Tofiq Bakıxanov: Naxçıvanda yenə də böyük mədəniyyət bayramının şahidi olduq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xalqımızın tanınmış elm, təhsil, mədəniyyət və ədəbiyyat xadimlərinin yubileylərini təntənəli şəkildə təşkil etməsi ənənə şəklini alıb. Bu barədə dəfələrlə söz açsaq da, düşünürəm ki, yenə də yazmağa ehtiyac var. Çünki bir neçə gün əvvəl Naxçıvanda daha bir yubiley tədbirinin şahidi olduq. Əslən Naxçıvandan olan görkəmli bəstəkar, Xalq artisti, professor, mənim dostum mərhum Nəriman Məmmədovun Muxtar Respublika rəhbərliyinin təşəbbüsü ilə keçirilən 90 illik yubileyi, sözün həqiqi mənasında, musiqi, mədəniyyət bayramına çevrilmişdi.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək, Xalq artisti Nəriman Məmmədovun Naxçıvan musiqi mədəniyyətinin yetirdiyi görkəmli simalardan biri olduğunu bildirdi. Qeyd edildi ki, Nəriman Məmmədov 1928-ci il dekabrın 28-də Naxçıvan şəhərində anadan olub. İlk musiqi təhsilini Naxçıvanda alan bəstəkar Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib, həmin illərdə ilk süitasını bəstələyib. Süita ilk dəfə görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənib.

Xatırladıldı ki, Azərbaycan Dövlət Konservatoriyasını uğurla bitirən Nəriman Məmmədov 7 simfoniyanın, bir neçə süitanın, “Azərbaycan” oratoriyasının və üç kantatanın, musiqili komediyaların, eyni zamanda, “Humay” və “Şeyx Sənan” baletlərinin müəllifidir. Nazir qeyd etdi ki, Nəriman Məmmədovun yaradıcılığında mahnı və romans janrları mühüm yer tutur. Yaradıcılığında qədim Naxçıvanı da vəsf edən məşhur bəstəkarın 700-dən çox mahnısı görkəmli müğənni və xanəndələrimizin repertuarlarını bəzəyib. Həmin mahnılar bu gün də sevilə-sevilə oxunmaqdadır.

Fəxrlə qeyd edildi ki, Nəriman Məmmədov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulan 10-dan çox tamaşaya musiqi bəstələyib. O, Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü olan Nəriman Məmmədov 2015-ci il aprelin 6-da Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn edilib.

Muxtar Respublika Bəstəkarlar Təşkilatının sədri, Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək dedi ki, bəstəkar Nəriman Məmmədov uzun illər Naxçıvan Musiqi Texnikumunda buraxılış imtahanlarında iştirak edib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının işi ilə yaxından maraqlanıb, konfranslarda, hesabat konsertlərində olub, öz fikirlərini bəstəkar və musiqişünaslarla bölüşüb, dəyərli məsləhətlər verib. Onun sənətə münasibətdə yüksək məsuliyyəti, fədakarlığı həmişə bizim üçün nümunə olacaq. Bəstəkarın gözəl və dəyərli əsərləri könüllərdə, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra söz mənə verildi. Dedim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun bu qəbildən olan təşəbbüslərini alqışlayır və həmkarlarım adından ona minnətdarlıq edirəm. Bildirdim ki, belə yubileylərin keçirilməsi ulu diyarda musiqi sənətinə və sənət adamlarına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir. Eləcə də, mərhum dostum Nərimanla bağlı olan xatirələrimi danışdım, onunla müştərək yazdığımız üç operettanın səhnə həyatının nə qədər uğurlu olduğunu, çoxsaylı xarici səfərlərimizi xatırladım. Bundan başqa, Muxtar Respublikanın mədəniyyət və turizm naziri Natəvan xanım Qədimovaya mükəmməl təşkilatçılıq işlərinə görə təşəkkürümü bildirdim.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndirildi. Xalq Çalğı Alətləri Orkestrinə Samir Əsgərov dirijorluq edirdi. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfərova, Qəribə Həsənova və digərləri bəstəkarın “Azərbaycan”, “Darıxmışam”, “Sevən ürək” , “Yar söz desin”, “Üzmə amandır”, “Səsini eşidirəm mən”, “Ulduzun olaydım” mahnılarını məharətlə ifa etdilər.

Naxçıvana başqa səfərlərimdə olduğu kimi, bu dəfə də əsas məsələdən, yəni Nəriman Məmmədovun yubiley tədbirindən sonra mənimlə də bir neçə görüş keçirildi. Məsələn, Naxçıvan Bəstəkarlar Təşkilatında keçirilən görüşdə bu qurumun sədri, Muxtar Respublikanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilov yaradıcılığım barədə əhatəli şəkildə söz açdı. Naxçıvanlı həmkarım dedi: “Tofiq Bakıxanov, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Musiqi sahəsindəki xidmətlərinə görə dövlətimizin yüksək mükafatlarına layiq görülüb. Bu gün isə Naxçıvanla sıx yaradıcılıq əlaqələri saxlayan bəstəkara Naxçıvan Bəstəkarlar Təşkilatının fəxri üzvü seçildiyini təsdiq edən vəsiqə təqdim olunur”.

Tədbirdə Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və bilavasitə mənim elmi redaktorluğumla işıq üzü görən “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimatı da oldu. Müəllif kitabların ərsəyə gəlməsində ona yaxından kömək göstərdiyimə görə minnətdarlığını bildirdi və xatırlatdı ki, gələcəkdə mənim xarici səfərlərim barədə də kitab hazırlamağı planlaşdırır.

Mən tədbirin sonunda çıxış edərək, Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışdım. Naxçıvan Bəstəkarlar Təşkilatının fəxri üzvü seçildiyimə görə minnətdarlığımı bildirərək, vurğuladım ki, mən yaradıcılığımın bir hissəsini bu ulu yurdumuza həsr etmişəm. Gələcəkdə yaradıcılığımı yenə də bu istiqamətdə davam etdirəcəyəm. Səmimi olaraq söylədim ki, Naxçıvanın inkişafı məni yeni yaradıcılıq uğurlarına sövq edir. Sonra isə Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrin suallarını cavablandırdıq, onlara müəyyən tövsiyələr verdik.

Bununla da görüşlər başa çatmadı. Belə ki, həmin gün Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri, Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri ilə də görüş təşkil edildi. Tədbirdə çıxış edən Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mənim həyat və yaradıcılığıma nəzər salaraq, Azərbaycan bəstəkarlıq məktəbindəki xidmətlərimdən danışdı. Sonra Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında Rauf Hacıyevin “Azərbaycan”, Tofiq Quliyevin “Qaytağı”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən rəqs, Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası, Tofiq Bakıxanovun isə “Görüş yeri” əsərləri səsləndirildi. Mən fəxr etdiyimi söylədim ki, bu gün musiqi kolleclərində belə istedalı, musiqi mədəniyyətimizin bütün sirlərini öyrənməyə çalışan gənclərimiz vardır.

Sonda bir daha qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, şəxsən cənab Vasif Talıbov bu qəbildən olan tədbirləri təşkil etməklə konkret hansısa bəstəkara və ya digər yaradıcı soydaşımıza deyil, bütövlükdə Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına xidmət edirlər.

Tofiq BAKIXANOV,
Xalq artisti, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında