, dilimizin saflığını, şirinliyini qoruyub, dərin qatlarını açıb, sevdirib, ədəbiyyatımıza əvəzsiz incilər bəxş eləyib, bədii publisistikamıza yeni ruh gətirib, telejurnalistikada öz cığırını açıb və milyonların sevimlisinə çevrilib.
Səpib göyərdərəm sözü-kəlməni,
Ayrı sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənədim yox, arayışım yox!..
Sözlər közərdimi, qəlbim yanacaq,
İsidər ruhumu bu od, bu ocaq.
Mənim ov silahım dilimdir ancaq,
Ayrı sapandım yox, ayrı daşım yox!
...Ömrü söz uğrunda girov qoymuşam,
Ayrı ürəyim yox, ayrı başım yox!
Onun haqqında bir çox şair və alimlər ən yüksək sözlər deyiblər. Hələ 70-ci illərin ortalarında böyük şairimiz Məmməd Araz gənc adaşı və qələmdaşının şeirlərini rəğbətlə qarşılamış, onun yaradıcılığını yüksək dəyərləndirmişdi. Böyük mütəfəkkir Bəxtiyar Vahabzadə bir dəfə M.Aslana deyib ki, adətən, folkloru bilənlər Füzulini, Füzulini bilənlərsə folkloru bilmir. Sən xoşbəxtsən ki, ikisini də bilirsən.
Xalq şairi Sabir Rüstəmxanlı onu tələbəlik illərindən tanıdığını və uzun illər dostluq etdiklərini söyləyir. “Kəlbəcərin bütün təbiət gözəllikləri onun şeirlərində əks olunmuşdu. Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın şeirlərini dinləmişik, oradan Göyçəyə keçib getdiyimizi, Aşıq Ələsgərin yurdunu gəzdiyimizi xatırlayıram. Şeir bayramlarımız olmuşdu. Sonra Kəlbəcər düşmən işğalında qaldı. Biz ondan sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağlarında tapırdı. Son dərəcə zövqü gözəl söz adamı idi. Qələm dostum Azərbaycanın böyük şairlərindən biri, mükəmməl qələm sahibi idi. Onun publisistikası da, uşaq şeirləri də - qələmindən nə çıxırdısa, hamısı dəyərli idi. Azərbaycan türkcəsini onun qədər mükəmməl bilən ikinci adam tapmaq çətin idi. Onun televiziyada hazırladığı uşaq verilişləri bütün evlərdə sevilirdi”.
Məmməd Aslanla keçirilən görüşlərdə, bir qayda olaraq, oturmağa boş yer tapılmazdı. Ayaq üstdə duranlar da tədbiri sonadək yorulmadan izləyərdilər. Belə tədbirlərdən birini yaxşı xatırlayıram. Gəncliyə Yardım Fondunda 70 yaşlı şairin iştirakı ilə irfan məclisi düzənlənmişdi. Bu barədə “Xalq qəzeti”nə yazmışdım. Məncə, xatırlamağa dəyər: “Məclisə toplaşanlar onun sayəsində düz üç saat başabaş sözün sehrində qaldılar, şeirin oduna qızındılar, ana dilimizin şəhdinə-şəkərinə bir daha qaynayıb-qarışdılar.
Bəs niyə irfan məclisi? Çünki irfan idrakdır, mərifət elmidir, təsəvvüfdə Haqqa tapınıb nurlanmaq, varlanmaq, dolulaşmaqdır! Bütün bunları Məmməd Aslan kimi pir kişilərdən, pak söz-sənət azmanlarından da öyrənməyib, kimdən öyrənəcəyik?
Məclisin aparıcısı, Xalq şairi Zəlimxan Yaqub ön sözündə dedi ki, Məmməd Aslan şüurlu həyatını irfani ədəbiyyatın yaranmasına, türk-turan düşüncəsi, ədəb-ərkan örnəklərinin araya-ərsəyə gəlməsinə həsr edən qüdrətli qələm sahiblərindəndir. O, “sərt qayalı söz dağını misra-misra çapan”, Kərəmdən sonra Ərzurumun gədiyinə varan və bizi oğuz-türk şeirinin izlərinə aparan ünlü şairimizdir. Zəlimxan Yaqub Məmməd Aslandan əzbər söylədiyi şeir parçaları ilə məclisə cazibəli bir ovqat gətirdi. Birgə gənclik illəri, Kəlbəcər və ağdabanlı Aşıq Şəmşirlə bağlı maraqlı xatirələr danışdı. Bir xatirə cığırında isə Məmməd Aslan ərklə onu saxlayıb: -Qoy, orasını mən söyləyim, – dedi və közü öz “maşa”sı ilə qarışdıraraq ortaya dadlı-duzlu bir əhvalat çıxartdı.
Məmməd Aslanın haqqında çəkilmiş sənədli filmdən fraqmentlər böyük maraqla seyr edildi. Gəncliyə Yardım Fondunun təmsilçisi Ali Çinar çıxışında: –Mehmet Aslan xocamız dövrümüzün önəmli yazarlarından biri kimi Türkiyədə də çox sevilir, – dedi və onun şeirlərindən bəzi örnəkləri şirin Anadolu ləhcəsində təqdim elədi. Sonra şairin Türkiyədəki dostlarının təbrik teleqramları oxundu. Onlar şairə ən xoş arzularını bildirir, yaradıcılığını bundan sonra da eyni ilhamla, eyni iman vəcdi ilə davam etdirməsini diləyirdilər.
Şairin alim dostu və eloğlusu Şahlar Əsgərov dedi ki, Məmməd yeniyetmə vaxtı rəssam olmaq istəyib. Hətta bu məqsədlə Bakıya rəssamlıq texnikumuna oxumağa da gəlib. Amma orada yataqxana şəraiti olmadığı üçün Kəlbəcərə qayıdıb və orta təhsilini davam etdirib. Belə çıxır ki, biz onun timsalında bir rəssam itirmişik... və nə yaxşı ki, əvəzində qələmi ilə gözəl təbiət təsvirləri yaradan, insan duyğularının minbir rəngini ustalıqla vərəqlərə köçürən, ecazkar söz tabloları yaradan bir şair qazanmışıq! Özü bu barədə deyir ki, uşaq yaşlarından rəssamlığı da, şairliyi də bahardan, bənövşədən öyrənib”.
Böyük şairin qəlbi türk ellərinə, illah da ki, qardaş Türkiyəyə hədsiz sevgiylə döyünürdü. Özündən eşitməmişəm, amma yaxınları söyləyirlər ki, 1983-cü ildə Türkiyədə olanda orada bir həftə də artıq qalmaq üçün hətta (Moskva vardı, axı...) kor bağırsağını əməliyyat elətdiribmiş. Necə deyərlər, canından can verərək İstanbulu, Ankaranı, Ərzurumu, Qarsı, Bolunu, Ədirnəni, Sivası, Adabazarını doyunca gəzə bilib və dillər əzbəri olan şeirlərini yaradıb. Həmin silsilədən “Adalarda bir gün”, “Saz və qılınc”, “Ağrı dağı ilə görüş”, “Sultan Əhməd camesi”, “Adalardan bir qız gəlir bizlərə”, “Azər-Baycan”, “Təbrizə çatmağa nə yol qaldı ki...” və sair şeirləri növbəti kitabında bir sapa düzülüb.
Bu misraları isə 2011-ci ildə cənub səfərindən sonra qələmə alıb:
Türkün varlığında kökü var onun!
İrfan gülzarında ləki var onun!
Gedirəm: qəlbimdə nə ki var –Onun!
Başqa nə xatirə qoyum Təbrizdə?!
Onun tərifində susmaz ozanam!
Ruhumun pərvazı, mənim öz anam!
Vəslindən doymayan Məmməd Aslanam,
Kəsilməz harayım-hayım Təbrizdə!
Fəxr edirəm ki, bəxtimə Məmməd Aslanla illərcə sıx ünsiyyətdə olmaq düşüb. Neçə-neçə kitabını avtoqrafla mənə təqdim eləyib. Hər birində də bir özəl cümlə yazırdı. Məsələn, “Bayatı rüzgarı” adlı bədii tədqiqat əsərinin avtoqrafını belə yazmışdı: “Əli Nəcibxanlıya dünyanın ən qiymətli xatirəsi. Hörmət və sayğılarımla, Məmməd Aslan. 11.04. 2010”. Onun bu cür ad yaraşdırmaları o qədər olub ki... Birlikdə olduğumuz unudulmaz anlarda söylədiklərinin böyük əksəriyyəti yaddaşımda pozulmaz izlər buraxıb.
Müxtəlif təbəqələrdən çoxlu dostu vardı. Bəzən deyirlər ki, o, çətin adam idi. Çətin adam olsaydı, çevrəsində o qədər heyranı olardımı?.. Ustada kitab sırıyanlar da çox olurdu. Hamısını oxumağa vaxtımı çatardı? Bəs neyləsin? Bəzən o, çiyin çantasından çıxardığı bir kitabı mənə verib deyərdi: - Al, gözüyumulu bir səhifəsini aç və barmağını tuşla. Hansı bəndin üstünə düşsə, eləcə onu oxu, görək, necə şairdi? Oxuyardım, o da bəyənsəydi, kitabı qaytarıb çantasına qoyardı, bəyənməsəydi, təəssüflə əlini yelləyərdi.
Səhv etmirəmsə, 2012-ci ilin əvvəlləri idi. Şairin “Varlıqla yoxluq arasında” adlı ikicildliyi çap olunmuşdu. Bir gün ərklə mənə dedi ki, vaxtın varsa, sənin maşınınla gedib kitabları mətbəədən götürək. Sevincək “baş üstə!” dedim. Kitabları maşına yığıb Sumqayıta gətirdik. İlk oxucusu da mən oldum. Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin şair haqqında yazdığı məqaləni də həvəslə oxudum. Alim qardaşımız yazısında Azərbaycan ədəbiyyatı tarixinə “60-cılar” adı ilə daxil olmuş ədəbi nəslin öncül təmsilçilərindən olan, öz yolunu, poetik mənini uğurla təsdiq edən şairin həyat və yaradıcılığından ətraflı söhbət açırdı.
Sinninin yetmişi keçən bir çağında hərdən-hərdən qəhərlənib-kövrəlməyi də olurdu ustadın, şeirləri qəribə bir xiffətə köklənirdi:
Bir ulu görüşə bel bağlamışdım,
Bir də ayıldım ki, vaxt vaxtdan keçib.
Mənə olan oldu, yığıl, gözlərim,
Yollara həsrətlə baxmaqdan keçib!..
Verdisə yerini baharın qışa,
Bağrına daş bağla, dərdinlə yaşa.
Çaxma əbəs yerə çaxmağı daşa,
Artıq qovdan keçib, çaxmaqdan keçib!..
Bitənə oxşamır bu qan, bu qada,
Aldanıb, inanma baxta, nəbada.
Bir yarpaq üstündə qaldım dəryada,
Salamat sahilə çıxmaqdan keçib!..
Şair bilmirdimi ki, Tanrı seçkisi olanların ömrü vaxta, məkana hesablanmır? Əlbəttə, bilirdi, elə buna görə də ondan nəyinsə hökmən yadigar qalacağına inanırdı:
Torpağa bilmirəm, daşa bilmirəm
Ömrümüz harasa yazılı qalar.
Mənim məzarımdan palıd göyərər,
Qolları havadan asılı qalar.
Bir qələmdaşı haqqında yazdığı uğurlamadan: “Zamandır bu, zaman. Füzulinin, Ruhi Bağdadinin söz pərvanələri yaxşı ki, birdən-birə yoxa çıxmır. Çağdan-çağa adlayır, yerlərini yeni pərvanələrə əmanət eləyib, bundan sonra o heyranlıq vadisindən çəkilib gedirlər… Misraların daraq dişindən seçilməz sığalı, bu sığala çökmüş klassik tərənnüm ətri, öz nizamından özgə heç nə ilə razılaşmayan şair ürəyinin minilliklərdən yönü bəri sahilləri döyəcləyən yorulub-usanmaz çırpınışları mərdanəliklə deyir ki: bu şair sevdalı könüllərin qayım-qədim şairlərindəndir…” Elə sözü şahlıq büsatına çıxaran Məmməd Aslanın da adı o sıradadır.
İstanbulda yaşayan Səbinə xanım adlı bir həmvətənimiz iki il öncə Məmməd Aslanın kitabını nəşr elətdirib. “Şair səlahiyyəti” adlanan həmin kitabın nüsxəsi xəstəlik yatağında olan şairə təqdim olunanda nəvəsi Füruzəyə oradan şeir oxutdurub, kitabı bağrına basaraq bir xeyli fikrə gedib...
Bu yaxınlarda isə tanınmış publisist Əlövsət Ağalarovun zəhməti, Cavid Qurbanovun dəstəyi ilə ölməz şairin daha bir kitabı işıq üzü görüb. “Sözün özü” adlanan bu kitabda Məmməd Aslanın eyni adlı telesilsilədə çıxışları, ana dilimizlə, “həzrəti-söz”ün təbiəti ilə bağlı düşüncələri, illərcə dahilərdən topladığı örnək kəlamların, yaddaşlarda yurd salmış ibrətamiz məsəllərin və şeirlərin də əlvan gül dəstəsi təqdim olunub. O, bu kitabı ilə əsl söz tədqiqatçısı kimi gözümüzdə bir daha ucalır.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də anadan olub. 2015-ci il sentyabrın 23-də haqq dünyasına qovuşub. Bu cümlənin sonluğunu yazana qədər nələr çəkdiyimi itkililər anlayar. Yaxşı ki, şairin öz misraları yazını bitirməyimə vəsilə oldu:
Sən getdin, arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana, çənə büründü,
Hönkürdü yamaclar, yallar beləcə.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.