Tanınmış alim və şair Hikmət Mahmudun elm və poeziyada özünəməxsus dəsti-xətti var. Onun indiyədək 20-yə yaxın monoqrafiyası, 5 dərslik kitabı, 7 ixtirası işıq üzü görüb. Professor 50 ildir ki, respublikanın ali məktəblərində geokimya və ekologiya fənlərini tədris edir. Alim, eyni zamanda, ədəbi yaradıcılıq sahəsində də məhsuldar fəaliyyət göstərir; 9 şeirlər kitabı, o cümlədən 11 poeması dərc olunub. Şeirləri bir çox dillərə tərcümə edilib. Ədəbi tənqid Hikmət Mahmud poeziyasını yüksək dəyərləndirib. Əllidən çox şeirinə mahnı bəstələnib.
Hikmət Mahmud həyat müşahidələrini bədii-fəlsəfi düşüncələri fonunda qələmə alaraq, elmlə poeziyanın gerçək vəhdətinə nail olub, intellektual şeirin bariz nümunələrini yaradıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Hikmət Mahmudun yaradıcılığında diqqəti bu məqama yönəldərək, onun şeirlərində elmlə poeziyanın sıx bağlılığına nəzər salır, şairin yaradıcılığında qeyd edilən cəhətin mühüm önəm daşıdığını xatırladır: “Azərbaycan oxucularının tanınmış alim və şair kimi qəbul etdiyi Hikmət Mahmudun bədii yaradıcılığında bu sahələrdən hər ikisinin özünəməxsus yeri və mənalı bir sintezi var. Geologiya-minerologiya elmləri doktoru, professor Hikmət Mahmudovun yer elmlərinin aktual problemlərinə həsr olunan elmi əsərləri akademik düşərgədə yüksək qiymətləndirilir. Hətta o, elmdəki xidmətlərinə görə müxtəlif vaxtlarda ayrı-ayrı qurumlar tərəfindən “İlin alimi”, “Şərəfli ömür yolu” və s. kimi mükafatlara da layiq görülüb. Eyni zamanda, Hikmət Mahmud yarım əsrdən artıq bir dövrdə bədii yaradıcılıqla da ardıcıl şəkildə məşğul olub... Deməli, alim Hikmət Mahmudovla şair Hikmət Mahmud elm və sənət yollarında nəinki yanaşı, sözün əsl mənasında, bir yerdə addımlayıb, hər iki sahədə mühüm uğurlar qazana bilib”.
Akademik İsa Həbibbəyli daha sonra vurğulayır ki, elm adamı olmaq Hikmət Mahmudovun şeirlərində şair üçün zəruri olan ilhamla yanaşı, elmi idrakın və təfəkkürün də iştirakını təmin edir. Geologiya aliminin şeirlərində insana, təbiətə, cəmiyyət hadisələrinə baxışda elmi təfəkkürlə bədii dərketmənin qarşılıqlı əlaqəsi fərqli bir poetik düşüncəni meydana çıxarır. İlham və istedad Hikmət Mahmudun poetik şairanəliyini, elmi qavrayış isə fikirlərindəki dərinliyi və müdrikliyi müəyyən edir. Ona görə də bədii düşüncə ilə elmi idrakın bir yerdə iştirakı ilə yazılan şeirləri Hikmət Mahmudun bir şair kimi fərdi özünəməxsusluğunun əsas göstəricisidir...
Hikmət Mahmudun lirik qəhrəmanının qəlbi təbiətin ülvi gözəlliyilə birgə döyünür, “uçan quşların nəğməsindən, çay-çeşmənin zümzüməsindən, yazın gül nəfəsindən” zövq alır, dağa, torpağa, ağaca, yarpağa sevgi ilə yanaşır, “başı qarlı bir dağ, dağ döşündə bulaq görsən, o mənəm”,-deyir, “mən çəmənəm, mən çiçəyəm, mən güləm” söyləyir. Bununla da oxucuya özünün təbiətin bir parçası olması qənaətini diktə edir.
Şeirlərində təbiətin min bir gözəlliyini vəsf edən şair bunu həm də elə sənətkarlıqla gerçəkləşdirir ki, oxucunun nəzərində, düşüncəsində təbiət Vətənləşir. Başqa sözlə, təbiətin Vətənləşməsi təbiətin sevilməsi, torpağın, yurdun qədrinin bilinməsi, onun göz bəbəyi kimi qorunması anlamında təsəvvür edilir:
Günəştək odlanıb,
Aytək nurlanam,
Ürəklər dərdinə
yarıyam gərək.
Çiçəklər körpəmdir,
təbiət anam,
Onu hər əzabdan qoruyam gərək.
Hikmət Mahmudun yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşən akademik Fuad Qasımzadə şairin təbiətə mehr-məhəbbətindən bəhs edərkən, alimin yer-göy, dağ-daş, çöl-çəmən, çay, bulaq, bir sözlə, təbiət, kainat haqqında geniş və dərin biliyə malik olduğunu da diqqətə çatdırır: “…O, geoloqdur, elmin bu sahəsində ən yüksək zirvəyə qalxıb, elmlər doktorudur. Füsunkar təbiətin dostudur, aşiqidir. Üstəlik, təbiətin çox gözəl, dilbər bir guşəsində-- İsmayıllı torpağında, Mican kəndində dünyaya göz açıb. Lahıc, Basqal kimi kəndlərin, Girdiman çayının, Babadağın, Niyaldağın qoynunda boya-başa çatıb”.
Müəllifin “Seçilmiş əsərləri”nin ikicildliyinə daxil olan şeir və poemalarda diqqəti bir məqam da daha çox çəkir. Bu, müəllifin yaradıcılığında aforizmə çevrilən poetik misralarla bağlıdır; bədii-fəlsəfi yükü ilə nəzərə çarpan həmin nümunələr oxucunu düşündürür, bu dünyanın sevgidən, etibardan, inamdan, ilahi eşqdən, insanlara hədsiz məhəbbətdən yaranması qənaətini möhkəmləndirir, Adəm övladını nəfsinə qalib gəlməyə, tamahına uymamağa səsləyir:
Qəlbə kədər ələmə,
Könül qəmə bələmə.
Nə kədəri, nə qəmi
Heç bir kəsə diləmə.
Çörək kəsdin qədrini bil,
Müqəddəsdir çörəklə duz.
Hər yetənə dostum deyib,
Dost sözünü etmə ucuz.
Əgər hər hansı bir şeir düşündürücü, maarifləndirici notlarla nəzərə çarpırsa, oxucu bundan ancaq qazanır; həyat, cəmiyyət barədə fikirləri dərinləşir, möhkəmlənir. Hikmət Mahmudun yaradıcılığında da bu cəhət daha çox diqqət çəkir. Akademik İsa Həbibbəyli müəllifin ikicildliyində toplanan şeirlərin də bu baxımdan mühüm önəm daşıdığını xatırladır. Şairin “Seçilmiş əsərləri”nin II cildinə yazdığı “Qoşa qanadlı poeziya “ adlı önsözündə qeyd edir: “...Hikmət Mahmudun “Seçilmiş əsərləri” Azərbaycan ədəbiyyatında müasir maarifçi poeziyanın maraqlı, cəlbedici və əhəmiyyətli nümunəsi sayılmağa layiqdir. Bu, elmlə şeiriyyəti, müdrikliklə şairanəliyi özündə birləşdirən qoşa qanadlı poeziyanın geniş imkanlarını əks etdirən qiymətli əsərlərin bir toplusudur. Bu, şeirdə elmliyin yerini və elm adamının fəaliyyətində şeirin mövqeyini aydınlaşdırmağa imkan yaradan düşündürücü poetik bir irsdir”.
Bax, bu cəhətə görə, Hikmət Mahmudun poeziyasının hər zaman yaşayacağı, maraqla oxunacağı, seviləcəyi də şübhə doğurmur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.