“Ozan” elm və sənət toplusu təqdim edilib

Azərbaycan folklorunda mühüm yer tutan aşıq sənəti bizim milli-mənəvi irsimizin yaşadılmasında  və gələcək nəslə çatdırılmasında mühüm yer tutur.  Sevindirici haldır ki, bu gün aşıq sənəti  UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu fikirlər M.F.Axundzadə adına Milli Kitabxanada keçirilmiş Azərbaycan Aşıqlar Birliyinin (AAB)  “Ozan” elm və sənət toplusunun birinci buraxılışının təqdimatında səsləndirildi. 

Elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə, əvvəlcə  AAB-nin dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış oldu. Kitabxananın direktoru, professor Kərim Tahirov nəşrin aşıq sənətinin təbliği və bu sahədə araşdırmaların ictimaiyyətə təqdimatı baxımından onu yüksək qiymətləndirdi. Bu cür sanballı toplu və nəşrlərin  müasir dövrümüzdə aşıq sənətinin tanıdılması və yaşadılmasında mühüm addım olduğunu vurğuladı.  Toplunun baş redaktoru, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı nəşrin aşıq sənətinə mühüm töhfə olduğunu bildirdi.

Qeyd etdi ki, ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm mərkəzlərinin tanınmış ziyalılarının da  təmsil olunduqları nəşrin əsas missiyası bu ulu sənəti yaşatmaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev dövlətin bu sahəyə olan diqqət və qayğısından söz açdı.

Filologiya elmləri doktoru, professor Şirindil Alışanov, AAB-nin beynəlxalq əlaqələr üzrə katibi, sənətşünaslıq doktoru Sənubər Bağırova, AMEA  Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq doktoru İradə Köçərli, professor İsmayıl Məmmədli, Əməkdar mədəniyyət işçisi, aşıq Ulduz Quliyeva, musiqişünas Kamilə Dadaşzadə, aşıq Solmaz Kosayeva musiqişünas Mübariz Əliyev, AAB-nin sədr müavini, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və başqaları çıxış edərək qədim musiqi sənətimizin ədəbiyaşarlığından danışdılar.

   Sonda Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Əməkdar mədəniyyət işçiləri Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, gənc aşıq Gözəl Kəlbəcərli və başqalarının ifalarında aşıq havaları iştirakçılarda xoş ovqat yaratdı.

Qeyd edək ki,  “Ozan” toplusu  “Elm və təhsil” nəşriyyatında çap olunub. Nəşrdə  aşıq sənətinin müxtəlif istiqamətləri ilə bağlı rəngarəng elmi araşdırmalar, eləcə də bu il ərzində birliyin həyata keçirdiyi tədbirlər və beynəlxalq əhəmiyyətli görüşlər geniş işıqlandırılıb.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında