Azərbaycan mədəniyyətinin dünyaya təqdimatında diaspor təşkilatlarımızın rolu

Ölkəmizdə uğurla həyata keçirilən mədəniyyət siyasətində milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması əhəmiyyətli yer tutur.  Xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi,  bu sahədə beynəlxalq təşkilatlarla intensiv əlaqələrin  qurulması öz  müsbət nəticələrini verməkdədir. Son vaxtlar  müxtəlif  ölkələrdə keçirilən  mədəniyyət günləri, dünyanın mötəbər salonlarında rəssamlarımızın sərgilərinin təşkili, musiqi xadimlərimizin konsertləri bunu deməyə əsas verir ki, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində  məhsuldar iş aparılır.  Milli  mədəniyyətimizin dünyada belə geniş nüfuz qazanmasında  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Mehriban xanımın rəhbərlik etdiyi  fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir. Eyni zamanda, bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Fondun Azərbaycanın  diaspor təşkilatları ilə yaxın əməkdaşlığı sayəsində milli mədəniyyətimizin dünyaya inteqrasiyası  prosesi daha da  intensivləşmişdir. Bu gün  Azərbaycan diasporunun ölkəmizin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz  barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilir.

Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində  yaşasalar  da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır. Bu, ana dilidir, ata yurdu – Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Dünya  azərbaycanlıları  bu gün  harada  yaşamalarından asılı olmayaraq , təşkilatlanırlar, mədəniyyətimizin, milli-mənəvi  dəyərlərimizin təbliğatçısına çevrilir və  ulu öndər Heydər Əliyevin   tövsiyələrinə öz əməli fəaliyyətləri ilə  cavab verirlər. Diaspor təşkilatları nümayəndələri  ilə görüşdə   ümummilli lider  demişdir:  “Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır”.

Doğrudan da,  bu gün  diaspor təşkilatlarımız  harada  varsa,  orada Azərbaycanın  nəfəsi duyulur.

Azərbaycanla Fransa arasında mədəni  əlaqələr  tarixən mövcud olmuşdur. Son vaxtlar isə  Azərbaycanın birinci  xanımı 
Mehriban Əliyevanın əzmkar fəaliyyəti nəticəsində bu əlaqələr daha da  genişlənmişdir. Strasburqdakı “Azərbaycan evi” Cəmiyyəti ölkənin məşhur Mark Blok Universiteti ilə əlaqələr qurub. Cəmiyyətin xətti ilə  bu  əlaqələr Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəldilmişdir.

Diaspor təşkilatının da  yaxından iştirak etdiyi “Araz” Fransa-Azərbaycan  Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilmişdir. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir,  əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir.

Belə   təşkilatlardan biri də Strasburqda  fəaliyyət   göstərən Azərbaycan Kültür Mərkəzidir.   Onun  məqsədi mədəni tədbirlər və milli bayramlarımızın keçirilməsini təşkil etməklə xalqımızın mədəniyyətinin, folklorumuzun  təbliğinə xidmət etməkdir.

Dünyanın müxtəlif ölkələrində  diaspor təşkilarlarımız  Novruz bayramı ərəfəsində maraqlı  tədbirlər keçirirlər. Almaniyanın  paytaxtında və onun ətrafında yaşayan həmyerlilərimiz, Türkiyə diasporunun təmsilçiləri və Berlin ictimaiyyətinin nümayəndələrinin  “Azərbaycan evi”  Cəmiyyətinin xətti ilə  təşkil olunan  bayram mərasimi  buna misal ola bilər. Almaniyanın Oldenburq şəhərində, Hamburqdakı Almaniya–Azərbaycan Mədəniyyət Mərkəzində, Köln Azərbaycan–Türk Dayanışma Dərnəyində, Mannhaym şəhərində hər il Azərbaycan və türk icmalarının nümayəndələri tərəfindən Novruz bayramı ilə əlaqədər tədbirlər təşkil olunur.

Ukraynada  Azərbaycan diasporunun fəaliyyəti xüsusi   qeyd olunmalıdır. Heydər Əliyevin tapşırığı və xüsusi diqqəti sayəsində Ukraynada Azərbaycan diasporu təşkilatlanmış və inkişaf yolu tutmuşdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Ukrayna ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsində diasporun rolunu xüsusi vurğulayır.

 Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı ilə əlaqədar Hayfa şəhərində keçirilmiş Azərbaycan incəsənət ustalarının konsertində  Azərbaycandan köçmüş 800 nəfərdən çox yəhudi  iştirak etmişdir.  Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı çərçivəsində qurultayın keçirildiyi salonda xalqımızın zəngin mədəni irsini əks etdirən rəsm sərgisi də təşkil olunub

Kanada, Misir, Hollandiya  və  digər ölkələrdəki  diaspor təşkilatlarımız  Azərbaycan mədəniyyətinin, milli-mənəvi irsimizin təbliği məqsədilə  böyük  layihələr  reallaşdırırlar. Məsələn, Hollandiyanın Amsterdam şəhərində Azərbaycan dili məktəbi  açılıb. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunduğu   məktəbdə  bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmanlarının balaları da ana dilimizi öyrənirlər. Həmçinin, burada   yaşlılara  da  Azərbaycan  dili tədris edilir. Benilüks Azərbaycanlıları Konqresinin xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkman Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərib.

Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız  Azərbaycanın tarixi şəxsiyyətlərini də unutmur, onların fəaliyyəti haqqında yaşadıqları ölkələrin ictimaiyyətini məlumatlandırmağa çalışır, xatirələrini ehtiramla yad edirlər. Tallində fəaliyyət göstərən “Aydan” Estoniya-Azərbaycan Dostluq Cəmiyyəti ümummilli liderin xatirəsinə həsr olunmuş tədbir keçirməklə yanaşı, Heydər Əliyev haqqında hazırlanmış film və fotosərgi də nümayiş etdirib. Litva Azərbaycanlıları Cəmiyyətinin və “Günəş” Cəmiyyətinin üzvləri dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil ediblər. Azərbaycan səfirliyinin dəstəyi ilə Latviyada “Azəri-Vəhdət” Cəmiyyəti və “Ocaq” Mədəniyyət Mərkəzi ulu öndərin xatirəsinə həsr olunmuş yığıncaqla bərabər, Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgi təşkil edib.

Əlbəttə, bunlar son illər diaspor təşkilatlarının həyata keçirdikləri tədbirlərin  yalnız  bir qismidir. Son dövrlər Azərbaycan diaspor təşkilatları daha da fəallaşmışdır. Xüsusilə  erməni təcavüzkarlarının milli-mənəvi dəyərlərimizə sahib çıxmaq cəhdlərinə qarşı diaspor təşkilatları ciddi mübarizə aparırlar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qeyd edib ki, Azərbaycan xalqının mədəni irsinin təbliği diaspor təşkilatlarının qarşısına   mühüm bir vəzifə kimi qoyulub.  Bu istiqamətdə dövlət qurumlarının, eyni zamanda,  diaspor komitəsinin təklif və layihələri gerçəkləşdirilir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin bır çox uğurlu layihələri diasporumuzun fəal iştirakı ilə həyata keçirilib. Dünya ölkələrində yaşayan azsaylı xalqların beynəlxalq festivallarında azərbaycanlı icmalarının da iştirakını təmin etməyə çalışırıq. Bu təşkilatlara maddi dəstək verilir və lazımi vəsaitlərlə kömək edirik.

Azərbaycan mədəniyyətinin təbliği istiqamətində bu günlər    diaspor təşkilatlarımız   mühüm tədbirlər həyata keçirirlər. Ümumiyyətlə,  aparılan davamlı işin  nəticəsidir ki, Azərbaycan mədəniyyəti  beynəlxalq miqyasda tanınır  və  milli-mənəvi irsimizə maraq ildən-ilə artır.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında