İgid ölər, adı qalar...

Qax rayonu əhalisinin sayına görə respublikamızın kiçik bölgələrindən biridir. Ancaq bu yurdun övladları doğma torpaqlarını qorumaq üçün həmişə silaha sarılmağa hazır olublar.  XIX əsrin əvvəllərində çar Rusiyası Şimali Azərbaycanı, o cümlədən onun şimal-qərb bölgəsini işğal edəndə ulu babalarımız düşmənin top-tüfəngli qoşunlarının qarşısına at belində qılıncla çıxıblar. Qax rayonunun oğulları  Qarabağ müharibəsində də qeyrətlə döyüşüblər. İndi təxminən 54 min əhalisi olan rayonun 170-dək övladı bu müharibədə  şəhid olmuş, itkin düşmüşdür. Azərbaycanın ən gənc Milli Qəhrəmanı olan Cavanşir Rəhimov da rayonun Qaşqaçay kəndinin yetirməsidir.

Qarabağ müharibəsində igidliyi ilə  tanınan, xain düşməndən qisas alan qeyrətli oğullardan biri də rayonun qədim Qıpçaq kəndində doğulub boya-başa çatan Mehdi Bəhram oğlu Ziyadov idi.  1992-ci ilin martında, işlədiyi Mingəçevir şəhərində könüllülərdən təşkil olunan birinci reyd taburuna yazılmış, iki ay xüsusi hazırlıq kursunda PDM-in nişançısı peşəsinə yiyələnmişdi. Təlim məşqlərindən sonra tabur Laçına köməyə göndərilmişdi. Oranı məcburiyyət qarşısında, həm də  sonuncu tərk edən tabura Goranboy istiqamətinə getmək əmri verilmişdi. Burada Canbaz  yüksəkliyinin, qəsəbənin alınmasında Mehdi xüsusilə fərqlənmişdi. O, artıq  PDM komandiri idi, həm adına, həm də igidliyinə görə döyüş yoldaşları ona “Mixaylo” deyirdilər. Uğurlu Goranboy əməliyyatından sonra Mehdi silah yoldaşlarını iyulun 26-da olacaq toyuna çağırmışdı. 1992-ci il iyunun 29-da hərbi hissə Füzuli istiqamətində  idi və  iyulun 1-də əks-hücuma keçmək əmri almışdı. Bu döyüşdə Mehdi  düşmən əsgərlərinin olduğu iki avtomaşını məhv etmiş, hərbi hissənin qruplarından birini mühasirəyə düşmək təhlükəsindən qurtarmışdı. Lakin həlak olan döyüş yoldaşının meyitini götürmək istəyəndə başından aldığı yaradan özü də həlak olmuşdur.

Mehdi 1992-ci il iyulun 3-də Qax şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Vaxtilə işlədiyi Mingəçevir şəhərində də onu unutmamışlar, orada rəmzi məzarı var..

“Xalq qəzeti”, “Azərbaycan”, “Xalq ordusu”, “Aydınlıq”, “Zaman”, “Səda”, “Şəlalə” qəzetlərində Mehdi haqqında yazılar dərc edilmişdir. “Mingəçevir işıqları” qəzetində dərc olunmuş ilk yazının müəllifi isə Milli Məclisin indiki deputatı Aydın Mirzəzadə idi.

Mehdinin döyüşdüyü  hərbi hissənin komandiri onun Milli Qəhrəman adına layiq görülməsi  barədə  Müdafiə  Nazirliyinə  təqdimat vermişdir. Lakin  Mehdi Ziyadov 2010-cu ildə, ölümündən 18 il sonra (!) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.

Mən Qax rayonu haqqında ensiklopedik məlumat kitabı üzərində  işləyərkən Mehdi Ziyadovun cəmi iki ay çəkən döyüş yolu barədə məlumatlarla tanışlıqdan sonra, 2016-cı ilin yanvarında müdafiə naziri general-polkovnik Zakir Həsənova məktubla müraciət etdim. Cəbhədə olduğu az müddətdə düşmənin bir PDM-ni, 40-dək canlı qüvvəsini məhv etmiş, qrupu mühasirəyə düşmək təhlükəsindən qurtarmış, sonda özü şəhid olmuş Mehdi Ziyadovun döyüşlərdəki igidliyinin layiqincə qiymətləndirilməsinə kömək göstərilməsini xahiş etdim. Fikrimcə, xalqımızın bu cəsur oğlu belə bir diqqətə layiqdir.

Vaqif MUSAYEV,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında