Heykəltəraşlığımızın canlı klassiki

Akademik Ömər Eldarov – 90

Bu heykəli həm peşəkarlar yüksək qiymətləndirir, həm də adi insanlar. Düşünürəm heykəltəraş üçün bundan böyük  xoşbəxtlik ola bilməz, demək ustad peşəkarlıqla qoyulan monumentdə məqsədinə nail olub. Söhbətimiz Xan qızı Xurşudbanu Natəvanın abidəsindən gedir. Müəllifi Azərbaycanın Xalq rəssamı, akademik Ömər Eldarovdur. Yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyil göstərir.

Bu baxımdan heykəltəraşın "Xurşudbanu Natəvan" (1960) heykəlini ən yaxşı nümunə saymaq  olar. Müəllif bu çətin yaradıcı vəzifənin öhdəsindən uğurla gəlib. Bunu onun təzadlı ömür  yaşamış şairin abidəsi üçün cəlbedici və  təsirli poza tapa bilməsi də təsdiqləyir.  Müəllif söz adamını yaradıcı təxəyyülü ilə baş-başa qaldığı bir anda görüntüyə gətirməklə, onun incə və lirik çalarlı poetik nümunələrin yaradıcısı olduğuna işarə etmişdir.

Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri ilə təltif edilmiş Ömər Həsən oğlu Eldarov ömrünün ixtiyar çağını yaşamasına baxmayaraq, hər gün yaradıcılıqla məşğul olur.  O, dörd yaşında olanda valideynləri Dərbənddən Bakıya köçüb. Burada Rəssamlıq Texnikumunu, sonra Leninqradda İ. Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini  bitirib. İllər keçdikcə sənət aləmində istedadlı tişə ustası kimi tanınıb. Neçə-neçə şəxsiyyətlərin obrazlarını mərmər, tunc, mis, ağac üzərində əbədiləşdirib.

Dekabrın 21-də dövrümüzün ən nüfuzlu  heykəltəraşı,  Xalq rəssamı, akademik Ömər Eldarovun 90 yaşı tamam olur. Heykəltəraş yaradıcılığı ilə ictimai fəaliyyətini  uğurla birləşdirir, fəal surətdə ictimai işlərlə məşğul olur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru olan Ömər Eldarov bu təhsil ocağının uğurlu fəaliyyəti  üçün  fəal iş aparır. Onun əsərləri şəhərimizin ümumi memarlıq mühitinin formalaşmasında böyük rol oynayır. Heykəltəraşın şəhərimizdə ucaldılmış  bir-birindən möhtəşəm abidələrini yada salmaq kifayətdir ki, Ömər Eldarovun Azərbaycan monumental incəsənətinə verdiyi töhfələri başa düşək.

Yaradıcılığa 1948-ci ildə başlayan heykəltəraş ilk əsərini qəhrəman Bakı neftçilərinin həyatına həsr edərək onların ağır, olduqca gərgin əməyini tərənnüm edib. 1951-ci ildə Rəssamlıq Akademiyasını bitirdikdən sonra yaradıcılığını daha məhsuldar davam etdirən rəssam ilk dəfə portret sahəsində özünü sınayaraq, “M.F.Axundov”, “Xurşudbanu Natəvan”,  “Səttar Bəhlulzadə” və s. əsərlərini yaradır.

Ötən əsrin  60-cı illərində şəhərimizdə ucaldılan ən möhtəşəm abidələrdən biri də dahi şairimiz Məhəmməd Füzulinin Akademik Milli Dram Teatrının qarşısındakı monumental heykəlidir. Şairin 400 illik yubileyi ərəfəsində keçirilən tədbirlər çərçivəsində 1958-ci ildə dahi şairə abidə yaratmaq üçün elan edilmiş müsabiqədə T.Məmmədov, Ö.Eldarov və memar H.Muxtarov böyük mütəfəkkir, dahi şair Füzulinin heykəlini Azərbaycan Akademik Dram Teatrının fonunda çox uğurlu yerləşdiriblər. Heykəltəraşlar bu işi müvəffəqiyyətlə yerinə yetiriblər. Şairin üzünün cizgiləri, alnında, qaşlarının arasındakı xəfif qırışlar onun gərgin fikirlərlə yaşadığı və həyəcan keçirdiyi anları təsvir edir. Qranitdən olan kürsülüyün aşağı hissəsi yonulmamış saxlandığından o təbii qayanı xatırladır. Bu təbii qaya kimi nəzərə çarpan qranitdə Leyli və Məcnun obrazları qorelyef şəklində əks etdirilib. Heykəltəraşların "Füzuli" heykəli 1963-cü ildə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb.

Bundan sonra Ö.Eldarov "Analıq", "1905-ci il", Azərbaycan qadınlarının azadlığa çıxmasını təsvir edən dörd fiqurlu "Oyanma" və s. kompozisiyalarını yaradıb.

Geniş ictimaiyyətə daha çox yaratdığı monumental abidələrlə tanış olan Ömər Eldarov  memorial heykəltəraşlıq sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Təkcə elə Fəxri xiyabandakı Üzeyir Hacıbəyli (1954), Vaqif Mustafazadə (1984),  Fikrət Əmirov (1988), Süleyman Rəhimov (1991), Şıxəli Qurbanov (1994), Zərifə Əliyeva (1995), Rəşid Behbudov (1996), Həsən Əliyev (1998). Ziya Bünyadov (2000), Tamerlan Əliyev (1998), Yusif Səmədoğlu (2001), Süleyman Rüstəm (2001), Tofiq Quliyev (2001), Müslüm Maqomayev (2008)  və b. məzarüstü abidələrinin müəllifi məhz Ömər Eldarovdur. Göründüyü kimi bunların bir qismi məhz sovet dövründə ərsəyə gətirilmişdir. Həmin memorial abidələrin birincisi dahi bəstəkarımız Üzeyir Hacıbəyli (1956) ilə bağlıdır. Əsər həcm etibarilə kiçik olsa da, onun plastik həllindəki psixoloji-yaradıcı yaşantıların geniş bədii ümumiləşdirmələrlə qovşağı sayəsində obrazlı tutum alan heykəl, həm də monumental təsir  bağışlayır. Oturmuş vəziyyətdə – düşüncəli halda məzarüstü daşın yerində ucalan fiqur  Üzeyir bəyin  yaddaşımızda əbədiləşən obrazı ilə həmahəng səsləndiyindən, ziyarətə gələnlərə  xoş təsir bağışlamaqda  onları duyğulandırmaqdadır.

Ö. Eldarov monumental heykəltəraşlıq sahəsində də yorulmaq bilmədən çalışıb. Onun Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş həmyerlilərimizin xatirəsini əks etdirən 77-ci atıcı diviziyanın şərəfinə ucaldılmış heykəltəraşlıq və memarlıq kompleksini buna misal göstərmək olar. Bundan sonra heykəltəraş böyük  Sərq mütəfəkkiri Əbu Əli  İbn Sinanın (Daşkənd), müasir Tacikistan ədəbiyyatının banisi Sədrəddin Ayininin (Düşənbə) heykəlini müvəffəqiyyətlə yaradıb.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ömər Eldarov da heykəltəraşlıq xəzinəmizin zənginləşdirilməsində yorulmaq bilmədən çalışıb,  yeni-yeni obrazlar yaradıb. Onun müstəqil Azərbaycan heykəltəraşlığında ilk uğuru Bakının gözəl guşələrinin birində qoyulmuş  böyük şair və dramaturqumuz  Hüseyn Cavidin monumental abidəsidir. Ö. Eldarov beşillik gərgin əməyinin nəticəsi olaraq, möhtəşəm monumental fəlsəfi-romantik kompozisiya quruluşlu abidə yaratmağa müvəffəq olub.

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın obrazının yaradılması üzərində böyük ilhamla  işləyən Ömər Eldarov uzun axtarışdan sonra 1989-cu ildə  yaradıcılıq ideyasını uğurla  tamamlayıb. 1995-ci ildə Fəxri xiyabanda ucaldılan müəllifin "Elegiya" adlandırdığı bu tunc abidənin ifadəliliyinin tamaşaçıya layiqincə çatdırılmasında memar Elbəy Qasımzadənin də xidmətini qeyd etmək vacibdir. Heykələ ayrılan sahə ilə orada əkilmiş  ağacların və yaşıl çəmənin  düşünülmüş əlaqəsi zaman keçdikcə yaranmış tünd və açıq rəngli çalarların vəhdəti, işıq-kölgə oyunu obraza daha böyük emosional təsir gücü verir, Zərifə xanımın işıqlı xatirəsini yaşadır.

Monumental abidələrində özünü lirik-romantik sənətkar  kimi təsdiqləyən Ömər Eldarov dəzgah hekəltəraşlığı səpkili əsərlərində özünün daha bir yeni keyfiyyətini göstərib. Bu da onun həyat hadisələrinin fəlsəfi duyumu və onların bədii yozumu ilə bağlıdır. Heykəltəraşın  ”Ağlın yuxusu dəhşət doğurur” (2003), “XX əsr”  (2000), “Ağlayan qadın” (2001), “Uşaqlı qadın” (2001),  “Antik motiv” (2001) və s. əsərləri tamaşaçı düşüncəsini duyğulandırmaq gücü ilə diqqət çəkir. Reallıq və təxəyyül bu kompozisiyalarda obrazlı görkəm aldığından yaranan uğurlu bədii sintez seyrçini dialoqa çəkir,  düşündürür.

Ulu öndərimiz Heydər Əliyev Ömər Eldarov yaradıcılığını həmişə yüksək dəyərləndirirdi. Onların arasında səmimi dostluq  yaranmışdı: “Ömər Eldarov Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Mən Ömər Eldarovu çox illərdir ki, yaxından tanıyıram, onun əsərlərinin,  demək olar ki, hamısı ilə tanışam. Ömər Eldarovun yaratdığı heykəltəraşlıq əsərləri Azərbaycan xalqının mədəniyyətini zənginləşdirmişdir” -- deyən ulu öndərin öz obrazı da heykəltəraşın yaradıcılığında əsas yer tutur.  Belə ki, ilk dəfə 1985-ci ildə Naxçıvanda, ulu öndərin doğma vətənində onun büst abidəsi ucaldılır. Sonra Türkiyənin Qars bələdiyyəsinin sifarişi ilə Azərbaycan xalqının liderinin obrazı yaradılır və büst 2002-ci ildə Qars şəhərində qoyulub.

2000-ci ildən əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsis edilmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru olan Ömər Eldarov daim gənclərə yüksək qiymət vermiş, onların içindən istedadlı gəncləri seçib akademiyada işlə təmin etmiş və pedaqoji fəaliyyətə cəlb etmişdir. Bu fəaliyyət prinsipini akademiyanın elmi şurasında təsdiq etmiş və tədris müəssisəsinin strategiyası kimi müəyyənləşdirmişdir. Bunlarla yanaşı, Ömər Eldarovun hər bir tələbə, işçi və müəllimlə səmimi münasibəti onun müdrikliyindən xəbər verir. 

Daim yaşayıb-yaratmaq həvəsində  olan, etdiklərinin qarşılığında davamlı olaraq dövlətin diqqət və qayğısından kənarda qalmayan, dəfələrlə fəxri adlara və müxtəlif mükafatlara layiq görülən Ömər Eldarov bu gün ömrünün müdriklik çağını yaşayır.  O, hər yeni əsəri ilə əsl sənətkarlıq atributu olan heyrətləndirmək bacarığının tükənmədiyini nümayiş etdirir. Deməli, Ömər Eldarov, indən belə də milli heykəltəraşlığımızı sənət aləmində yüksək səviyyəli əsərlərlə zənginləşmək qüdrətindədir. Bütün ali mükafatlar, fəxri adlar, orden və medallarla təltif olunmuş Ömər Eldarovu yubileyi münasibətilə  təbrik edir,  ona möhkəm  cansağlığı, uzun ömür arzulayırıq.

Azad  ZEYNALOV,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris-tərbiyə işləri üzrə prorektoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında